AZ

Mauro İkardi və “Qalatasaray” üçün tarixi rekord

Futbol üzrə Türkiyə Super Liqasının 33-cü turunun “Pendikspor”la ev oyunu “Qalatasaray” və hücumçusu Mauro İkardi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyundan 4:1 hesablı qələbə ilə ayrılmaqla zirvədəki mövqeyini qoruyub.

Bu oyunda “sarı-qırmızılar”ın ilk qolunu məhz İkardi vurub. Argentinalı hücumçu bu qol sayəsində yeni rekorda imza atıb. O, cari mövsümdə Super Liqada vurduğu qolların sayını 20-yə çatdırıb. Bununla da o, “Qalatasaray” tarixində ardıcıl iki liqa mövsümündə azı 20 qol vurmağı bacaran ilk əcnəbi futbolçu olub.

Xatırladaq ki, Mauro İkardi ötən mövsüm də Super Liqa oyunlarında 22 qola imza atmışdı.

Super Liqanın cari mövsümünün bombardirlər yarışında lider Edin Dzekoya (“Fənərbaxça”) çatan İkardi, rəsmi yarışlarda bütövlükdə 27 qoluna sevinib. Mauro İkardinin son 2 mövsümdə toplam qollarının sayı isə 50-yə çatıb.

“Qalatasaray” “Pendikspor”la oyundakı nəticə ilə 29-cu qələbəsini qazanıb. Cari mövsümdə 3 heç-heçəsi və 1 məğlubiyyəti olan bu komanda xalını 90-a çatdırıb. İstanbul təmsilçisi Super Liqada ardıcıl 14 qələbəsini qazanıb. Bununla da “Qalatasaray” ən uzun qələbə seriyası rekordunu təkrarlayıb. Ötən mövsüm Super Liqanın 12-ci və 25-ci turları arasında ardıcıl 14 matçda qalib gələrək “Beşiktaş”ın Super Liqa rekordunu qıran “Qalatasaray”, təxminən 1 il sonra bu uğurunu təkrarlayıb.

“Cim-Bom” Super Liqa çərçivəsində keçirdiyi son 21 matçda məğlub olmayıb. Bu mövsüm yeganə məğlubiyyətini 12-ci turda “Hatayspor”la səfər matçında görən “Qalatasaray” sonrakı 21 liqa matçında 19 qələbə və 2 heç-heçə əldə edib.

“Qalatasaray” bu mövsüm Super Liqada öz meydanında keçirdiyi bütün matçlarda qalib gəlib. Evdəki 17 matçın hamısında qalib gələn İstanbul nəhəngi liqada evdə heç bir xal itirməyən yeganə komandadır.

Super Liqanın lideri azarkeşləri önündə son liqa məğlubiyyətini ötən mövsüm “Girəsunspor”la matçda alıb. Ondan sonrakı 34 matçda uduzmayan “Qalatasaray” Super Liqada evində keçirdiyi son 20 matçda qalib gəlib. Bu oyunlarda 32 qələbə, 2 heç-heçə qeydə alınıb.

Bahar Rüstəmzadə

Seçilən
150
39
Mənbələr
Şərh ()
Bağla