AZ

Azərbaycanda “Dayanıqlı İnkişaf” davamlı və əlçatandır

Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Hesabatı”na əsasən, Azərbaycan bu gün dünyanın 163 ölkəsi arasında “Davamlı İnkişaf Məqsədləri İndeksi” üzrə 50-ci yerdə qərarlaşıb. Belə bir göstəriciyə görə, respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderliyə yüksəlib. 
Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhər­lər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı müba­rizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üzrə irəliləyişə nail olub. 
Xatırladaq ki, BMT-nin “Davamlı İn­kişaf Məqsədləri İndeksi” hər bir ölkənin 2030-cu ilədək müəyyənləşdirilən da­yanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymət­ləndirmək üçün aparılır. Hesabat daya­nıqlı inkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulan 17 ümumbəşəri inkişaf məqsədlərini əhatə etməklə hazırlanır. Bu sənəd hazırlanan zaman fərqli indika­torlardan istifadə olunur, iqtisadi- sosial sahələrdə reallaşdırılan islahatların nəti­cəsi kimi makroiqtisadi və sosial göstəri­cilər hesabatda öz əksini tapır.
Azərbaycanın sonuncu “Dayanıqlı İnkişaf Hesabatı”nda “davamlı inkişaf məqsədləri indeksi” üzrə 50-ci yerdə qə­rarlaşması Prezident İlham Əliyevin rəh­bərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi, eyni zamanda, bey­nəlxalq qiymət kimi xarakterizə olunur. 
Bütün bunlar barədə “2021–2025-ci illər üçün BMT–Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət–BMT Birgə İstiqamətləndirici Komitə­nin iclasında ətraflı danışılıb. BMT-nin ölkəmiz üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreeva tədbirdəki çıxışında respublikamızda DİM-ə dair xərclərin 2023-cü ildə 32,2 milyon dollar olduğu­nu, bu resursun 59 faizinin daha güclü təsisatlara, 21 faizinin inklüziv inkişafa və 3 faiziinin gender bərabərliyinə xərc­ləndiyini, cari ildə isə bu istiqamətlər üzrə xərclərin 37 milyon dollar təşkil edəcəyini bildirib. 
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələn­dirmə Şurası Katibliyinin rəhbəri, İqtisa­diyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov isə mikro, kiçik və orta sahib­karların ÜDM-də payının 35 faizə çatdı­rılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. H.Hüseynov, eyni zamanda, Azərbaycanın işğaldan azad edilən əra­zilərində DİM ilə bağlı fəaliyyətinin geniş­ləndirilməsinə ciddi ehtiyac yarandığını diqqətə çatdırıb: “BMT layihələri təkcə paytaxtı deyil, regionları da əhatə etmə­lidir. Burada xüsusilə diqqət Qarabağ və Şərqi Zəngəzura yönləndirilməlidir. Reinteqrasiya prosesini nəzərə alaraq düşməndən təmizlənən ərazilərdə inklü­ziv artımın təmin edilməsi, sosial institut­ların gücləndirilməsi, əhalinin təminat və səhiyyə xidmətlərinə çıxışının artırılması kimi layihələrin növbəti mərhələdə daha çox dəstəklənməsi zəruridir”, – deyə o, vurğulayıb. 
İclasda iqtisadiyyat nazirinin müa­vini Sahib Məmmədov bildirib ki, ölkə Prezidenti İlham Əliyev minatəmizləmə fəaliyyətinin 18-ci DİM kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəb­büsünü irəli sürüb: “COP29 Azərbayca­nın 18-ci Milli DİM layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün də mühüm platforma rolunu oynaya bilər. BMT ilə birgə gerçəkləşdirilən layihələr isə iqlim dəyişikliyi ilə mübarizə, uyğun­laşma, COP29-un ölkəmizdə uğurla keçi­rilməsi və digər sahələrlə bağlı ölkəmizin prioritetlərinin icrasını şərtləndirir”. 
Nazir müavininin sözlərinə görə, iş­ğaldan azad edilən torpaqların reinteq­rasiyası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sür­dükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb: “Artıq “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları­nın tətbiqi bölgədə rahat və müasir hə­yat şəraitini təmin etməyə başlayıb. Bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaş­ma” sahəsində xarici investisiyalı müəs­sisələrin yaradılması ilə bağlı uğurlu ad­dımlar atılıb. COP29 vasitəsilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Karbon neytrallığı” konsepsiyası əsa­sında layihələrin icrası barədə maraqlı tərəflərin daha geniş məlumatlandırılma­sı zəruriliyi də qarşıya mühüm vəzifə kimi qoyulub”.
