AZ

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Katarakta

Bakı, 16 aprel, AZƏRTAC

Katarakta xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığortanın xidmətlər zərfi ilə qarşılanır. Vətəndaşlar ixtisaslı həkim müayinəsi, funksional-diaqnostik müayinələr və cərrahi əməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü il ərzində 35 min 791 sayda katarakta əməliyyatı icra olunub. Bunların 28 min 619-u özəl, 7 min 172-si dövlət tibb müəssisələrinin payına düşür.

Kataraktanın müayinə və müalicəsi həkim-oftalmoloq tərəfindən aparılır. Göz strukturlarının və görmə qabiliyyətinin müəyyənləşdirilməsi, göz təzyiqinin ölçülməsi, göz dibinin müayinəsi, ön kameranın dərinliyinin, büllurun qalınlığının, gözün uzunluğunun müəyyənləşdirilməsi və digər müayinə metodları həmin xəstəliyin diaqnozunu təsdiqləməyə imkan verir.

Katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyə başlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkün deyil. Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir. Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq süni büllurla, yəni “göziçi linza”larla əvəz edilir. Cərrahi əməliyyatla yanaşı, əməliyyat zamanı istifadə edilən linzaların, dərmanın və tibbi sərfin xərcləri icbari tibbi sığorta ilə ödənir. ABŞ istehsalı olan “göziçi linzalar” da sığorta ilə təminata alınıb. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində icra olunan katarakta əməliyyatları zamanı vətəndaşların seçiminə əsasən Almaniya, İtaliya, Türkiyə, Çin və Hindistan istehsalı linzalardan da istifadə olunur.

Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda bilər.

El arasında “mirvari suyu” adlandırılan katarakta xəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən göz xəstəliklərindəndir. Katarakta göz bəbəyinin arxasındakı büllurun şəffaflığını itirərək bulanıq görməyə səbəb olur. Xəstəliyin əsas əlamətləri görmənin “tərləyən şüşədən görmə” kimi bulanıqlaşması, görmə kəskinliyinin və rəng görmə qabiliyyətinin azalması, gecə görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır. Katarakta anadangəlmə (irsi) və ya qazanılmış ola bilir.

İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
11
azertag.az

9Mənbələr