AZ

“Servis haqqı”nın tətbiqi “çay pulu” gözləntisini aradan qaldırırmı?

Mütəxəssislər: Müəssisə “xidmət haqqı” tətbiq edirsə,  bu məlumatı müştərilərinə öncədən çatdırmalıdır

Son vaxtlar Bakıdakı bəzi restoranlarda müştəriyə təqdim edilən hesabda masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni “servis haqqı” tələb olunur. Bu məbləğ adətən ümumi məbləğin 10 faizini təşkil edir. Ümumiyyətlə, restoranlarda servis haqları tələb olunmalıdırmı? Bu məbləğ həqiqətən də restoran xidmətçiləri arasında bölünür, yoxsa müəssisənin ümumi gəliri kimi hesaba alınır? 

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi sözügedən məsələ ilə bağlı “İki sahil”in suallarını cavablandırarkən qeyd etdi ki, “servis haqqı” müəssisənin göstərdiyi kompleks xidmətlərə görə tətbiq edilən və dünyada geniş yayılmış bir təcrübədir.

Samir Dübəndinin sözlərinə görə, “servis haqqı” qida və içkilərin xərclərinin üzərinə əlavə edilən göstərilən xidmətlərə görə ödənişdir. Əgər ictimai iaşə müəssisəsi “servis haqqı” tətbiq edirsə, bu məlumatı müştərilərinə öncədən çatdırmalıdır, necə ki, menyuda yeməklərin tərkibi, hazırlanma üsulu, çəkisi, qiyməti, şəkli və sair qeyd edilir.

Müsahibimiz vurğuladı ki, “servis haqqı” və “çay pulu” ənənələri ölkələr üzrə dəyişkəndir. Bəzi ölkələrdə “çay pulu” verilmir, bu hətta təhqir kimi qəbul edilə bilər, digərlərində isə hesabın 10-15 faizini və bundan daha çox peşkəş saxlamaq ənənələri var.

S.Dübəndi qeyd etdi ki, “servis haqqı” və “çay pulu”nun bölünməsində də müxtəlif yanaşmalar var: “Bəzi obyektlər bu pulu toplayıb personal arasında bölürlər.  Yəni, “servis haqqı”ndan həm ön xidmətdə olanlara, həm də mətbəx işçilərinə çatır. Digər obyektlər yığılan vəsaiti müəssisənin xəzinəsinə daxil edirlər, personala isə, misal üçün, məvacibinə üstəlik mükafatlar verirlər. Düşünürəm ki, birinci yanaşma daha ədalətlidir”.

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov isə “İki sahil”ə açıqlamasında söylədi ki, restoranlarda alınan “çay pulu” və yaxud “xidmət haqqı” barədə hər gün  bu quruma istehlakçı sorğuları daxil olur. Artıq son 5 ildir bu, çox geniş yayılıb. Biznes qurumları bilməlidirlər ki, bütün dünyada istehlakçılara  yaxşı  xidmət göstərsən xidmətdən əlavə onlar sənə “çay pulu” verir. İstehlakçı düşüncəsində belə bir əhəmiyyətli an var. Baxmayaraq ki, biznes qurumları ən müxtəlif yollarla istehlakçıları soymaq istəyir. Lakin bütün hallarda istehlakçı ürəyiyumşaqdır, daim yaxşı xidmət göstərənə əvəz vermək istəyir.

Eyyub Hüseynovun sözlərinə görə, bəzi ölkələrdə “servis haqqı” kassa çekinə yazılmır: “Məsələn, Kanadada hesabın 20 faizinə qədər birbaşa ofisianta xidmət haqqı verilir. Ofisiant da ola bilər ki, həmin məbləği mətbəxdə ya kiminləsə bölüşdürür, ya da bölüşdürmür. Azərbaycanda isə xidmət haqqı kassa çekinə yazılır, müxtəlif miqdarda qoyulur. Təəssüflər olsun ki, bununla bağlı restoranlar üçün heç bir qayda mövcud deyil. Azad İstehlakçılar Birliyi olaraq istehlakçılara bu çağırışı edirik ki, əvvəlcədən müəssisədən soruşun, bilin ki, orada “xidmət haqqı” alınır, ya yox. Restoran sahiblərinə müraciət edirik ki, “xidmət haqqı ilə bağlı məlumatı menyuya daxil edin və göstərin ki, istehlakçılar bunu öncdən bilsin”.

