AZ

Azərbaycan, Gürcüstan və Türkiyənin yeni Sazişi...

Bakı-Tbilisi-Qars marşrutunda asan gömrük rejimi tətbiq ediləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib. Sənəd hər üç ölkənin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin yaradılmasını nəzərdə tutur. Bu, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaf gömrük nəzarətinin təmin edilməsi istiqamətində tərəflərin birgə iqtisadi iradəsini əks etdirir.

Sazişin əsas tələbləri nədir?  

Sözsüz ki, yeni çağırışlar beynəlxalq ticarət qaydalarının sadələşdirilməsini, asan ticarətin ən başlıca meyarı olan elektron gömrük keçidi infrastrukturunun qurulmasını tələb edir. Bu baxımdan gömrük nəzarətinin həyata keçirilməsində də elektronlaşdırma və rəqəmsal idarəetməyə tələblər artır. Həmin tələblərdən biri olan azad ticarət zonasının qurulması məqsədilə 2022-ci il avqustun 18-də Bakıda “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”i imzalanıb. Sənəd regionda ən nəhəng tranzit xətlərindən biri olan BTQ üzrə daşınmalarda asan gömrük rejiminin yaradılmasını nəzərdə tutur. Sözügedən sazişin tələblərindən irəli gələn öhdəliklərin icrası məqsədilə ötən müddətdə Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük orqanlarının keçirilən üçtərəfli iclasında azad ticarət koalisiyasını formalaşması üçün plan hazırlanıb və icra olunmaqdadır.

Beynəlxalq nəqliyat sistemlərində rəqəmsal infrastrukturların genişləndirilməsi Azərbaycanın müasir nəqliyyat siyasətində xüsusi yer tutur. Məlumdur ki, Yeni İpək Yolunun Orta Dəhlizində öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürcülüyünün daha da güclənməsində və şaxələnməsində xüsusi təşəbbüskarlıq edir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin maliyyə dəstəyi ilə inşa edilmiş BTQ dəmir yolu 2017-ci ildə istismara verilib və bu polad magistral faktiki olaraq Yeni İpək Yolunun rentabelli işlək coğravi qovşaqlarından birini təşkil edir. Yeri gəlmişkən, Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmalarının həyata keçirilməsi faktiki olaraq bu dəhlizin fəaliyyətə başlamasına beynəlxalq hüquqi status verib.

BTQ qlobal nəqliyyat icmasında təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, qitələri birləşdirən, Asiya və Avropa arasında vacib bağlantını təmin edən və Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrilməklə 150 ölkə tərəfindən dəstəklənən “Bir kəmər, bir yol” təşəbbüsünün ən önəmli hissəsi kimi qəbul edilir. Bu layihə ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə etməklə iqtisadi, ticari, maliyyə və digər sahələrdə təmasları bir araya gətirir.

Azərbaycan BTQ-nin də daxil olduğu qlobal marşrutun bütün hissələrinə böyük sərmayə qoyur və infrastrukturları birləşdirir. Bu layihənin tərkib hissəsi kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanını və liman ərazisində yerləşən və müasir infrastruktura malik olan Ələt Azad İqtisadi Zonasını yerli və xarici investorlara açıq elan edib. Bütün bunlar ölkəmizin regional huba və e-ticarət mərkəzinə çevrilməsi ilə bağlı geostateji proqramın əsas prioritetlərindən biridir. Həmin dəhlizin ön strateji xətti olan BTQ-nin genişləndirilməsi də bu strateji hədəflərə xidmət edir.

Saziş Bakı-Tbilis-Qars (BTQ) dəmir yolunda daşınmalara necə təsir göstərəcək?

Gürcüstan və Türkiyə də BTQ-nin tranzit gücünün artırılmasında da qərarlıdır. Rəsmi Tbilisi də bu dəhlizin ötürücülük gücünün genişlənməsində davamlı səylər göstərir. Bu məqsədlə ötən ilin ortalarından başlayaraq BTQ-nin Gürcüstan ərazisində genişləndirilməsi işlərinə start verilib, dəmir yolunun keçdiyi ərazilərdə rəqəmsal texnologiyalardan istifadə üçün yeni e-infrastrukturlar qurulur. Eləcə də Azərbaycan və Türkiyə də BTQ-nin ən müasir texnoloji strukturların tətbiqini yekunlaşdırmaqdadır. Eləcə də elektron mübadilənin tətbiqi ilə gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı iqtisadi-texniki işlərin yaxın vaxtlarda yekunlaşması gözlənilir.

Bütün bu işlərin əsas məqsədi malların vaxtında təyinat nöqtəsinə çatdırılması, beynəlxalq tranzit daşımalarının həcminin artırılması və BTQ-nin Çin və Orta Asiyadan daha çox yükü qəbul edilərək Avropaya çatdırılmasını təmin etməkdir. Beləliklə, 3 ölkənin imza atdığı tranzit gömrük prosedurlarının asanlaşdırılması və e-mübadilənin qurulmasını nəzərdə tutan sazişin tələblərinin yerinə yetirilməsi bu bölgədə beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, tarixi “İpək yolu”nun əhəmiyyətinin artırılması, dəmiryolu vasitəsilə daşınan yüklərin sərhəd buraxılış məntəqələrində ləngimələrə məruz qalmasını qarşısının alınması və nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına səbəb olacaq. Nəticədə Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin həcmi bir neçə dəfə artacaq.

E.CƏFƏRLİ

Seçilən
245
7
Mənbələr
Şərh ()
Bağla