AZ

“Rəssamlıqda öz tərzi ilə iz qoymaq, bu yolda irəliləmək asan deyil” - Rəssam Mirzə Mehdi Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son vaxtlar Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi davamlı uğurları ilə ictimaiyyətin diqqətini cəlb edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanınmüasir dövrün tələblərini nəzərə almaqla mədəniyyətimizin inkişafına göstərdikləri hərtərəfli qayğı mədəniyyət işçilərini daha məsuliyyətlə işləməyə ruhlandırır. Hazırda bütün sahələrdə kadr məsələsinə ciddi yanaşılır və bu proses tam şəffaf həyata keçirilir. Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin rəhbərliyinə də peşəkar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, eyni zamanda pedaqoq Mehdi Hüseynovun təyin olunması kollektivdə mühiti sağlamlaşdırmış, pedaqoji əmək fəaliyyətini yüksəltmiş, şagirdlərin hərtərəfli, sərbəst və yaradıcı inkişafını əsas məqsəd kimi qarşıya qoymuşdur. Bunun nəticəsidir ki, məktəb respublika, şəhər və region, habelə beynəlxalq əhəmiyyətli müsabiqələrdə uğurla iştirak edərək çoxsaylı diplomlara və tərifnamələrə layiq görülmüşdür. Qazanılmış uğurlar isə gələcəkdə daha böyük inamla yeni-yeni nailiyyətlərin əldə olunmasına zəmin yaradır.

Məktəbin bu gününü və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlarını məktəbin direktoru Mehdi Hüseynovla müzakirə etmişik.

Qeyd edək ki, Mehdi Teyyub oğlu Hüseynov 1972-ci ildə Gəncə şəhərində rəssam ailəsində anadan olub. Atası SSRİ Rəssamlar İttifaqının üzvü Teyyub Mehdi oğlu Hüseynov (1934-2013) respublikamızda rəssamlığın inkişafında, neçə-neçə rəssamlar nəslinin yetişməsində təqdirəlayiq xidmətləri ilə xüsusi yer tutur. 1946-cı ildən fəaliyyət göstərən Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinə 1969-1982-ci illərdə Teyyub Hüseynov da rəhbərlik etmişdir. Respublikamızın tanınmış bir çox rəssamları ilk təhsillərini Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbində almışlar. Bunlardan xalq rəssamı Salxab Məmmədovu, əməkdar rəssamlar Teyyub Hüseynovu, Rəsul Hüseynovu, Mübariz Əliyevi, Nazim Babayevi, Şərif Şərifovu, Rövşən Süleymanovu və başqalarını göstərmək olar.

Qürurverici haldır ki, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. 1980-ci ilin dekabr ayında Gəncəyə səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyev Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbində olmuş, Teyyub Hüseynovun müşayiəti ilə oradakı yaradıcı kollektivin fəaliyyəti və iş şəraiti ilə maraqlanmış, uşaqlarla xatirə şəkli çəkdirmişdir.

Mehdi Hüseynov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra ali təhsilini 1991-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır. 1994-2000-ci illər ərzində müxtəlif respublika səviyyəli sərgilərin uğurlu iştirakçısı olan rəssam 2001-ci ildə Ankarada TÜRKSAV-ın təşkilatçılığı ilə keçirilən “IV Türk Dünyası Karma Rəsm Sərgisi”ndə“Dədə Qorqud” rəsm əsəri ilə diqqət mərkəzinə düşmüşdür. Ona görə də, İstanbulun Fatih kollecindən dəvət almış, 2003-cü ilədək həmin kollecdə rəsm müəllimi işləmişdir. 2002-ci ildə İstanbul Milli Eğitim Müdirliyi tərəfindən rəsm müəllimləri arasından “İlin rəsm müəllimi” seçilmişdir. 2003-cü ildə 40-a yaxın rəsm əsəri ilə İstanbulun Taksim Sanat Qalereyasında fərdi sərgisi təşkil olunmuşdur. Həmin ildə Nyu-York Aqora Rəsm Qalereyasında rəssamın 5 əsəri sərgilənmişdir. Sonralar isə o, gərgin sənət axtarışlarını müxtəlif sərgilərdə tamaşaçılara çatdırmışdır.

