AZ

“İtini götür, atını da min get Danabaş kəndinə!” – Alim AMEA prezidentini “kəndxuda” adlandırdı

Dahi Üzeyir bəyin məşhur “O olmasın, bu olsun” operettası əsasında ekranlaşdırılmış eyniadlı bədii filmdə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin obrazı da var. Filmdə həmin obrazın dilindən “nə qədər yazırıqsa, bu dünya düzəlmir ki, düzəlmir” sitəmini eşidəndə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları yada düşür.

Son dövrdə belə təəssürat yaranıb ki, AMEA əməkdaşları elmi işlərlə məşğul olmaq əvəzinə, qurumdakı problemlərdən yazmağa məcbur olublar. Amma nə qədər yazırlarsa da, Mirzə Cəlil demişkən, heç nə düzəlmir. Çünki vaxilə cəmiyyətdə məbəd kimi qəbul edilən, rəhbərlərinin sanballı şəxsiyyət təsiri bağışladığı Elmlər Akademiyasında indi çox şey dəyişib.

Hətta işlər o dərəcədə baş-ayaq olub ki, bu yaxınlarda AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə şəxsi “Facebook” səhifəsində paylaşdığı statusda ad çəkmədən rəhbərini “Danabaş kəndinin kəndxudası” adlandırıb. Statusda söhbətin Naxçıvanın Şərur rayonunun Danzik kəndində dünyaya gəlmiş AMEA prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəylidən getdiyi dərhal aydın olur.

Oğlumdan

Ramin Əlizadənin görkəmli ədib Mirzə Cəlil Məmmədquluzadənin ünvanına dediyi fikirlə razılaşmasaq da, yazdığı statusun bir hissəsini olduğu kimi təqdim edirik:

“Şəhərin mərkəzində AMEA-nın möhtəşəm binasını yalnız orden, medal vermək üçün istifadə edən, özü Danabaş kəndindən ola-ola, dəyərli alimlərlə də Danabaş kəndinin qanunları ilə davranan, Mirzə Cəlildən “elmi iş” yazıb axırda onun satirik obrazına dönən adam… Hələ indiyədək cənab Prezidentin çağırışlarına cavab verə bilməyən, erməni təbliğatına qarşı tutarlı elmi dəlillərə əsaslanan layiqli bir araşdırma kitabı yazmaya, beynəlxalq konfrans keçirməyəsən, özünü də elmi cəmahiriyyənin rəhbəri kimi aparasan. Ay Danabaş kəndinin kəndxudası, səni ora qoyublar ki, düzələsən, doğru addımlar atasan, itin qabağına ot, atın qabağına ət qoymayasan…

Bu binada hamı səni deyir, ora-bura boylanma, baş mühasibini çağır, gestapo rejiminə təhkim etdiyin alimə nə maaş verirsən, bax utan!

Otunu da, ətini də, itini götür, atını da min get Danabaş kəndinə!”.

Bu yaxınlarda 77 yaşlı tanınmış alimin pulsuzluq üzündən kirayədə qaldığı evdən çıxarıldığı və 5 min kitabı ilə birlikdə 4 gün küçədə qaldığını eşidəndə adamın yadına AMEA düşdü. Amma həmin ağır günlərdə ilahiyyatçı-alimin, fəlsəfə doktorunun, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılovun yanında AMEA administrasiyasının bir nümayəndəsi belə görünmədi.

Alimlərə həm də ev tikməklə və paylamaqla məşğul olan qurum Fazil İsmaylovun AMEA-da çalışmadığını deməklə öz vəzifəsini bitirmiş saydı.

Nə yaxşı ki, naşir Şahbaz Xuduoğlu varmış. Elə həyəcan təbili çaldı ki, xalqımız və Heydər Əliyev Fondu aliminə sahib çıxdı.

Daha demirik ki, bu hadisə xaricdə baş versəydi, belə biganəliyə görə AMEA prezidenti haqqında hansı ictimai rəy yaranardı və bu, hansı nəticələrə gətirib çıxarardı…

KONKRET.az-ın analitik qrupu

Seçilən
193
50
Mənbələr
Şərh ()
Bağla