AZ

Aİ missiyasının iç üzü: Ermənistanın atəşini niyə görməzdən gəlirlər?

Bildiyimiz kimi, bir neçə gündür Ermənistan tərəfi Azərbaycanla şərti sərhəddə atəşkəsi pozur. Amma Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası deyir ki, sakitlikdir, sərhəddə vəziyyət stabildir.

Atəşkəsin bu qədər pozulma halından sonra bu cür açıqlama vermək nə dərəcədə düzgündür? Azərbaycan erməni təxribatlarına qarşı nə etməlidir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi ki, əslində Avropa İttifaqının Ermənistanda yerləşdirilmiş müşahidə missiyası öz funksiyasını yerinə yetirir, çünki onlar Ermənistana yerləşdirilərkən konkret missiya və konkret məqsədlər üçün yerləşdirilib:

"Bu məqsədlərdən biri də Ermənistan-Azərbaycan sərhədində daim informasiya manipulyasiyaları edərək Azərbaycanı ittihama məruz qoymaq və beləliklə, Azərbaycana qarşı informasiya cəbhəsi açmaq. Amma şübhəsiz ki, digər məqsədlər də var. Bunlar Ermənistan-Azərbaycan sərhədində mümkün hərbi-strateji əhəmiyyət daşıyan yüksəklikləri, koordinatları müəyyənləşdirərək məhz orada Ermənistanın mövqelərini gücləndirməkdən ibarət idi. Nəticədə konkret status olaraq regionda hadisələrə müdaxilə edəcək özünəməxsus aktora çevrilmək idi. Məqsəd hazırkı mərhələdə ermənilərin atəşkəsi pozduğu bir vəziyyətdə, Azərbaycan mövqelərini atəşə tutduğu bir halda missiyanın bütün bunları görməzdən gəlməzliyi onu göstərir ki, bütün hallarda "etibarlı mənbə kimi bu missiya çıxış edir və hansı informasiyanı verirsə, o doğrudur". Ona görə də əlbəttə ki, özünü bir subyektə çevirərək regiondakı vəziyyətlə bağlı təyinedici arbitr rolunda görünməyə çalışır və şübhəsiz ki, daim bu missiya ermənilərin Azərbaycan mövqelərini atəşə tutmasını qeydə almayacaqdır, bunu dilə gətirməyəcəkdir. Çünki bu, ermənilərin əleyhinə deyil, ancaq nəticədə ermənilərin atəşkəsi pozmasına cavab olaraq Azərbaycanın atəş nöqtələrini susdurmaq cəhdini isə Azərbaycanın atəşkəsi pozması kimi dünyaya təqdim edəcəkdir. Məsələnin mahiyyəti bundan ibarətdir".

Azərbaycanın nə etməli olduğu məsələsinə gəldikdə isə, millət vəkilinin sözlərinə görə, şübhəsiz ki, Azərbaycan indiki mərhələdə bu prosesi idarə etməyi bacarmalıdır:

"Necə ki, bu vaxta qədər idarə edibdir və bundan sonra da mən düşünürəm ki, Azərbaycan müxtəlif alətlərlə sülh əldə olunana qədər bu prosesi idarə edəcəkdir. Burada bir qeyri-ardıcıl davranış da ola bilər, Azərbaycan üçün hansı mövqe daha təhlükə yaradırsa, bu mövqelərə qarşı daha qətiyyətli tədbirlər görülə bilər. Məsələn, Zəngilan rayonu ərazisində olduğu kimi, hansı regionda belə bir təhdid yoxdursa, o da sadəcə atəşə atəşlə cavab verməklə yekunlaşa bilər. Mən düşünürəm ki, bizim hərbi-siyasi qərar qəbul edənlərimiz vəziyyətə hakimdirlər və ermənilərin provokasiyalarını idarə etməyi bacarırlar. Ancaq şübhəsiz ki, burada Azərbaycanla bağlı yeni bir informasiya cəbhəsi yaratmaqdan, Azərbaycana yeni bir informasiya müharibəsi elan etməkdən söhbət gedir. Bu dəfə isə Avropa İttifaqının Ermənistanda yerləşən missiyasının timsalında".

Humay İSGƏNDƏRLİ

Seçilən
184
50
Mənbələr
Şərh ()
Bağla