AZ

Cənubi Qafqaz: geosiyasi təsirlər fonunda

I MƏQALƏ
Postmüharibə mərhələsi
Postmüharibə mərhələsində Cənubi Qafqazın geosiyasi mənzərəsinə nikbin yanaşanlar az deyil. Azərbaycan II Qara­bağ savaşından sonra regional miqyas­da pozitiv geosiyasi ab-hava yaratmışdır. Bunun fonunda Bakının burada geosi­yasi rolu yeni səviyyəyə yüksəlmişdir. Hazırda Azərbaycan Türkiyə ilə birlikdə regional geosiyasətin aparıcı konstruktiv istiqamətini həyata keçirir. 
Lakin belə görünür ki, məhz bu ge­dişat bir sıra böyük dövlətləri qane et­mir. Onlar öz ssenarilərinə uyğun ola­raq faktiki surətdə regionu parçalayan xətti dirçəltməyə çalışırlar. Bunun üçün isə həmişə olduğu kimi, öz “maşa”ların­dan – ermənilərdən istifadə edirlər. Bu baxımdan vəziyyət kifayət qədər cid­di və təhlükəlidir. Meydana yeni risklər çıxır. Regional miqyasda təhlükələrdən Azərbaycan Prezidenti İlham Əliyev də konkret danışmışdır. Rəsmi Ankara na­rahatlığını bildirmişdir. Rusiya tərəfdən həyəcanlı informasiyalar gəlməkdədir. Deməli, dərinlərdə elə proseslər baş ve­rir ki, onların tam təzahürləri hələ olmasa da, yaratdıqları riskləri hiss edirlər. Bura­da təsirlər üç istiqamətdəndir.
Birinci istiqamət: Qərbin Ukrayna və Qəzza fiaskosu
Qərbin Cənubi Qafqazda fəallaşdığı haqqında media vasitələri, demək olar ki, hər gün yazırlar. İndi həmin fəallıq yeni səviyyəyə keçmişdir. Əgər əvvəllər Qərb dövlətləri (ABŞ+Aİ üzvləri) daha çox informasiya, diplomatiya və xəbər­darlıq üsullarından istifadə edirdilərsə, indi bunlara real hərbi-təxribat və hibrid xarakterli addımları əlavə etmişlər. Bu prosesdə, hələlik, aparıcı rolu Fransa oynayır. Həm də bu dəfə qəribədir ki, təsir dairəsini bir qədər də geniş götür­müşdür – bütövlükdə, postsovet məkanı. Rusiyadakı terrorda rəsmi Moskvanın E.Makronu günahlandırması bu baxım­dan bir qədər gözlənilməz oldu. Çünki in­diki geosiyasi qarışıqlıqda Fransa dövlə­tinin terrorla postsovet məkanında nəyə nail ola biləcəyi qeyri-müəyyəndir. Üstə­lik, Ukraynada vəziyyət getdikcə Qərb üçün xoşagəlməz hal alır.
Hər halda, indi Rusiyadakı terror priz­masında Cənubi Qafqazda da təhlükələ­rin meydana gəldiyindən bəhs edirlər. Ay­rıca, Azərbaycan xüsusi xidmət orqanları da ola biləcək risklərdən bəhs etmişdir. Deməli, siyasətin hansısa qatında geniş bir məkanda geosiyasi konfrontasiya kur­sunu yeni mərhələyə keçirməkdədirlər ki, Cənubi Qafqaz o proseslərin episentri tə­siri bağışlayır. 
Qərbin bu cür oynaması yalnız de­mokratiya və liberalizm üçün deyil, bü­tövlükdə, dünya təhlükəsizliyi üçün çox təhlükəlidir. Bu prizmadan baxanda Brüs­seldə ABŞ, Aİ və Ermənistan nümayən­dələrinin görüşməsi həmin təhlükənin konkret nümunəsi kimi görünür. Bu görüş regional təhlükəsizlik üçün birbaşa risk­dir. Orada hansı razılığa gəlinməsindən çox, görüşün formatı və müzakirə möv­zusu düşündürücüdür. Çünki Brüsseldə Cənubi Qafqazın geosiyasi taleyi ilə bağlı məsələləri bu regiondan olan tək Ermə­nistanla müzakirə edib, hansısa qərar vemək bəri başdan pozucu fəaliyyətdir. Gürcüstan bununla bağlı səsini çıxarmır. Səbəbini başa düşürük. Lakin rəsmi Tbi­lisi anlamalıdır ki, indi ona əhəmiyyətsiz görünən proses sonradan dərin fəsad­lara yol aça bilər. Ən azı ona görə ki, region üçün vacib saydıqları problemləri Tbilisi olmadan müzakirə etmişlər. Ola bilsin ki, burada Gürcüstan rəhbərliyi Ru­siya faktorunu nəzərə alır. Lakin təcrübə göstərir ki, bu cür fəndlərin təsir müddəti çox qısa olur. Yalançının yaddaşı kimi...
