AZ

İki TARİXİ hadisə: Azərbaycan dövləti Master Klass göstərdi- ŞƏRH

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclasında tərəflər bir sıra məsələlərdə razılığa gəliblər. Bunlardan ən əhəmiyyətlisi təbii ki, qeyri-anklav olan 4 kəndin Azərbaycana qaytarılmasıdır. Komissiyanın iclasında müəyyən edilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcək, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək. O da qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli, bu, Tərəflər arasında 15 may 2024-cü ilədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılıb, imzalanmalıdır. Bu isə o deməkdir ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılır. Delimitasiya komissiyasının bu razılaşması və qərarı Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.  Mövzunu "Sherg.az"-a dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, Qazaxın 4 kəndinin azad edilməsi Azərbaycan dövləti üçün çox böyük uğurdur. Əslində bu bizim üçün xarici siyasət sahəsində əhəmiyyətli bir addım sayıla bilər. Çünki, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalanmasında ən çətin məsələ o 4 kəndin azad edilməsi idi:"Artıq demək olar ki, sülhün önündə heç bir əngəl qalmayıb və mümkündür ki, COP-29 ərəfəsində sülh müqaviləsi imzalansın. Əslində bu gözlənilmirdi.  Çünki, rus ordusu Azərbaycandan çıxandan sonra, gözlənilən o idi ki,  Azərbaycan Ermənistanla  münasibətləri daha da gərginləşdirəcək. Amma  Azərbaycan bu məsələdə çox adekvat mövqey tutaraq, beynəlxalq siyasətdə  uğurlu bir yol seçdiyini nümayiş etdirdi. Çünki biz həm Rusiya ilə münasibətləri  normal saxladıq və rus ordusu Azərbaycan ərazisindən çıxdı, həm də Ermənistanla normallaşmaya gedirik".Politoloq vurğulayır ki,  Azərbaycanın artıq mübahisəli ərazisi qalmadı. Bundan sonra növbəti mərhələ sərhədlərin müəyyənləşməsi və Naxçıvana çıxış olacaq Zəngəzur dəhlizinin açılmasıdır:"Ümid edək ki, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və bölgədə sülh və əmin-amanlıq olacaq. Eyni zamanda Azərbaycan dövləti Master Klass göstərməklə, yəni, 4 kəndi azad etməklə və rus ordusunu da çıxarmaqla Qərbdən gələn təzyiqləri də azaltmış oldu. Bundan sonra Avropa İttifaqından və ya Qərb dünyasından  təzyiqlər səngiyəcək. Beləliklə, Azərbyacan ərazisindəki xarici hərbi qüvvələri çıxardaraq, öz suverenliyini daha da möhkəmləndirdi, sülh müqaviləsini imzalamağa çox yaxınlaşaraq, Qarabağda qələbəni legitimləşdirdi".

Seçilən
190
50
Mənbələr
Şərh ()
Bağla