AZ

“Fənər” avrokuboklarla yenə qələbə ilə vidalaşdı

İsmayıl Kartal son rəsmi oyunla müqayisədə heyətdə biri məcburi olmaqla 3 dəyişiklik etmişdi.

"Football-plus.az" xəbər verir ki, adı avrokubokların iştirak ərizəsində olmayan Sərdar Əzizin oynamaq şansı yox idisə, Çağlar Söyüncü ilə Kruniç ehtiyata qalmışdı. Onları uyğun olaraq, Bekao, Ciku və Şimanski əvəzləmişdi. Güclü azarkeş dəstəyinə malik olan İstanbul nəhəngi oyuna gözləniləndən də yaxşı başladı. Üstünlüyü ələ keçirən komanda artıq 11-ci dəqiqədə fanatlarını ayağa qaldırdı. Şimanskidən topu qəbul edərək sol ayağına çəkən İrfan Can yaxın küncü dəqiq nişan aldı. İlk yarıda daha bir gözəl fürsəti qapıçı ilə təkbətək qaldığı epizodda zərbə vurmaq əvəzinə ötürməyə üstünlük verən Tadiç əldən verdi. İlk hissədə çox zəif təsir bağışlayan və “çərçivə”yə bircə zərbə də endirə bilməyən qonaqlar fasilədən sonra bir qədər ayılsalar da, üstünlük yenə “Fənər”in tərəfində idi. İrfan Can 2-ci hissədə də komandasının heyətində ən fəallardan idi və daha iki fürsəti boşa verdi. Masurasın təkbətək qaldığı epizodda Livakoviç “Fənər”i xilas etdi. Batşuayinin 82-ci dəqiqədə vurduğu qol ofsayd üzündən sayılmadı və ümumi hesab bərabər olduğu üçün oyun əlavə vaxta getdi. Yeri gəlmişkən, Fredin əvəzlənərkən Kartala etirazını bildirməsi diqqəti çəkdi. Əlavə yarım saatda hər iki qapı önündə bir dəfə ciddi təhlükə yarandı. Qonaqların cərimə zərbəsi zamanı arxa dirəkdə dayanan İborranın baş zərbəsi dirəyə tuş gəldi. Qayıdan topu Karmo tamamlamağa çalışsa da, qapı xətti üzərində dayanan Ciku komandasını xilas etdi. Meydan sahiblərindən isə Tadiçin əlverişli vəziyyətdən zərbəsi “çərçivə”yə düşmədi. Penalti seriyasına “Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibarın yeni kəşfi olan Tsolakis damğa vurğu. Məhz Mendilibarın gəlişindən sonra əsas qapıçıya çevrilən 21 yaşlı əlcək sahibi cari mövsümdəki cəmi 8-ci rəsmi oyununa çıxmışdı! Buna baxmayaraq, o, üç ulduz futbolçunun – Tadiç, Cengiz Ündər və Bonuççinin zərbələrini dəf etməyi bacardı! Özü də Bonuççi son saniyələrdə təcrübəli futbolçu kimi məhz elə penalti seriyası üçün meydana çıxmışdı. Maraqlıdı ki, bu 3 futbolçunun hamısı topu eyni küncə - qapıçının soluna vurdu. Əslində 120 dəqiqə ərzində qol buraxmayan və penalti seriyasında 2 seyv edən Livakoviç də oyunu yüksək səviyyədə keçirdi. Amma bu dəfə onun qəhrəmanlığı işə yaramadı. Beləliklə, ötən mövsüm olduğu kimi, “Fənər” yenə evdə 1:0-lıq qələbədən sonra avrokubokla vidalaşmalı oldu. 2022/23-də “sarı-lacivərdlilər” AL-in 1/8 finalında evdə “Sevilya”nı bu hesabla yenib mübariəni dayandırmışdılar. Çünki ilk oyunda səfərdə 0:2 hesablı məğlubiyyət qeydə alınmışdı.

1/4 final, cavab oyunu
Fənərbaxça – Olimpiakos 1:0, p. - 2:3 (ilk oyun – 2:3)
İrfan Can Kahveci, 11.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Bekao (Çağlar Söyüncü, 100), Ciku, Fərdi Kadıoğlu, İsmayıl Yüksək (Bonuççi, 120+2), Fred (Zayts, 86), İrfan Can Kahveci (Cengiz Ündər, 86), Şimanski (Kruniç, 106), Tadiç, Ceko (Batşuayi, 74).
Olimpiakos (Yunanıstan): Tsolakis, Rodinei, Ntoi, Karmo, Orteqa (Riçards, 89), Hezze, Çikinyo (Orta, 109), Podense (Masuras, 64), Yovetiç (İborra, 46), Fortunis (Əl-Ərəbi, 109), Əl-Kaabi.