Sahib Məmmədov çıxışında onu da qeyd edib ki, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncama əsasla­naraq, eyni zamanda, bu ilin noyabrında ölkəmizdə COP29-un təşkilini nəzərə ala­raq, Çərçivə Sənədi üzrə ekoloji layihələrə üstünlük verilməsi məqsədəuyğundur.
Nazir müavini çıxışında, həmçinin qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azər­baycanda təşkili ölkəmizin qlobal prob­lemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir və BMT ilə müna­sibətlərimizdə yeni səhifə açır. Ölkəmi­zin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması bizim üçün müəyyən təcrübə yaradır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirilib və bu istiqamətdə bey­nəlxalq tərəfdaşlarla əməkdaşlığa dair imzalanan sənədlərdə də ətraf mühit və iqlim məsələlərinə xüsusi yer verilib. 
Göründüyü kimi, respublikamızda son illərdə reallaşdırılan islahatlar bir tərəfdən iqtisadiyyatın inkişafı, eləcə də dayanıqlığın və inklüzivliyin təmin edil­məsinə əlverişli şərait yaradıb. Digər tərəfdən isə bu, sosial təminatın güclən­dirilməsi üçün yeni imkanlar açıb. Azər­baycanda sosial paketlərin icrası ilə həm minimum əməkhaqqının, həm də orta ay­lıq əməkhaqqının təxminən bir neçə dəfə artımının reallaşması da sosial təminatın daha da gücləndirilməsini şərtləndirib. 
Respublikamızın BMT-nin “davamlı inkişaf məqsədləri indeksi” üzrə regional liderə çevrilməsi faktı bir daha göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaş­masında və həyata keçirilməsində əhə­miyyətli rola malik ölkədir.
Şübhəsiz ki, hesabatda əksini ta­pan məqamların əsasında dayanan əsas amillərdən biri də Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlardır. Belə ki, dövlət başçısının reallaşdırdığı islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılma­sı ölkə iqtisadiyyatının sürətli inkişafını, onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir. Eyni zamanda, Azərbaycanda gerçəkləşdirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Son illərdə həyata ke­çirilən və ölkə əhalisinin rifahının yük­səlməsində mühüm rol oynayan böyük sosial paketlər də bunun bariz ifadəsidir. 
Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, yoxsulluğun azaldıl­ması, səhiyyə sisteminin müasir stan­dartlara uyğun yenidən qurulması, əhali­nin kommunal çətinliklərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkə­nin enerji təhlükəsizliyinin təmin olunma­sı, mövcud olan təhlükəsizlik, milli həm­rəylik mühiti, ümumiyyətlə, 20 ildən artıq bir müddət ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurum­ları tərəfindən də etiraf olunub.
Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş döv­lətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qal­dırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın ri­fahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin mövcudluğu isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə siste­minin, sahibkarlıq mühitinin inkişaf etdiril­məsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həl­linə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.
Azərbaycan hazırda bütün sahələr­də öz nümunəsini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inki­şaf edən ölkə kimi tanıdıb. Dövlət rəhbəri bəyan edib ki, qarşıda duran strateji və­zifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətə­davamlı ölkələri sırasına çıxarmaqdır. Respublikamızın iqtisadi inkişaf dinami­kası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticə­si olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir.
Dünyanın iqtisadi cəhətdən qabaq­cıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsi­yində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə et­diyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib. 
Vaqif BAYRAMOV XQ

Seçilən
157
33
Mənbələr
Şərh ()
Bağla