AZ

Rusiya Ukraynanın yeraltı qaz anbarlarını hədəf aldı, Avropada qaz bahalaşdı

Bu gün Rusiyanın Ukraynanın iki yeraltı qaz anbarına endirdiyi zərbələr Avropada qazın qiymətinin artmasına səbəb olub. Musavat.com Bloombergə istinadən xəbər verir ki, Avropada qaz fyuçersləri 7,1 faiz bahalaşıb ki, bu da son iki gündəki azalmanı artıqlaması ilə kompensasiya edib.

Ukraynanın “Naftoqaz” QSC-nin baş icraçı direktoru Aleksey Çernışovun sözlərinə görə, ekspertlər atəşin nəticələrini qiymətləndirdiyi müddətdə anbarlar fəaliyyətini davam etdirir.

Jurnalistlər qeyd edirlər ki, bu, Rusiyanın Ukraynanın qaz anbarlarına dördüncü hücumudur. Hələlik zərbələr obyektlərin işinə təsir etməyib. Bununla belə, onlar bu yay Avropada anbarlar dolacağı təqdirdə əlavə həcmlərin ölkənin qaz anbarlarına yığılması üçün potensial risk yarandığını vurğulayırlar. Ukrayna Rusiyanın qərbində yerləşməklə qitənin hər hansı digər ölkəsindən daha çox qaz saxlama qabiliyyətinə malikdir və aktiv şəkildə treyderləri tədarük ehtiyatı yaratmağa cəlb edir.
Ukrayna anbarları ölkənin qərbində, Avropa İttifaqı ilə həmsərhəd hissəsində, yerin iki kilometrə qədər dərinliyində yerləşir. Onlar həm də ölkənin onilliklər boyu Rusiya enerjisi üçün tranzit marşrutu roluna görə blokun şəbəkələrinə qoşulublar.

Rusiyanın 2022-ci ildəki genişmiqyaslı işğalından sonra Ukraynada saxlanılan qazın həcmi demək olar ki, sıfıra düşüb, lakin Shell Plc və DXT Commodities kimi şirkətlər Ukrayna anbarlarından istifadə etdiyi üçün keçən ildən yenidən artıb. Bu yaxınlarda “Naftoqaz” bir sıra digər şirkətlərlə əməkdaşlıqla bağlı danışıqlar aparıb. Ukrayna treyderlərə 10 milyard kubmetrə qədər ehtiyat saxlamağı təklif edir. Beynəlxalq şirkətlərin rezerv edə biləcəyi həcm ölkənin ümumi tutumunun təxminən üçdə birini təşkil edir.

Jurnalistlərin fikrincə, Avropa istilik mövsümündən qeyri-adi yüksək qaz ehtiyatları ilə çıxsa da, treyderlər yüksək volatillikdən və tədarükün kəsilməsindən ehtiyat edirlər. Bunun səbəbi odur ki, hazırda region geniş çeşiddə qlobal təchizatçılardan yanacaq alır.

"Ukrtransgaz" ASC Avropada yeraltı qaz anbarlarının ən güclü şəbəkələrindən birinə malikdir. Hazırda 11 yeraltı qaz anbarı fəaliyyətdədir və daha 1 anbar balansdadır, lakin müvəqqəti nəzarət olunmayan ərazidə (Luqansk vilayəti) yerləşir. Yeraltı qaz anbarlarının ümumi aktiv tutumu 31 milyard kubmetrdir.
“Naftoqaz” qrupu aprelin əvvəlində yeraltı anbarlara qazın vurulması mövsümünə başladığını elan edib. 

Musavat.com

Seçilən
133
39
Mənbələr
Şərh ()
Bağla