AZ

"Bu, qeyri-bərabər şəraitin yaradılması deməkdir" - Ekspert

"DİM-in imtahan nəticələri təhsilin keyfiyyətinin artması və ya azalması kimi qəbul edilə bilməz. Sualların çətinlik dərəcəsi eyni qalsaydı, bunu meyar kimi qəbul etmək olardı. Lakin illər üzrə çətinlik dərəcəsi müxtəlif olur".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bunun əksini düşünənlər ötən və bu ilin buraxılış imtahanının sual kitabçasını yanaşı qoyub, fərqi asanlıqla görə bilər:

"Məhz bunun məntiqi nəticəsidir ki, ötən il bir şagird belə 300 bal toplaya bilməyib. Bu il 14 nəfər 300 bal toplayıb. Nə baş verdi? Bir il ərzində orta təhsilin keyfiyyət göstəricisi 1300 faizdən çox yüksəldi? Düzdür, sualların çətin və ya asan olması imtahan verənlərin qəbul olmasına əlavə fürsət yaratmır. Bütün hallarda ən yüksək bal toplayanlar seçilir. Çünki, suallar çətin olanda da, asan olanda da savadlı abituriyentlər daha çox bal toplayır və qəbul yerlərini onlar doldurur. Amma sulların asan-çətin faktoru sonda abituriyentə ciddi təsir edir. Çünki təhsilin müxtəlif pillələrində və dövlət proqramlarında iştirak edən zaman qəbul balı vacib rol oynayır. Məsələn, Xaricdə Təhsil Proqramına (DP) müraciət etmək üçün qəbul balı 500+ olmalıdır. Ötən il nisbətən çətin suallarla 490 bal toplayan tələbə 4 il sonra DP-yə müraciət etmək şansını itirib. Amma onunla eyni savadda olan başqa abituriyent bu il asan suallar olduğu üçün rahatlıqla 500+ toplayacaq və vaxtı çatanda DP-yə müraciət edəcək. Bu insanlar üçün qeyri-bərabər şəraitin yaradılması deməkdir".

Ekspert qeyd edib ki, oxşar mövzu Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanların da baş verib: "Sualların çətinlik dərəcəsi bəzi illərdə kəskin fərqli olduğundan müəllimlər növbəti illərdə yerdəyişmə üçün müraciət etdiyi zaman ədalətli rəqabət mühiti yaradılması mümkün olmur. Məsələn, biri nisbətən çətin suallarla 56 bal toplayaraq müəllim kimi qəbul olub, digəri sonrakı ildə asan suallarla 59 bal toplayıb. Üç il sonra onlar yerdəyişmə üçün müraciət edən zaman asan suallarla qəbul olan müəllim qeyri-bərabər şəraitdə qalib gəlir, digəri uduzur. Bu qeyd etdiklərim saysız-hesabsız hallardan sadəcə ikisidir. Buna görə də imtahan suallarının çətinlik dərəcələrinin nisbi bərabərliyinə ciddi önəm verilməlidir. Yeniliklər mütləqdir. Biz də bunun tərəfdarıyıq. Amma yenilik adı ilə hər il sual kitablarını “təqdiqat laboratoriyası”na çevirməməlidir. Buraxlış imtahanlarında olan bu yanaşma qrup imtahanlarında da tətbiq edilsə, qəbul balları ötən illə müqayisədə 30-50 bal yüksələcək. Valideynlər yer seçimləri zamanı bu faktoru mütləq nəzərə alsınlar".

Seçilən
196
50
Mənbələr
Şərh ()
Bağla