AZ

7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə

7 yaşı olanda ehtiyatsız davranışı nəticəsində benzin çəni partlayır, dostu dünyasını dəyişir, o isə komaya düşür. 7 gün sonra komadan sonra ayılır. O hadisədən sonra tək görünüşü deyil, həm də həyatı dəyişir. 7 yaşından mübarizə aparır və bu gün 20 illik çətin yol keçib.

Müəllim olmaq arzusu olur, amma o hadisədən dolayı ixtisas seçimi də dəyişməli olur. Karyera planlarını reallaşdırmaq üçün əlindən gələni edir. Fərqliliyinin ona arzularını reallaşdırmaqda mane olmadığını düşünür. Söhbət Valyuta.az-ın müsahibi Ülkər Süleymanovadan gedir.

Qeyd edək ki, Ülkər hazırda “Bank VTB”-də proqramçı olaraq çalışır.

- Ülkər xanım, necə bir ailədə böyümüsünüz?

- 1996-cı ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuşam. Mehriban ailədə böyümüşəm. Şablon deyil, həqiqətən çox mehriban ailəmiz var. Anam və atam hər zaman bir-birinə qarşı diqqətli olublar. Onlar nə vaxtsa dava ediblərsə, küsüblərsə də, bizə hiss etdirməyiblər.

- O zaman uşaqları da sevgi dolu olub...

- Həqiqətən də elə idi. Mən sevilən, hər kəsin diqqətində olan uşaq idim. Məktəbə getdiyim andan yuxarı sinif şagirdləri gəlib məni əzizləyirdilər. O hadisədən sonra bunlar kəsildi.

- O hadisə nə zaman baş verdi?

- 2004-cü ilin mart ayı idi, 2-ci sinifdə oxuyurdum. 7 yaşım var idi, hələ 8-i tamamlamamışdım. Qonşunun həyətində benzin çəni ilə ehtiyatsız davranmağım nəticəsində bir partlayış oldu. Mənlə birlikdə qonşumuzdakı dostum o qəzaya düşdü. Təəssüf ki, o, rəhmətə getdi. Mən də belə davam edirəm.

- Benzin çəninin necə təhlükəli olduğunu bilmirdiniz?

- Burda çoxları valideyni günahlandıra, “Uşaqlara yetərli məlumat verməyiblər” kimi düşünə bilər. Mən valideynlərimi günahlandırmıram. Çünki həddindən artıq kasıb ailə olmuşuq. Valideynlərim yaxşı geyinməyimiz, kitab-dəftərimizin pulunu çıxarmaq üçün bütün gün çalışırdılar. Onlar bizi məlumatlandırmağa, detallı üzərimizdə işləməyə vaxt ayıra bilmirdilər.

- Sizin də həyatda qalmağınız şans məsələsi olub...

- Bu hadisə baş verdi, 7 gün Şəkidə xəstəxanada komada qaldım. Deyiblər ki, əgər 7 günü sağ çıxa bilsə, Bakıya apararsınız. 8-ci gün ayıldığım üçün Bakıya xəstəxanaya gəldik. Bakıya çatanda temperaturum 42 idi. Hər birini xatırlayıram, sanki son nəfəsimi verirdim. Oksigen balonu qoşmuşdular. 8-ci gündə artıq mənim mübarizəm başladı. Həyatda qalmaq, yaraları sağaltmaq üçün olan əməliyyatlar keçirdim.

- Bəs estetik əməliyyatlar necə, oldumu?

- İndiyə qədər yaraları sağaltmaq və estetik bir yerdə 30-a yaxın əməliyyat olmuşam. Amma estetik əməliyyatlar uğursuz oldu. Hadisə baş verəndən bir il sonra bir həkim bizə söz verdi ki, əməliyyat edəcək, tamam dəyişəcəm, yanıq izləri əvvəlki qədər qalmayacaq. Ailəm də o Ülkəri qaytarmaq istəyirdi. 6 ay ərzində bir neçə əməliyyat oldum, nəticədə daha da pis vəziyyətə gətirdilər. Ən sonuncu əməliyyatım 11-ci sinifdə oxuyanda əlimdə olub. Əvvəlki qeyri-peşəkarların uğursuz əməliyyatlara görə indi peşəkar həkimlər də bir effekt ala bilmir.

