AZ

Azərbaycan Gənclər Fondunun Naxçıvan filialının təqdimatı olub

Naxçıvan, 5 aprel, AZƏRTAC

Aprelin 5-də Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Gənclər Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Gənclər Fondunun Naxçıvan filialının yeni direktoru Arzu Qasımovu kollektivə təqdim edib.

Bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət-gənclər siyasəti son illərdə daha geniş vüsət alıb. Gənclərin ictimai-siyasi fəallığının artırılması, düzgün istiqamətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialı yaradılıb. Bu gün də həmin filialın əməkdaşları ilə görüş keçirilib, onların görəcəkləri işlərlə tanışlıq olub, tövsiyələr verilib.

Qədir Xəlilov yaxın zamanda Naxçıvan gənclərinin öz aktuallığı, yeni layihələrə müraciət etmə bacarıqları ilə indiyə qədər göstərdikləri nəticələri daha da yaxşılaşdıracaqlarına əminliyini ifadə edib. Qeyd olunub ki, Gənclər Fondunun keçirdiyi layihələr, qrantlar çərçivəsində həmişə Naxçıvan gənclərinin fəallığı müşahidə edilir. Bu fililalın yaradılması ilə qarşıya qoyulan hədəflərə nail olunacaq.

Tədbirdə Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov göstərilən etimada görə minətdarlıq edib və görüləcək işlərə dair üç aylıq planını diqqətə çatdırıb. Bildirilib ki, Naxçıvanda gənclərin və gənclər təşkilatlarının problem və təkliflərinin öyrənilməsi üçün geniştərkibli görüşün keçirilməsi, zəruri olan avadanlıqların təmin olunması nəzərdə tutulur. “İdeyanı reallaşdır – 2023” qrant müsabiqəsi çərçivəsində gəncləri maarifləndirmək, digər fəaliyyətləri həyata keçirmək və Naxçıvanda fəaliyyət göstərən könüllülük proqramlarının səmərəsinin artırılması istiqamətində müxtəlif işlər görüləcək.

Sonda Gənclər Fondunun Naxçıvan filialının yaradılmasının muxtar respublikada gənclər sektorunun inkişafına yeni təkan verməsi və bu sahədə gənclərin fəal iştirakına şərait yaratması haqqında ətraflı məlumat verilib, təkliflər dinlənilib.

 

 

Seçilən
105
50
Mənbələr
Şərh ()
Bağla