AZ

HƏMAS-dan SON DƏQİQƏ atəşkəs və əsir mübadiləsi AÇIQLAMASI – Tərəflər razılığa gəlir?

HƏMAS öz Telegram hesabında İsraillə atəşkəs və əsir mübadiləsi ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, açıqlamada Qahirədə keçirilən danışıqların son mərhələsində Misir, Qətər və Amerikadakı vasitəçilərin səylərinin ardından İsrailin məsələ ilə bağlı mövqeyinin HƏMAS-a çatdırıldığı bildirilib.

Açıqlamada HƏMAS-ın vasitəçilərin göstərdiyi böyük səyləri təqdir etdiyi, HƏMAS-ın Fələstin xalqına qarşı hücumu sona çatdıracaq razılaşmanın əldə olunmasına önəm verdiyi, lakin İsrailin inadkar rəftarını davam etdirdiyi bildirilib.

Buna baxmayaraq, açıqlamada HƏMAS rəhbərliyinin onlara təqdim edilən təklifi tam milli məsuliyyətlə araşdırdığı və araşdırma başa çatdıqdan sonra vasitəçilərə Həmas-ın təklifə münasibəti barədə məlumat veriləcəyi bildirilib.
Qahirədəki “əl-İxbariyyə” kanalının dünən verdiyi xəbərdə adı açıqlanmayan yüksək rütbəli bir Misir rəsmisinin söylədiyinə görə, Qəzza böhranının həlli ilə bağlı fikir ayrılıqlarının Qahirədə bazar günündən davam edən danışıqlar raundunda böyük ölçüdə həll edildiyi bildirilib.

Qahirədə aparılan danışıqlarla bağlı İsrail mətbuatında ziddiyyətli məlumatlar yayılıb.
“Ynet” xəbər saytının danışıqlarla bağlı səlahiyyətli bir mənbədən verdiyi xəbərdə “Həmasın böyük güzəştlərə getməsi gözlənildiyi və ABŞ-ın həllə nail olmaq üçün sıx təzyiq göstərdiyi” iddia edilib.

İsrailin dövlət televiziyası KAN-ın xəbərində İsraildəki səlahiyyətlilərin danışıqlarda irəliləyiş əldə olunduğu xəbərini şərh etməkdən imtina etdiyi bildirilib.

Xəbərdə bildirilib ki, danışıqlarda irəliləyiş olub-olmadığı yaxın günlərdə məlum olacaq.
Həmas dəfələrlə bəyan edib ki, atəşkəs və əsir mübadiləsi razılaşması üçün ilk növbədə “müharibə dayandırılmalı, İsrail Qəzzadan çəkilməli, köçkünlər öz evlərinə qayıtmalı, yardım axını asanlaşdırılmalıdır”.

Misir mətbuatında aprelin 6-da çıxan xəbərdə Qəzzada atəşkəs və əsir mübadiləsi danışıqlarının aprelin 7-də Misirin paytaxtı Qahirədə yenidən başlayacağı bildirilib.

Mossad direktoru David Barneanın başçılıq etdiyi İsrail nümayəndə heyəti əsirlərin azad edilməsi ilə bağlı danışıqların yeni raundu üçün martın 19-da Qətərin paytaxtı Dohaya gedib.
İsrail mətbuatı Mossad direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Dohaya gəlməsi ilə HƏMAS və Təl-Əviv arasında məhbus mübadiləsi danışıqlarının rəsmi olaraq başladığını açıqlayıb.

Bildirilib ki, İsrail nümayəndə heyətinə Daxili Təhlükəsizlik Agentliyinin direktoru Ronen Bar və İsrail ordusunda oğurlanan və itkin düşmüş şəxslərlə bağlı fayldan məsul olan Nitzan Alonun da daxil olduğu bildirilib.

“Haaretz” qəzeti İsrailin Qəzzada birbaşa olaraq Həmas lideri Yəhya Sinvarla atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlar aparacağını iddia etmişdi.

İsrailin Kanal 12 televiziyasının xəbərində danışıqların təxminən 2 həftə çəkə biləcəyi qeyd edilib. İsrail mətbuatında Tel-Əviv nümayəndə heyətinə başçılıq edən Mossad rəhbəri Barneanın elə həmin gün ölkəsinə qayıtması ilə bağlı xəbərlər yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
7
yenicag.az

8Mənbələr