Pedaqoji fəaliyyətlə məşğul olan Mehdi Hüseynovun sənətə dair müxtəlif mövzulara həsr olunmuş araşdırmaları elmi jurnallarda dərc edilmişdir. O,2008-2021-ci illərdə AMEA-nın Gəncə Regional bölməsində kiçik elmi işçi, 2009-2011-ci illərdə Azərbaycan Texnologiya Universitetində və 2013-2021-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində baş müəllim vəzifələrində çalışmışdır. Latviya, Polşa və Rusiyada keçirilən beynəlxalq konfranslarda ölkəmizi layiqincə təmsil etmişdir. Rəsmləri bir sıra kitab və jurnallarda çap olunmuşdur. Rəssam bu gün də özünəməxsus yaradıcılıq yolunu və sənət axtarışlarını davam etdirir.

- Mehdi müəllim, dövrün tələbləri çərçivəsində Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin əsas hədəfi nədir?

- Əvvəla, onu qeyd edim ki, rəssamlıq məktəbi uşaq, yeniyetmə və gənclərin bədii-estetik zövqünü formalaşdıran, mədəniyyət və incəsənət sahəsində təhsil verən dövlət müəssisəsidir. Məktəbimiz Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsanaməsi”nə uyğun fəaliyyət göstərir. Uşaq, yeniyetmə və gənclərin yaradıcı qabiliyyətinin aşkar olunması, onların istedadının inkişaf etdirilməsi, habelə müvafiq ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olunmaları üçün hazırlanması başlıca hədəflərimizdən. Təhsil prosesində həmçinin çalışırıq ki, şagirdlərimizə innovativ ideyalar aşılayaq, onlarda rəssamlıqdan başqa, müasir zamanın tələblərinə uyğun dizayn və memarlıq bacarıqları da formalaşdıraq. Elə bu məqsədlə məktəbimizin gələcəkdə Təsviri İncəsənət Akademiyası olmasını çox istərdim. Məktəbin özünün sərgi salonunun yaradılması da qarşıda bizi gözləyən vəzifələrdəndir. Bu istiqamətdə müvafiq işlər aparırıq.

- Hazırda məktəbə tələbat hansı səviyyədədir? İl ərzində neçə şagird qəbul edə bilirsiniz?

-İncəsənətin bütün sahələrinə hərtərəfli dövlət qayğısı cəmiyyətin təsviri sənətə də marağını artırmışdır. Binası yeni təmir-bərpa olunmuş dərin və zəngin ənənələrə malik Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinə tələbat yüksəkdir. Kvotaya uyğun il ərzində 24 şagird müvafiq imtahan əsasında tam obyektiv şəraitdə qəbul olunur. Rəssamlığa marağı və az-çox ibtidai qabiliyyəti olan uşaqların diqqətdən kənarda qalmamasına çalışırıq. Düşünürəm ki, buna nail ola bilirik.

-Təkcə son bir ildə məktəbin şagirdləri müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirak etmişdir. Xüsusən məktəbin beynəlxalq əhəmiyyətli müsabiqələrdə əldə etdiyi nailiyyətlər proses baxımından hansı mərhələdədir və sizi qane edirmi?