Azərbaycanın reaksiyası isə özünə hörmət edən müstəqil dövlətin davranı­şına nümunədir. Prezident İlham Əliyev görüş ərəfəsi aydın ifadə etdi ki, Brüssel­də nəzərdə tutulan görüş formatı regio­nun geosiyasi maraqlarına cavab vermir. Orada bir sıra risklər mövcuddur. Həmin sırada Azərbaycanı regionda geosiyasi təcrid etmək niyyəti də vardır. Bunun fo­nunda Brüsseldə kimin kimə nə qədər pul verəcəyi və ya hansı artilleriyanı ermə­nilərə satacağı elə də əhəmiyyətli deyil. Çünki Azərbaycan həm maliyyədə, həm də hərbi gücdə Ermənistanı bir neçə dəfə qabaqlayır və yeri gələrsə, bu fərqi daha da artıra bilər. Bu tezisi təsdiq edən fakt­ları irəlidə vurğulayacağıq.
Azərbaycan və bütövlükdə, region üçün riskli olanı məhz həmin görüş for­matının regionun iki dövlətini arxa plana atmaq cəhdi ilə bağlıdır. Bəs bu, Qərbin nəyinə lazımdır? Avropa və ABŞ indi nə­dən ehtiyat edirlər?
Məsələ ondan ibarətdir ki, Qərb qlo­bal miqyasda daha çətin və mürəkkəb duruma düşmüşdür. O, iki istiqamətdən ciddi zərbələr alır. Birincisi, Ukrayna planı fiaskoya uğramışdır. Avropalı vergiverən­lər pullarının hara getdiyini öz hökumətlə­rindən soruşmağa başlamışlar. Ukrayna ordusu cəbhədə əvvəlki kimi inamlı dö­yüşə bilmir. V.Zelenski artıq hərbi qələbə­dən yox, danışıqların dünya formatından dəm vurur. Bu zaman da özünün yanlış strateji xəttini deyil, ona yardım edən bö­yük dövlətləri günahlandırmağa çalışır. Bu, aydın surətdə diqqəti kənara çəkmək cəhdindən başqa bir şey deyil. Və Ukray­na kimi bir dövlətin və xalqın bu vəziyyətə düşməsində Qərbin təqsiri çox böyükdür. Məhz onların şişirdilmiş dəstək mesaj­ları, vəziyyəti Rusiya üçün pisləşdirmək niyyətləri Ukraynanı və onunla birlikdə, bütövlükdə, Şərqi Avropanı mürəkkəb duruma saldı. 
İkinci zərbəni Qərb Yaxın Şərqdə HƏMAS-dan alır. İsrailin Qəzzaya hü­cumu ərəfəsi Qərbin bütün güclü dövlət­ləri Tel-Əvivin yanında olduğunu bəyan etdilər, regiona hərbi texnika və silah göndərdilər. Hətta ABŞ göndərdiyi yardı­mı reklam da etdi. Lakin getdikcə aydın oldu ki, Yaxın Şərqdə də Qərbin geosiya­si fiaskosu gözlənilir. İsrail indiyədək nə müharibəni uda bildi, nə də HƏMAS-ın müqavimətini qırmağı bacardı. Aldığı hərbi zərbələr və meydana gələn ölümlər və dağıntılar Qərbi yenidən düşünməyə məcbur edir. İndi ABŞ və Avropa İsrai­li inandırmağa çalışırlar ki, müharibəni dayandırıb, danışıqlara başlamaq lazım­dır. Həmin danışıqlarda HƏMAS-ın mü­naqişə öncəsi dediyi bir məsələ təsdiqini tapır. HƏMAS bəyan etmişdi ki, danışıq­lar olacaq və İsrail bütün əsir fələstinliləri buraxacaq. Bu proses indi yavaş-yavaş gedir. Son məlumatlarda isə İsrailin Qəz­zanın cənubundan qoşunları çıxarmaq məcburiyyətində qaldığı ifadə edilir.
