AZ

“Ukraynanı İsrail səviyyəsində müdafiə etməyəcəyik" - ABŞ-dan açıq söz...

Elxan Şıxəliyev: “Düşünürlər, Zelenski özü elə bir vəziyyətə gəlməlidir ki, müharibənin dayanmasını istəsin”Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya raket hücumlarını nə üçün birbaşa dəf etməməsi ilə bağlı suala cavabında deyib ki, biz Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin edirdik. Təəssüf ki, hazırda bunu edə bilmirik:“Mən bu sualı gözləyirdim. Fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhlükə mənzərəsi".O xatırladıb ki, Ağ Ev rəhbəri Co Bayden Ukraynadakı münaqişənin əvvəlindən ABŞ-ın münaqişəyə “döyüş rolunda” qarışmaq niyyətində olmadığını açıq şəkildə bildirib.Qeyd edək ki, İsrailə PUA və raket hücumlarının dəf edilməsində iştirak edən ABŞ ordusunun nə üçün Ukrayna konfliktində belə rol almaması ilə bağlı müəyyən suallar yaranıb.Kirbinin açıqlaması maraq doğurur. ABŞ rəsmisi İsraillə Ukraynanın düşdüyü vəziyyəti  kəskin fərqləndirir və bundan çıxış edərək, rəsmi Kiyevi lazımi müdafiə etməyəcəyi ilə bağlı xəbərdarlıq edir. Bir daha sübut olunur ki, sanki Ukraynanı taleyin ümidinə buraxıblar. Hər iki ölkə kənardan təcavüzə məruz qalırsa, ABŞ niyə Ukrayna ilə İsrailə münasibətdə fərqli mövqe ortaya qoyur?Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın Ukrayna - Rusiya müharibəsi fonunda belə münasibət sərgiləməsi gözlənilən idi: “Ukrayna prezidentinin gözləntiləri özünü doğrultmadı. Zelenski müharibənin gedişatının ABŞ və Qərb koalisiyasının üzərindən, onların dəstəyi ilə uğurlu olacağını düşünürdü. Bir müddət sonra, müharibənin 783-cü günündə ABŞ belə qərara gəldi ki, müharibənin dəstəkləməsinə 200 milyard dollar vəsait xərclənsə də, Ukrayna müharibə teatrını öz lehinə çevirə bilmir. Ən yaxşı halda, dayanıqlı müdafiə əməliyyatlarını icra edir. Ukrayna isə ABŞ və Qərbdən elə dəstək istəyir ki, gedib 1991-ci illərin sərhədlərinə çıxa bilsin. Bu hədəfə nail olmaq üçün Ukraynaya azı iki il vaxt lazım ola bilər. Bu müddət üçün də ən azından 200 milyard əlavə vəsait xərclənməlidir. ABŞ bu mesajı ilə Ukraynaya çatdırmaq istəyir ki, çox da həvəslənməsin. Onlar anlayır ki, Rusiya ilə uzun sürən müharibə belə onları qalib etməyəcək. Digər tərəfdən isə, İsrail-HƏMAS münaqişəsi qızışıb və ABŞ üçün faktiki olaraq ikinci cəbhə açılıb. ABŞ üçün İsrail daha böyük önəm daşıyır. Ona görə bəslənən fərqli münasibət bir qədər başadüşüləndi. Ukrayna istəklərini artıraraq ABŞ-dan F-16, “Patriot” və başqa bahalı silahlar istəyir. ABŞ ehtiyatlandı ki, Ukrayna bu silahlarla Rusiyanın dərinliyində olan hədəflərə zərbələr endirə bilər. Buna görə fikirlərini dəyişdilər. ABŞ rəsmiləri açıq bəyan etdilər ki, Rusiyanın neft emalı zavodlarını hədəf almaq arzuolunan deyil. Çünki bunun dünya iqtisadiyyatına təsiri var. ABŞ düşünür ki, müharibə dayansa, bu ona sərfəlidir. Çünki nəticədə Ukrayna iki yerə bölünəcək. Bir hissədən onlar öz təhlükəsizliyi üçün istifadə edəcək. ABŞ müharibəni praqmatik hesablar üzərində qurur. Düşünürlər, Zelenski özü elə bir vəziyyətə gəlməlidir ki, müharibənin dayanmasını istəsin. Türkiyə də bu istiqamətdə addımlar atır. Təminatın azaldılması bu səbəblə bağlıdır. Gördülər ki, sanksiyalar da Rusiyanın əzmini qırmadı. Rusiya bütün bunları hiss etdiyi üçün təzyiqi daha da artırır. Ən azından, müharibənin minimum bir il davam edəcəyini gözləməliyik”.Məhəmmədəli QƏRİBLİ

Seçilən
222
50
Mənbələr
Şərh ()
Bağla