- 2-ci sinifdə oxuyan bir uşaq olaraq hadisədən sonra adaptasiya dövrünü necə keçdiniz?

- Adaptasiya dövrüm ailəmin məndən soruşmadan məni məktəbə göndərməsi ilə başladı. Əslində, öncə göndərmək istəməyiblər. Uşaqların içərisinə çıxanda narahat olacağımı düşünüblər, ancaq sonra düşünüblər ki, evə qapalı qalmağım daha pis olar. O hadisə mart ayında baş vermişdi, sentyabrda məktəbə başladım. İnanılmaz sevgi ilə qarşılandım. Sinif yoldaşlarım əlimdən tutub sinfə apardı. Yenidən bir mübarizəm orda da başladı.

- Yəni belə məqamda adaptasiyada ətrafın da önəmli rolu var. Müəllimin də, sinif yoldaşının da...

- Bəzən düşünürəm ki, bəlkə anam həmin məktəbdə müəllim idi deyə, məni xoş qarşıladılar. Bu hadisə müəllim uşağı olmayan birinin başına gəlsəydi, eyni sevgi ilə qarşılayardılar? Çox istəyərdim ki, elə olsun.

- Məktəbdə necə oxuyurduz?

- Yaxşı oxuyurdum, oxumağı çox sevirdim. Xəstəxanada olanda da vaxtımı riyaziyyat işləməklə keçirirdim. Xəstəxanada olsam da, uşaqlarla eyni vaxtda bütün proqramı tamamlamışdım. Ümumi məktəb dövründə texniki fənlərə marağım çox idi. Riyaziyyat, fizika, kimyada dərsdən əlavə testlər işləyirdim. Hər zaman təkrara vaxt ayırmışam. Oxumaq mənim üçün önəmli olub. Həmçinin geri qalmağı xoşlamırdım. İçimdə bir rəqabət hissi var idi.

- Riyaziyyatı yaxşı oxuyurdunuz. Ailəniz sizi riyaziyyat müəllimi kimi görürdü?

- (Gülür) Anam da, xalalarım da riyaziyyat müəllimidir. Mənim də o yolda getməyimi planlayırdılar, amma mən istəmirdim. Sadəcə o anda mən istəklərimi deyə bilmirdim. Çünki, bir kəlmə dediyim anda ağlamaq tuturdu, fikrimi deyə bilmirdim. Bu cür deyib də valideynlərimi kədərləndirmək istəmirdim. Çünki o hadisə mənim qədər valideynlərimə də təsir etmişdi. Bu il o hadisədən 20 il keçir. Biz bu hadisə haqqında evdə danışmamışıq. Bir-birimizi incitməkdən qorxmuşuq. Əslində, danışılmalıdır. Susduqca daha dərin izlər buraxır. Yəni ailəmizdə bu cür yanaşma var. Amma sonunda qərara gəldim ki, ağlaya-ağlaya olsa da, fikrimi deyəcəm. Valideynlərimə istəyimi demək bir az zaman aldı. O zaman isə artıq mən Şəkidə Müəllimlər İnsitutunda Riyaziyyat-informatika fakültəsində oxuyurdum.

- Niyə müəllim olmaq istəmirdiniz?

- Əslində, uşaq vaxtı müəllim olmaq istəyirdim. Sonra istəməmə səbəbim o ankı duruma görə idi. Valideynlərim məni küçədə görmürdülər. Uşaqlar toplaşırlar, əl edib göstərirlər. Yaxud da o uşaqların hansı dünyagörüşdə valideynləri olacağını da bilmirsiniz. Mən müəllim olub auditoriyaya girərəm, bəlkə də, uşaqlar məni xoş qarşılayar, amma sabah valideynlər gələr ki, mənim uşağıma başqa cür təsir edir. “Front of class” adlı film var, orada valideynlər sırf həmin hərəkəti edir. Düzdür, filmdəki müəllim mübarizə aparır, uşaqlar onu çox sevir. Mən eyni situasiyaya düşmək istəmirdim. Bir gülüş, bir hərəkət belə mənfi təsir edərdi. Xüsusən də terapevt yanına getməmişdim. Bunun öhdəsindən tək necə gələrdim?