Bu gedişatın geosiyasi ifadəsi ondan ibarətdir ki, Qərb artıq Yaxın Şərqdə İsra­il – HƏMAS münaqişəsinin fonunda ge­osiyasi iflasa uğramaqdadır. İndi onların dərdi İsrailin bu savaşdan necə salamat çıxarılması ilə bağlıdır. Bəs, bunu necə etmək olar?
Əgər Qərb üçün yaranmış geosiyasi vəziyyətə Ukrayna ilə Fələstin məsələlə­rinin sintezindən baxsaq, görərik ki, Qərb yeni münaqişə ocaqları yaratmaqla həm Ukrayna, həm də İsrail məsələlərini arxa plana atmağa çalışa bilər. Əks-halda nə Şərqi Avropada, nə də Yaxın Şərqdə uğura nail ola bilməyən siyasi və geosi­yasi dairələr Cənubi Qafqaz kimi mürək­kəb bir məkanda vəziyyəti kökündən də­yişə bilər? Hansı arqumentə görə, kimsə hesab edə bilər ki, Qərb Cənubi Qafqaz­da bir tərəfdən Azərbaycan – Türkiyə bir­liyinə, digər tərəfdən isə Rusiyaya qalib gələ bilər? Gücü olsaydı, Ukraynada təklənmiş Rusiyaya qalib gələrdi. Və ya bir təşkilat olan HƏMAS-la mübarizədə üstünlük əldə edərdi. Bunların əvəzində hazırda gülünc vəziyyətdə qaşqabağını sallayıb durur. Eyni zamanda, barmaq­larını Cənubi Qafqaz tərəfə uzatmaqdan da çəkinmir.
Beləliklə, indi Brüsseldə “maşa” Er­mənistana pul və hərbi silah vəd edən Qərb əlində yağ olsaydı, Şərqi Avropa və Yaxın Şərqdəki uğursuzluğuna görə öz başına çəkərdi. Buradan Brüssel şou­sunun əsas məqsədi aydın olur: Cənubi Qafqazda qarışıqlıq yaratmaq! Ermənis­tanın qələbəsindən söhbət gedə bilməz. Rusiyanı burada sıxışdırmaq absurd xülyadır. Türkiyə – Azərbaycan tande­mini zəiflətmək də xam xəyaldır (faktlar indidən bunu təsdiq edir). Bəs, regionda su bulandırmağın Qərbə nə faydası ola bilər? 
Bircə faydası ola bilər: Avrasiya mə­kanında geosiyasi ziddiyyətli situasiya yaradıb, prosesləri xaotik dinamikada idarə etmək imkanı qazanmaq. Bu xao­tik dinamika isə ABŞ və Avropaya fürsət düşəndə əsas olaraq Çin istiqamətində hücuma keçməklə bağlıdır. Təbii ki, “yol üstündə” Rusiya ilə də haq-hesabı çürüt­mək fəna olmazdı. 
Lakin, məncə, Uinston Çörçill bu məsələdə də haqlıdır ki, amerikalılar yalnız bütün yanlış yolları sınaqdan ke­çirəndən sonra düzgün qərar verə bilirlər! Bu da ABŞ-ın növbəti yanlış hesabları və proqnozlarıdır. Bu tezis ritorikadan və ya kimlərəsə mənfi münasibətdən yaran­mamışdır. Cənubi Qafqazda realpolitika prizmasında güclərin müqayisəsindən yaranmışdır. Konkret faktlara keçək. 
Həmin faktlar regiona olan ikinci və üçüncü istiqamətlərdən qaynaqlandığın­dan onlara öncə ayrı-ayrılıqda baxaq.
