AZ

"İmtahanın birinci mərhələsində maksimum bal toplayanların sayı əvvəlki illərdən daha çox olacaq"

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan verən şagirdlər arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, digər illərlə müqayisədə bu il maksimum bal toplayanların sayı yüksəkdir.Təhsil eksperti Kamran Əsədov AzVision.az -a bildirib ki, göstərilən nəticə gözlənilən idi.

Onun sözlərinə görə, əvvəlki illərin test tapşırıqları ilə müqayisədə bu il keçirilən buraxılış imtahanlarında sualların ağırlıq səviyyəsinin az olduğu müşahidə olunur:

“Digər tərəfdən etiraf edək ki, pandemiyanın artıq mənfi təsirlərinin aradan qalxdığını da görürük. Yəni 2020-ci ilin martında pandemiya səbəbindən tədrisin normal təşkili həyata keçirilə bilmirdi. 2021-2023-cü illərdə imtahan verən şagirdlərin böyük əksəriyyəti təhsillərini pandemiya dövründə almışdılar. Ona görə nəticələr zəif idi. Artıq virus dövrü aradan qalxıb. Uşaqlar kifayət qədər proqram üzərində işləyə bilirlər.


Həmçinin burada bir məsələ var: tədrisin təşkilində məktəblər, regional təhsil idarələri keyfiyyətə maraqlıdır. Bunu yaxşı xəbər kimi qiymətləndirə bilərik ki, artıq regional idarələr özləri mütəmadi olaraq məktəblərdə monitorinq imtahanları keçirirlər. 14 nəfərin belə yaxşı nəticə göstərməsini son üç il ərzində təhsil sistemində düzgün strategiyanın nəticəsi kimi də dəyərləndirmək olar. İmtahanın birinci mərhələsində maksimum bal toplayanların sayı əvvəlki illərdən daha çox olacaq. Bizim şagirdlərimizə hazırkı test tapşırığı modelləri tanışdır”.

Ekspertin fikrincə, sevindirici xəbərlərdən biri də odur ki, bölgə, kənd məktəbləri kifayət qədər yaxşı nəticə göstərib:

“Amma özəl, təhsil haqqısı yüksək olan məktəblərdə şagirdlər arasında maksimum bal toplayan yoxdur. 14 nəfərdən 13-ü qız şagirdimizdir. Qızların təhsilə ciddi şəkildə cəlbi və yaxşı nəticə göstərməsi istiqamətində işlər var. Bu, son üç il ərzində təhsil sistemində düzgün strategiyanın nəticəsidir. Buna qədər məktəblər, regional təhsil idarələri prosesdən müəyyən qədər kənarda idilər. Yükü hazırlıq kurslarının, repetitorların üzərinə atmışdılar. Amma indi özləri müəyyən qiymətləndirmələr həyata keçirirlər və təhsil artıq hamının işi olub. Ona görə də yaxşı nəticə var”.

Həmidə İbrahimova

AzVision.az

Seçilən
77
3
Mənbələr
Şərh ()
Bağla