- Təsviri incəsənət istedadına malik olan şagirdlərin aşkarlanması, onların yerli və beynəlxalq yarışlara hazırlanması, inteqrasiyasının təmin edilməsi mühüm vəzifələrdəndir. Ümumrespublika səviyyəli müsabiqələrdə istedadlı yeniyetmə və gənclərin seçilməsi onların ölkəmizi beynəlxalq müsabiqələrdə uğurla təmsil etməsinə geniş imkanlar yaradır. Birmənalı olaraq bildirmək istəyirəm ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi hörmətli Pərvin Kazımovun yaxından dəstəyi ilə məktəbimiz həm də beynəlxalq miqyaslı yarışlarda ölkəmizi təmsil etməyi qarşıya prioritet məqsədlərdən biri kimi qoymuşdur. Məhz rəhbərlik tərəfindən bizə göstərilən xeyirxah etimadın nəticəsidir ki, proses baxımdan bu sahədə nailiyyətlərimizin durğunluq fazasından çıxıb tərəqqi mərhələsinə qədəm qoyduğunu söyləyə bilərəm. Son vaxtlar məktəbimiz üçün bir sıra uğurlarla yadda qalmışdır. Belə ki, 15 iyul 2023-cü il tarixində TÜRKSOY-un yaradılmasının 30 illiyi ilə bağlı keçirilmiş “Gənc Rəssamların Gözü ilə Türk Dünyası Rəsm Yarışması”nda məktəbimizin iki şagirdi iştirak edərək birinci və ikinci yerlərə layiq görülmüşlər.

BMT 2024-cü ili “Beynəlxalq Dəvə İli” elan edib. Həmçinin Ümumdünya Poçt İttifaqının 150 illik yubileyi də bu il qeyd olunur. Hər iki hadisə münasibətilə dünyanın ən böyük uşaq sərgilərindən biri olan Çexiyanın “52-ci Lidiçe 2024 Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə karvan mövzusunda uşaqların beynəlxalq müsabiqəsi keçiriləcəkdir. Məktəbimizdən sözügedən beynəlxalq müsabiqəyə şagirdlərin 5 rəsm əsəri təqdim olunmuşdur.

2024-cü ilin fevralında “Toyota – Arzuların maşını” 17-ci Beynəlxalq Rəsm Müsabiqəsində məktəbimizin şagirdlərinin ekologiya və ətraf mühitin mühafizəsinə həsr edilmiş əsərləri 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülmüşdür. Müsabiqənin yekun qiymətləndirməsinin beynəlxalq mərhələsi Yaponiyada aparılacaqdır.

Siyahını uzatmaq olar...

- Mehdi müəllim, müasir və müstəqil Azərbaycan incəsənətinin yeni inkişaf mərhələsində müxtəlif janr və üslublara yer verən, rəngarəng tablolar ərsəyə gətirən rəssamlar nəslinin uğurlu yaradıcılıq fəaliyyəti nəzərə çarpır. Həmin nəslin nümayəndəsi kimi siz müasir təsviri incəsənətimizdə realist gerçəkliyi özünəməxsus sürrealist şəkildə ifadə edən, öz mövzu genişliyi, tarixi ənənələrə, milliliyə önəm verməyinizlə seçilən rəssamlardansınız. Sənətin bədii-texniki sirlərinə yiyələnmiş mahir rəssam olaraq həmişə ali sənət amallarına sadiqlik nümayiş etdirib düşündürücü əsərlər yaradırsınız. Sizin paralel dünyanızdakı həyatı dərketmə prosesi bizim real həyat dərkimizdən daha həyati və daha canlıdır. Burada hər cür rəng çalarları mövcuddur. Əsərlərinizdə işığın və qaranlığın əlaqəsi çox təbii görünür. Xalq yaradıcılığı, xalça ornamentləri, miflər və s. milli kökə, tariximizə özünəməxsus baxışların rənglərdə təcəssümüdür.

Yeri gəlmişkən soruşmaq yerinə düşər; ümumiyyətlə, sizi də özünə cəlb edən sürrealizmin milli təsviri incəsənətimizdə rolunu nədən ibarətdir?

