AZ

“Belə etsələr, başqa variantlara baxacağıq” – MÜSAHİBƏ

“Mətbuatda çıxan xəbərləri çaşqınlıqla oxuyuruq. Çünki bu məlumatlar məxfidi”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov “RB Sport”a müsahibəsində deyib.

Agent Azərbaycan çempionunun illik məvacibi 200 min avro olan qolkiperin yeni sözləşmə üçün bunun üçqatını tələb etməsi xəbərini təsdiqləyib.

– Andrey, həqiqətən də, “Qarabağ”dan 600 min avro istəyir?

– Mətbuata məlumat sızdıran klub adamlarından fərqli olaraq, rəqəm verməyi etik hesab etmirəm. Danışıqlar sükutu sevir. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim, çünki bu cür davranış qətiliklə Andreyin qalmasına kömək etməyəcək. Lunyov “Qarabağ”a gələndə maaşı ciddi şəkildə aşağı qiymətləndirilib. Klubun onu tanıması, mövqeyini Andreyin səhhəti ilə bağlı risklərlə izah etməsi vacibdir. Son 2 ildə çoxlu zədələr almışdı. Bu vacib təfərrüatı da deyim: 2023-cü ilin qışında, Andrey hələ “Bayer”də olanda “Qarabağ” ona avqustda razılaşdığı maaşdan 2,5 dəfə çoxunu təklif etmişdi. Müqavilə imzalayarkən “Qarabağ”la müzakirə etdik ki, Andrey səviyyəsindən aşağı şərtlərlə anlaşacaq. Razılaşdıq ki, səhhətində heç bir problem olmasa və Lunyov yüksək səviyyədə oynasa, klubun yaxşı nəticələr əldə etməsinə kömək etsə, təqvim ilinin sonuna kimi əmək haqqına yenidən baxılacaq.

– Sərtlərə yenidən baxıldı?

– Hazırda klub maaşları artırmayıb. Yanvar-fevral aylarında “Qarabağ” müqavilənin uzunmüddətli uzadılması ilə bağlı təkmilləşdirilmiş təklif irəli sürdü ki, bu da bizə uyğun gəlmədi. Lunyov layiq olduğundan daha aşağı məbləğdə maaş aldı, rəhbərliyə çıxmadı, artım istəmədi. O, artıq öz dəyərini sübut etdi, klubun bu mövsüm uğurunun vacib komponentidi və müvafiq səviyyədə maaş almağa layiqdi. Üstəlik, Andrey üçün müxtəlif agentlərdən aldığım təkliflərdən görürük ki, digər klublar onun səviyyəsini “Qarabağ”dan dəfələrlə yüksək qiymətləndirirlər. Andreyin 32 yaşı var, ona tələbat çoxdu, yüksək səviyyədə oynayır. Bizə elə gəlir ki, layiqli gəlir əldə etmək hüququ var. Bunda qəribə heç nə yoxdu və klub üçün mənfilik yaratmamalıdı. “Qarabağ”a qoyduğumuz şərtlər tamamilə məqbuldu və həddindən artıq deyil. “Qarabağ”lıların belə davranışı bizim üçün anlaşılmazdır. Klub təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata sızdırıb rəqəmləri açıqlayır. Bunu futbolçuya mənfi reputasiya yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. Mümkün və məqbul şərtlər təklif etdik. Andrey özünü ləyaqətlə aparır. Ona daimi maraq olsa da, digər klublarla danışıqlara getmir. Bütün diqqətini futbola və “Qarabağ”a yönəldib, klub rəhbərliyindən əlavə heç nə tələb etmir, ultimatum vermir.

– “Qarabağ”la müqavilə yayda başa çatır. Sözləşmədə 1 illik uzadılması maddəsi məcburidi?

– Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışdı. Lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Bu seçim mövcuddu, lakin müəyyən hallar baş verdikdə aktivləşdirilir. FİFA təcrübəsi tərəflərdən birinin əmək münasibətlərinin birtərəfli uzadılmasına imkan vermir. İstənilən halda futbolçunun razılığı lazımdı. Klubun endirim etməməli olduğu detallar var.

– Andreyin növbəti mövsümü başqa klubda keçirmək şansı var?

– “Qarabağ”a hörmət edirik və danışıqlara açığıq. Amma “Qarabağ” bu cür davranışını davam etdirsə və bu mövsüm klubun uğurunda ciddi əməyi olan futbolçusu ilə danışıqlar prosesinin nüanslarını açıqlayaraq, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik.

Seçilən
95
2
Mənbələr
Şərh ()
Bağla