Həmsöhbətimiz vurğuladı ki, hər bir restoran özü “xidmət haqqı”nı müəyyən edir. Heç bir qanunvericilikdə “xidmət haqqı”nın nə qədər olması barədə müddəa yoxdur. Kassa çekinə yazılmadığı halda bəzən də restoranda istehlakçılar bu pulu birbaşa ofisiantlara verirlər. Lakin istehlakçılar “xidmət haqqı” verməyə də bilər. Qanunda istehlakçının “xidmət haqqı” verməsi ilə bağlı hər hansı  tələb yoxdur. Bu, restoranların öz siyasətidir.  Adətən, bu “xidmət haqqı” və yaxud da “çay pulu” orada oxuyan müğənnilərin oxunmasına gedir. Yəni, əksər hallarda, “xidmət haqqı”nın yeməklə əlaqəsi olmur. 

E.Hüseynov bildirdi ki, restoranlardakı problemlərlə bağlı   aidiyyəti qurumlar qarşısında məsələ qaldıranda bu məsələyə laqeyd münasibət bəsləyirlər. Deyirlər ki restoranlar özləri bilərlər istehlakçı ilə necə davranırlar. Çox təəssüf ki, bu, vəziyyət var, istehlakçı hüquqları qorunmur,  müştərilərin soyulması, keyfiyyətdə aldadılması baş verir.

İqtisadçı-ekspert  Xalid Kərimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ticarət və ictimai iaşə obyektləri qiymət təyin etməkdə sərbəstdirlər: “Bəs “servis haqqı” qoyula bilərmi deyə ” sual etsəniz cavabım belə olacaq ki, bəli, qoyula bilər. Amma müştəri əvvəlcədən bu haqda məlumatlandırılmalıdır ki, sonda o, sürprizlə qarşılaşmasın. Belə olanda bir problem qalmır. Yəni, tranzaksiya getmədən öncə müştəri bilir ki, ödəyəcəyi məbləğə yediyi kababın qiymətinin 10 faizi qədər də “servis haqqı” əlavə olunacaq. Əgər müştəri  “servis haqqı” haqqında məlumatlı deyilsə, bu artıq problemdir və müştərinin aldadılması deməkdir”.

Xalid Kərimlinin sözlərinə görə, müştəri “servis haqqı”nı ödədikdən sonra da, bəzi ofisiantların ondan “çay pulu” gözləntisi olur. “Servis haqqı” kimi formalaşan “çay pulu”lar  restoran işçilərinin arasında bölünməlidir kimi qayda yoxdur. Qərar restoran sahibinin istəyindən asılıdır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nərmin Zülfüqarlı “İki sahil”ə açıqlamasında vurğuladı ki, xidmət haqqı restoranlarda müştərinin hesabına əlavə edilən ödənişdir. Bu haqq adətən təqdim edilən ödəniş məbləğinin 10-20 faizini təşkil edir. Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən məsələ ilə bağlı  hər hansı norma mövcud deyil. Bu məsələ restoranlar tərəfindən öz iş prinsiplərinə uyğun olaraq müəyyənləşdirilir.

Servis haqqı dedikdə təkcə masa xidmətçisinin göstərdiyi xidmətə görə alınan pul məbləği deyil, yeməyin hazırlanması, çatdırılması, məkanda musiqinin təşkili və digər xidmətlərin göstərilməsi ilə əlaqədar olan ödənişlər nəzərdə tutula bilər. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
ikisahil.az

10Mənbələr