- Bəs hansı sahə üzrə təhsil almaq fikriniz var idi?

- Əslində Bakıda Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) oxumaq istəyirdim. Balım bu universitetə düşməyə imkan verirdi və ordan özümə uyğun ixtisas seçə bilərdim. Ancaq ailəmin seçimi belə oldu ki, müəllimlik olsun, yanımızda ol. Bəzən düşünürəm ki, bəlkə də o an üçün ən doğru seçim elə Şəki idi. Orta məktəbdən çıxan kimi böyük bir şəhərə gəlsəydim, adaptasiyam çətin ola bilərdi. Amma 4 ilimi itirmiş kimi düşünürəm. Həmin 4 ildə Şəkidə sosiallaşa biləcəyim heç nə yox idi. Daha çox layihədə iştirak edərdim, könüllü olardım, debat klublara gedərdim.

- Tələbə mühitində necə oldu? Burda müəllim övladı deyildiz.

- Ən çox yaşlı nəslin baxışlarını, hər zaman sual verməklərini görürdüm. Üzünə baxırlar, yazıqları gəlir, udqunurlar. Nə oldu? Nə baş verdi? Niyə əməliyyat etdirmirsiz? – kimi suallar verirdilər. Ən sevmədiyim sual isə “Niyə əməliyyat etdirmirsiniz?”dir. Deyirlər ki, səhiyyə çox inkişaf edib, bunları etmək olar. Düşünmürlər ki, mənim həyatımda o sualın altında olan o qədər cavab var ki. Siz o cavabları bilmirsiniz. O sualı verdiyinizdə hər dəfə mən incidirsiniz. Belə baxanda o qədər də məlumatsız qadına oxşamıram ki, bunları araşdırmayım, axtarmayım. Düşünürəm ki, əgər sizdən bir şey soruşuramsa, mənim sizə faydam olacaqsa, onu soruşmalıyam.

- Şəkidəki tələbəlik sizə nə qatdı?

- Şəkidə universitetdə bir müəllim mənə demişdi ki, yetərsizsən. Onda özümə söz verdim ki, mən özümə sübut edəcəm ki, o deyildim, mən buyam. O dövrdə daha mübariz olmağı öyrəndim. Mənə “Bunu edə bilməyəcəksən” deyəndə alternativ yollar axtarıram.

- Bakıya gəlməyiniz necə oldu bəs?

- Bakıya gəlmək üçün çıxış yolum magistr təhsili almaq idi. Təqaüd pulumu yığırdım, özüm də magistraturaya hazırlaşdım. Hər kəs düşünürdü ki, görəsən necə yazacaq? Mən isə düşünürdüm ki, kimsə məni görüb həyəcanlanıb yazmaya bilər? İndi anlayıram ki, başqalarını bu qədər dərindən düşünmək insanın özünə ziyan verir. İmtahanda o qədər stress keçirdim ki, bədənim əsirdi. 93 bal yığmışdım, amma təəssüf ki, qəbul olmadım. Qəbul balları o zaman daha yüksək oldu. Həyatımda bəlkə də aldığım ən böyük zərbələrdən ikincisi magistraturaya qəbul olmamağım idi. Və yenə mənim möhtəşəm ailəm dedi ki, sən onsuz da pulunu yığmısan, Bakıda kursa gedə və hazırlaşıb yenidən qəbul ola bilərsən. 2017-ci ildə Bakıya gəldim və mənim üçün bir yeni savaş başladı.

Seçilən
150
6
Mənbələr
Şərh ()
Bağla