- Fransız kökənli termin olan sürrealizm, yəni realizmin fövqü XX əsrdə yaranmış Avropa avanqard cərəyanlarından biridir. O, simvolizmin, ekspressionizmin, kubizmin, dadaizmin təsiri altında təşəkkül tapmışdır. Bu cərəyan Ziqmund Freydin konsepsiyasına, irrasionalizm və aloqizminə istinad edir və subyektivizmin qatı formalarının tərənnümçüsüdür.Sürrealistlər instinktləri, yuxuları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırlar. Cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq, əsas məqsədi instinktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır. Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxaraq proseslər arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirlər. Rəssamlıqda sürrealizm obrazlı abstrakt təsvirlərlə təqdim olunur. Demək olar, sürrealist rəssamlar insan şüurunun müxtəlif cəmiyyətlər üçün bəzən tabu olan duyğu və istəklərlə mahiyyətcə necə bağlı olduğunu praktik yollarla araşdırırdılar.

Sürrealizm incəsənətdə həmişə dəbdə olan bir cərəyandır.Xəyallar, fantaziyalar, yuxular bizi daim ovsunlayır. Yalan reallıqdan qaçmaq üçün müasir sürrealizm, sənətkarların bir növ ümid işığıdır. Belə ki, bu gün də bir çox gənc, habelə püxtələşmiş rəssamlar yaradıcılıqlarında sürrealizm üslubundan gen-bol istifadə edirlər. Hər rəssamın individual xəyallarının izlərini özündə əks etdirən sürrealist əsərlər orijinallıqları ilə seçilir. Sürrealist rəssamların əsərlərində diqqət çəkən ümumi cəhət zaman-məkan qavrayışındakı uyğunsuzluğun inandırıcı reallıq fantastikası və bir-birinə sığmayan obrazların harmonik birləşməsindən yaranan xəyal aləmini əks etdirməyə çalışmalarıdır. Sürrealist rəssamlar bir növ ənənəvi sənət formalarına və dövrün doqmatik dəyərlərinə qarşı çıxırlar.

Qərb incəsənətində inkişaf prosesinə nəzər saldıqda, bütün sənət cərəyanlarının dövrün və cəmiyyətin yaratdığı sosial-mədəni, iqtisadi və siyasi təsirlərlə paralel addımladığınıgörürük. Belə bir vəziyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda da müşahidə edirdik. Avanqard sənətdən daha müasir və hətta rəqəmsal incəsənətə doğru addımlayan Azərbaycan incəsənətində sürrealist təsirlər xüsusi rol oynayır. Həm müsbət, həm də mənfi şərhlər və tənqidlərə hədəf olan bu cür yaradıcılıq təmayülləri ənənəvilik ilə innovasiyanın, Qərb ilə Şərqin, sürrealizm ilə oriyentasiyanın sintezi kimi təyin edilə bilər. Cəmiyyət tərəfindən qeyri-dəqiq şərhlər alan bu cür yaradıcılıqlar, bəlkə də, hələ Azərbaycandakı sənət anlayışının bəzi modernist cərəyanlara hazır olmadığının göstəricilərindən biri kimi qiymətləndirilməlidir. Ancaq qeyd etməliyəm ki,heç bir cəmiyyət öz daxili dinamikası olmadan sənətə baxışını formalaşdıra bilməz. Bədii məqsədlər üçün istifadə edilən hər bir dil və forma ümumbəşəri dəyərlərə malik olsa da, lakin müəyyən mədəni yığcamlıq, konkretlik və ideya üzərində qurulur.

- Sizin yaradıcılığınıza hansı rəssamların təsiri olmuşdur?

- Diplom rəhbərim SSRİ xalq rəssamı Mikayıl Abdullayev, Azərbaycan xalq rəssamı Rafiq Mehdiyev kimi rəssamlar müəllimim olub və onlardan sözün əsl mənasında ilham almışam. Eləcə də dünya rəssamları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Rene Magritte, Qustav Klimt, Salvador Dali, Joan Miro və başqaları var ki, hamısı mənim üçün tükənməz ilham mənbəyidir. Amma istənilən halda son nəticədə özün öz izini qoymalısan.

- Bu sənətdə iz qoymaq üçün nə etməlisən?

Rəssamlıqda öz tərzi ilə iz qoymaq, bu yolda irəliləmək asan deyil. Hansısa bir cazibədar ideyadan yapışıb tələm-tələsik ortaya atdığı yeniliyi özü köhnəldən yaradıcı insanları az görməmişəm. Mənə görə, ənənə və novatorluq sənətdə ilk növbədə milli zəminlə, xəlqiliklə əlaqəlidir və o, sünilikdən kənar, tamamilə təbii prosesdir. Varislik və yeniləşmə bir-biri ilə üzvi surətdə bağlıdır. Əgər keçmişi, özündən əvvəlki irsi dərindən bilmirsənsə, bütün çərçivələri aşmaq adı altında sənə öz aləmində əlçatmaz görünən ərsəyə gətirdiyin işlərlə sənətdə novatorluğun ilkin şərti olan orijinallıq hüququnu necə qazana bilərsən? Başqa cürə desək, necə müdafiə edə bilərsən? Düzgün təhsil və təcrübə ilə yaxşı rəssam olmaq, rəsm çəkməyi dərindən öyrənmək olar. Ancaq heç vaxt dahi rəssam olmağı öyrənmək olmaz. Bunun üçün daha artığına ehtiyac var. Dünyanı fərqli görmək, eksperiment aparmaq və həqiqətən, yaradıcılıqda yeni kəşflər etmək bacarığı lazımdır.

- Rəssamlıq sənətinin növlərindən biri də teatrda quruluşçu rəssamlıqdır. Ona daxildir səhnə tərtibatı, dekorasiya, geyimlər, eskizlər, butafor və s. Gəncə Dövlət Dram Teatrında bir sıra tamaşaya səhnə tərtibatı verib quruluşçu rəssam kimi uğurlu işlərə imza atmısınız. Hazırda həmin fəaliyyətinizi davam etdirirsiniz. Bu sahənin nə kimi xüsusiyyətləri və problemləri var?

- Quruluşçu rəssam əsərin mahiyyətini mənimsəməklə səhnə tərtibatını ciddi nəzərə almalıdır. Tamaşanın ideyasını aktyor obrazları vasitəsilə ifadə etməyi düşünən rejissordan fərqli olaraq, rəssam ideyanın təsviri-plastik və səhnənin funksional həllini tapır. Səhnə əsərinin ərsəyə gəlməsində rejissorla rəssamın nə dərəcədə “yola getməsi”, “dil tapması” çox mühümdür. Bəzən rejissor gələcək tərtibatla bağlı bir çox ideyalara malik olduğuna, rəssam isə tərtibatı öz fəaliyyət sahəsi hesab etdiyinə görə onların hər biri öz mövqeyində israr edirlər. Amma tamaşanın tərtibatı ilə bağlı rejissorun təsəvvüründə yaranan obraz nə qədər inandırıcı olsa da, o, yenə də rəssamın təxəyyülündə formalaşan obraza hardasa güzəştə getməyə məcbur olur. Dahi sənətkar Konstantin Stanislavski deyirdi ki, rəssam, müəyyən mənada, tamaşanın həmrejissoru deməkdir.

