AZ

"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edəcək" — DEPUTAT

Hər il fərqli ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı” (COP) noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə start verib. COP29 Azərbaycana hansı üstünlüklər qazandıracaq?

Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi haqqında qərarın verilməsi hər şeydən öncə böyük bir uğurdur:



“Çünki bu qərarın verilməsi özü belə diqqəti cəlb edir. Belə ki öz ərazilərimizdə antiterror tədbirləri görərək erməni separatizminin kökünü kəsdikdən cəmisi 2 ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsinə dünya ölkələri dəstək nümayiş etdirdi. Bu həm də Azərbaycanın haqlı mövqeyinə dəstək idi. Çünki bilirik ki, bir çox hallarda ölkəmizə qarşı qərəzli mövqelər sərgilənir. Amma COP29-un Azərbaycanda keçirilməsinə dünya ölkələrinin dəstək olması Azərbaycanın bir daha öz ərazilərində həyata keçirmiş olduğu antiterror tədbirlərində haqlı olduğu həqiqətinin beynəlxalq  ictimaiyyət tərəfindən dərk edildiyinin göstəricisidir. 

Məsələnin digər tərəfi ondan ibarətdir ki, ölkəmiz hər zaman iqlim dəyişikliyi məsələsində həssaslıq nümayiş etdirib. Ətraf mühitin və ekologiyanın qorunması Azərbaycanın xüsusi diqqət yetirdiyi sahələrdir. Bunu təkcə öz mövqeyimizlə ifadə etmirik, həm də praktiki addımlarımızda göstərməkdəyik. Bildiyimiz kimi, bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində artıq Azərbaycanın təcrübəsi var. Bu istiqamətdə işlərin genişləndirilməsi də əsas istəklərimizdən biridir”.

Deputat vurğulayıb ki, bu istiqamətdə Azərbaycanın təcrübəsi və iradəsi var:

“İstixana emissiyalarının atmosferə buraxılması, miqdarının azaldılması ilə bağlı da Azərbaycan üzərinə çox ciddi öhdəliklər götürüb. Təxminən 2040-cı ilə qədər onun həcminin 40 faizə qədər azaldılması nəzərdə tutulur. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizi bir daha dünyaya təqdim edəcək. Bununla yanaşı, sözsüz ki, bu, Azərbaycana çoxsaylı qonaqların gəlməsi ilə müşayiət olunacaq. Təxminən 80 mindən artıq insanın ölkəmizə səfəri gözlənilir. Bu, təbii ki, ölkəmizin tanıdılması baxımından, həm də müxtəlif vacib məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli olacaq. Gələcəkdə Azərbaycanın bərpa olunan enerji sahələrinin yaradılması istiqamətində də müzakirələr nəticəsində yeni təcrübələr əldə etmək imkanı olacaq. Bu, Azərbaycan iqtisadiyyatı üçün, eləcə də ətraf mühitin qorunması baxımından çox təsirli rol oynayacaq. Azərbaycan şübhəsiz ki, COP29-u çox uğurla təşkil edəcək. Çünki buna qədər olduqca əhəmiyyətli tədbirlər ölkəmizdə həm təşkilati baxımdan, həm təhlükəsizliyin təmin olunması baxımından yüksək standartlara cavab verəcək səviyyədə təşkil olunub. Bu dəfə də Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edəcək. Bir daha dünyaya  özümüzü güclü, etibarlı tərəfdaş kimi təqdim etmiş olacağıq”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
12
demokrat.az

10Mənbələr