İkinci istiqamət: “rus ruleti” 
Beləliklə, Qərbin Brüsseldə ermə­nilərə verdikləri vədlər Cənubi Qafqazda ürək bulandırır və aranı qatmağa yönəl­mişdir. Buna Rusiyanın çevik reaksiyası gözlənilən idi. Moskva reaksiya verdi, la­kin adəti üzrə ağılla deyil, hiss və duyğu­sallıqla. Rusiyanın rəsmi adamları, faktiki olaraq, Qərbə qarğış edir və hədələyirlər. Terror aktında verilən itkilərin emosional təsiri ilə çox sərt ifadələr işlədirlər. Lakin bununla kifayətlənmirlər. Onlar Cənubi Qafqaza geniş diplomatik desant atmış­lar. Rusiya burada geosiyasi vəziyyəti öz xeyrinə saxlamaq istiqamətində konk­ret addımlar atmağa başlamışdır. La­kin, təəssüf ki, həmin addımlar ənənəvi olaraq “rus ruleti”ni xatırladır. Yəni, yeni konstruktiv, regionda geosiyasi vəziyyəti daha pozitiv edə biləcək təklif eşidilmir. Əvvəlki “arqumentlər” təkrar olunur: “rus dünyası”, “rus dili”, “rus mədəniyyəti” və s. 
Reallıqda bunlar mövcud geosiysi və­ziyyətə uyğun olmayan “arqumentlər”dir. Çünki indi söhbət müstəqil dövlətlərdən gedir. Ayrıca, Azərbaycanla Rusiya stra­teji müttəfiqlərdir, biri digərindən asılı deyildir. Azərbaycan həmişə konkret, qarşılıqlı fayda verən proqramlar üzrə Rusiya ilə əməkdaşlığa hazırdır. Lakin indi, bütövlükdə, Qərbin təxribatları fo­nunda kiminsə Cənubi Qafqazda öz dün­yası, mədəniyyəti və dilini yaratması xam xülyadır. Belə çıxır ki, Moskva Cənubi Qafqazda müəyyən mənada özü-özü ilə “rus ruleti” oynayır. 
Bu da riskli və təhlükəli ola bilər. Lakin Cənubi Qafqazda Rusiyanın geosiyasi maraqlarının olmadığını kimsə deyə bil­məz. Moskvanın burada maraqları vardır və onun təmin olunması üçün mübarizə apara bilər. O da faktdır ki, Rusiyanın bu regionda həqiqi və real strateji müttəfiqi yalnız Azərbaycandır. Ermənistan ikili oyun oyun oynaya-oynaya quyunun kə­narına çatmışdır. Bir dəfə də “geosiyasi rəqs” etsə, quyuya yuvarlanacaq. Zatən, Ermənistanın real geosiyasi oyunçu ol­maq potensialı və real gücü də yoxdur. Bunu indi, hətta, bir sıra erməni ekspert­lər də etiraf edirlər. Onlar “Ermənistan qudurmuşdur” ifadəsini tez-tez işlədirlər.
Gürcüstanın da Rusiyaya strateji müttəfiq olması absurddur. Rəsmi Tbili­si bütün manevrlərinə baxmayaraq, bir­mənalı Qərbə istiqamətlənmişdir. Gürcü cəmiyyəti Avropa İttifaqına üzv deyil, na­mizəd olmağı böyük sevinclə qarşılamış­lar. Gürcüstan rəsmiləri rəsmi görüşlərdə Gürcüstan bayrağının yanına Rusiyanın deyil, Aİ-nin bayrağını qoyurlar. Bu se­çimdə Gürcüstanı kimsə qınaya bilməz – müstəqil dövlət kimi öz yolunu müəyyən etmişdir. Ancaq burada geosiyasi baxım­dan əhəmiyyətli məqamlar vardır.
Məsələ ondan ibarətdir ki, həqiqi mənada müstəqil dövlət birtərəfli deyil, hərtərəfli vəziyyəti nəzərə alaraq geosi­yasi seçim etməlidir. Yəni, burada dixoto­mik seçim deyil, çoxaspektli seçim daha doğrudur. Regiona təsir edən böyük güc­lərdən hansınınsa tərəfini tutmaq deyil, onların maraqlarını milli maraqlara görə balanslaşdırma strateji baxımdan doğru­dur! Cənubi Qafqazda yalnız Azərbaycan bu seçimi etmişdir. Bu səbəbdən, Rusiya Azərbaycanla səmimi və bərabərhüquqlu münasibətlər qurmaqla Cənubi Qafqaz­da rəqabətədavamlı geosiyasi konfiqura­siyanın yaradılmasında aktiv iştirakçı ola bilər! Buna necə nail olmaq mümkündür? 
(ardı var)
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
50
xalqqazeti.az

10Mənbələr