Pyesin məzmununa uyğun həyatı karikaturasız və mübaliğəsiz, canlı insanlar vasitəsilə, onların mürəkkəbliyi, üstünlükləri və qüsurları ilə tamaşaçıya göstərmək lazımdır. Rəssam əvvəlcə pyesdə göstərilən dövrü həyat lövhələri ilə təsvir etməyə çalışmalıdır ki, həyat həqiqətlərini təsəvvür etmək mümkün olsun. O, təsvir etdiyi zamanı və məkanı yaxşı bilməlidir. Əgər pyesdə baş verən hadisələr keçmişdə cərəyan edirsə, rəssam həmin dövr haqqında pyesdə yazılanlarla müqayisə olunmayacaq dərəcədə geniş məlumata malik olmalıdır. O həmçinin keçmiş dövrdə yaşayan insanların həyatının, məişətinin incəlikləri ilə dərindən maraqlanmalıdır. Çünki hər hansı bir xırda detal əhəmiyyətli nüanslar haqda ideyalar verə bilər. Hər bir yeni tamaşanı ərsəyə gətirərkən istər quruluşçu rejissor, istərsə də quruluşçu rəssam yaradıcılıq prosesində özünün mövcud varlığa olan münasibətini hər dəfə yenidən formalaşdırır.

Teatr sintetik sənətdir. Orda incəsənətin bir çox növləri birləşir. Quruluşçu rəssam hər bir məqamı dərindən araşdırıb düzgün qiymətləndirməlidir ki, ortaya dəyərli məhsul çıxsın.

Mənim sevə-sevə quruluş verdiyim Nodar Dumbadzenin “Hellados”, Vilyam Şekspirin “Hamlet”, Con Patrikin “Qəribə missis Sevic”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu”, Nüşabə Əsəd Məmmədlinin “Cavad xan” və başqa əsərlər, eyni zamanda həmin pyeslərin səhnə tərtibatının həlləri özlüyündə çətin və mürəkkəb leytmotiv xətlərinin tamaşaçıya daha yaxşı çatdırılmasına hesablanmışdı. Yaradıcı prosesdə bunu hiss etmirsən. Lakin özün də tamaşaçıya qoşulub öz işinə başqa gözlə baxanda, özünə tənqidi yanaşanda daha nələrisə etmək olardı, deyirsən. Sənət əslində mükəmməllikdir və ya mükəmməlliyə can atmaqdır.

- Mehdi müəllim, böyük rus ədəbiyyat tənqidçisi Vissarion Belinski hesab edirdi ki, bir balaca incəsənətin, ədəbiyyatın yaranması üçün böyük tarixi hadisələr baş verməlidir. Biz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində və Xankəndidə qazandığı parlaq Zəfərlərdən sonra böyük tarixi hadisələrin müasirləri və şahidləriyik. Bu tarixi şanlı qələbələr məğrur və qəhrəman xalqımızın ruhunun başdan-başa oyanması, təntənəsi və özünü tam təsdiqidir. Sözsüz, bütün bunlar yeni reallıqlar fonunda tamamilə təzə, gözəl, ürəkli, sevimli, cəsarətli və rəng çalarları baxımından al-əlvan görünür. Maraqlıdır, qalib ölkəmizin bugünkü siması təsviri incəsənətdə necə görünür?

-Bütün dünyanın gözləri qarşısında özünün haqq davasında qalib gəlmiş, tarixi ədaləti bərpa etmiş ölkəmizin bugünkü siması Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin şah əsəridir. Onun simvolu isə xalqımızın öz Lideri ətrafında sıx birliyini nümayiş etdirən sarsılmaz “Dəmir yumruqdur”. Ölkəmizin müasir reallıqları müxtəlif mövzularla rəsm əsərlərində də geniş təzahür edir. Rəssamlarımız xüsusilə müqəddəs şəhidlərimizin,döyüşçülərimizin qəhrəmanlıqlarını və Qarabağda, Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işlərini sevə-sevə parlaq rənglərlə təsvir edirlər. Mən əminəm ki, bütün sahələrdə olduğu kimi müasir, müstəqil Azərbaycanın təsviri incəsənəti də daha böyük uğurlar naminə gələcəyə böyük ümidlərlə addımlayır.

Söhbətləşdi: Elmar Vüqarlı

Gəncə, 02.04.2024-cü il

Seçilən
234
50
Mənbələr
Şərh ()
Bağla