AZ

Böyük Qayıdış strategiyası: ŞUŞA SAKİNLƏRİNİ GÖZLƏYİR - TƏHLİL

Prezident İlham Əliyev: "Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir"

Böyük Qayıdış strategiyasını uğurla gerçəkləşdirən Azərbaycan işğaldan azad olunanərazilərimizədə böyük abadlıq-quruculuq işlərini davam etdirir. Dövlət büdcəsindən ayrılan vəsait hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. İstehsal müəssisələrinin, sosial obyektlərin inşası, açılış mərasimləri görülən işlərin sürətindən xəbər verir. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. 10-dan çox kəndin Baş planı təsdiqlənib və bir neçə kəndin təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.
Görülən işlər Baş planlar əsasında həyata keçirilir. Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. Bir çox kəndlərdə inşaat işləri davam edir. Artıq 6 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Təkcə Füzuli şəhərinə 631 ailə, yəni 2379 nəfər daimi məskunlaşıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları keçmiş köçkünləri doğma yurda aparır. Zəngilanın Ağalı, Laçının Zabux kəndi, Tərtərin Talış kəndi və başqa ərazilərdə əzəli sakinlər yenidən yurd salıblar. Növbəti məhələdə işğaldan azad olunan digər ərazilərimiz də doğma sakinlərini qoynuna alacaqdır. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Belə ki, bu il Kərkicahan, Malıbəyli, Turşsu kəndləri keçmiş köçkünlərin ixtiyarına veriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar: "Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq".

QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA YATIRILAN VƏSAİT

Bu gün ölkəmizin qarşında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızın bərpası, inkişafıdır."Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq", – deyə Prezident İlham Əliyev bildirib.
Bu gün bu və ya digər ərazilər kimi, Şuşa da yeni həatına qovuşub. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi, erməni vandalizminin şahidləri olan güllələnmiş büstlərin - 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin doğma ocağa gətirilməsi ilk addımlar olsa da sonradan qısa bir zmanda görülən işlərin miqyası böyüdü. "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etmiş oldu. Belə bir məğrur şəhər yenidən bərpa olunur və qurulur. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində tikinti işləri aparılır. 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır.
DÜNYANIN MÜASİR BİR ŞƏHƏRİ
Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi, "Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir". Burada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı, Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.
Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamızda Otel-Konqres Mərkəzi Kompleksi istifadəyə verilib. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir.
Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasında əsas faktorlardandır. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. İl ərizində türk dünyasının mədəni tədbirləri keçirildi və bu hələ də davam etməkdədir. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Qarabağın tacı olan Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi böyük həqiqətlərə söykənir. Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiq olan şəhərdir. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
XALQIMIZ ÜÇÜN ƏZİZ, MÜQƏDDƏS MƏKAN
Türk dünyasının mədəniyyət paytaxtından estafet islam dünyasına ötürüldü. Belə ki, dövlət başçısının Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsnadır. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir. Bu gün Şuşaya gələcək hər kəs bu mövcud vəziyyəti bir daha görəcəkdir. Qısa bir zamanda cənnəti xatırladacaq Şuşa nəinki türk, islam dünyasının bütün bəşəriyyətin mədəniyyət paytaxtına çevriləcəkdir. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın tətənəsini yaşayır. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq, quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinləri qoynuna alır."Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılan Şuşaya qayıtmışıq. Qarabağda, Şuşada, "Cıdır düzü"ndə, "Isa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənir, qalib xalqın səsi duyulur. Bütün insanlar bu səsi eşidir. Şuşada Vaqif poeziya günləri, "Xarı bülbül" festivalları keçirilir. Şuşa öz tarixinə, ənənəsinə, milli-mənəvi dəyərlərinə qovuşub.

Zümrüd BAYRAMOVA

Seçilən
46
11
Mənbələr
Şərh ()
Bağla