Faktlar
* “Fənərbaxça” avrokuboklarda 270-ci oyunundan 107-ci qələbə ilə ayrılmış oldu (55 bərabərlik, 108 məğlubiyyət, top fərqi – 366:384).
* “Fənərbaxça”nın KL-də keçirdiyi 18-ci qarşılaşmada da bərabərlik qeydə alınmadı (12 qələbə, 6 məğlubiyyət).
* “Fənərbaxça” avrokuboklarda evdəki son 9-cu oyunda 8-ci qələbəsini qazandı.
* “Fənərbaxça” 4-cü cəhddə ilk dəfə “Olimpiakos”u yenməyi bacardı (3 məğlubiyyət). İstanbul nəhəngi avrokubokların pley-offunda Yunanıstan təımsilçilərinə qarşı 3-cü dueldən də məğlub ayrıldı. “Fənər” daha öncə 2002/03-də UEFA kubokunda “Panatinaikos”, 2010/11-də AL-də PAOK səddini aşa bilməmişdi.
* “Fənərbaxça” tarixində 2-ci dəfə avrokubokda penalti seriyasında iştirak etdi. İlk belə hal 2007/08-də ÇL-in 1/8 finalında “Sevilya” ilə dueldə qeydə alınmışdı. Həmin seriya komanda üçün uğurlu olmuşdu.
* “Fənərbaxça”nın qələbəsi sayəsində Türkiyənin hesabına daha 0,5 əmsal əlavə olundu. Türkiyə cari mövsümü 12,000 əmsalla və 9-cu pillədə tamamladı. Bununla da Türkiyə ötənilki rekordunu (11,800 əmsal) yeniləmiş oldu.
* Təsnifat mərhələlərini saymasaq, “Fənərbaxça” indiyə qədər avrokubokların pley-offuna məğlubiyyətlə başladığı 25 halın hamısında (!) sonda mübarizəni dayandırıb.
* İrfan Can Kahveci “Fənərbaxça”nın heyətində avrokuboklarda 9-cu qolunu vuraraq yerli oyunçular arasında 2-ci pillədəki Semih Şəntürkə çatdı. Bu siyahıya 12 qolla Tuncay Şanlı başçılıq edir.

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Fanatlarımızın möhtəşəm dəstəyi ilə oyuna çox yaxşı başladıq. İlk yarıda tempimiz yüksək idi və ən əsası bizə lazım olan qolu vura bildik. İkinci hissədə də üstün olan biz idik. Sadəcə, ikinci qol gəlməyincə stress yaşamağa başladıq. Oyun əlavə vaxta gedəndən sonra məcburi dəyişikliklər etməli oldum. 2-ci qolu vuraraq mərhələni adlamaq istəyirdik. Penaltilərlə mübarizəni dayandırmaq çox üzücü oldu. Amma ortaya qoyduğu mübarizəyə görə komandama təşəkkür edirəm. Mərhələni keçməyə layiq olan tərəf biz idik. Amma 2-ci qolu vura bilmədiyimizə görə hədəfə çata bilmədik. Şimanski ilə Bekaonu məcburiyyətdən əvəzlədim. Fred isə zədədən yeni qayıdıb. Onu qorumaq və yorğun olmayan bir futbolçu ilə oyuna davam etmək istədik. Amma sonradan meydana çıxanların heç də hamısı ümidləri doğrultmadı. Ən yaxşı penalti vuran futbolçuları itirdik. Üstəlik Tadiçlə Bonuççi kimi penaltini, adətən, yaxşı yerinə yetirən və ən güvəndiyimiz oyunçular bu dəfə, təəssüf ki, zərbəni dəqiq vura bilmədilər”.
Xose Luis Mendilibar, “Olimpiakos”un baş məşqçisi: “Duyğularımı ifadə etməkdə çətinlik çəkirəm. “Fənərbaxça” bizə acı çəkdirdi. Xüsusilə də qol vurandan sonra. Amma sona qədər döyüşdük və dözdük. Sonda da mübarizəmizin qarşılığını aldıq. Qolu buraxandan sonra işimizin asan olmayacağı bəlli idi. Bizi böyük təzyiq altına saldılar. Düzdü, bizim də şanslarımız var idi. Əsas odu ki, penalti seriyasında da olsa, istəyimizə çatdıq. “Aston Villa”ya hazırlaşmağa hələ vaxtımız olacaq. İndi bir qədər dincəlib PAOK-la oyuna hazırlaşmalıyıq. Mən mövsümün gedişində əsas qapıçını dəyişməyi xoşlamıram. Amma bəzən istisnalar olur. Əvvəlki zamanlarda da bir-iki dəfə belə qərarlar vermişəm. Yaxşı performans göstərən qapıçı mütləq şans qazanmalıdı. Tsolakis əla formadadı və ümid edirəm ki, belə də davam edəcək”.

Seçilən
182
50
Mənbələr
Şərh ()
Bağla