AZ

Paris-2024-ün məşəli alovlandırıldı

Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli yandırılıb.

Dördilliyin ən mötəbər multi-idman yarışının rəmzi Yunanıstandakı qədim Olimpiyada günəş şüalarından alovlandırılıb.

Olimpiadanın açılışına 3,5 aydan az vaxt qalmış yandırılan məşəl Akropoldan Fransa Polineziyasına qədər səyahət edərək iyulun 26-da Parisdəki açılış mərasiminə çatdırılacaq. Koronavirus pandemiyasından sonra ilk dəfə tədbir ictimaiyyət üçün açıq olacaq. Tokio-2020 və Pekin-2022-də məşəlin alovlandırılması qapalı təşkil edilib.

Mərasimə 600-ə yaxın yüksək vəzifəli nümayəndə qatılıb. Nümayəndə heyətinə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Katerina Sakellaropulu və onun Beynəlxalq Olimpiya Komitəsindəki həmkarı Tomas Bax rəhbərlik ediblər.

Olimpiya estafetində məşəli ilk daşıyan Tokio-2020-nin çempionu Stefanos Douskos olub. Yunanıstanlı Yaponiyada avarçəkmə üzrə olimpiya çempionu olub. Fransanın ilk məşəlçisinin Afina-2004-ün çempionu üzgüçü Lora Manadu olacağı planlaşdırılıb.

Məşəl Yunanıstanda 11 gün səyahət edəcək. Bu müddətdə 600 estafetçi təxminən 5000 km qaçaraq onu 41 məntəqəyə daşıyacaq.

Aprelin 26-da məşəl 1896-cı ildəki ilk Olimpiya Oyunlarının keçirildiyi “Panatinaikos” stadionunda Paris-2024-ün təşkilatçılarına ötürüləcək. Olimpiya rəmzi oradan “Belem” yelkənli qayığı ilə Marselə aparılacaq və Fransada 12 min km qət edərək 400-ə yaxın şəhəri gəzəcək.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi iyulun 26-da Sena çayı üzərindəki “Jardins du Trocadero”da baş tutacaq.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla