AZ

Yeni tarixi mərhələdə milli ideya

VI MƏQALƏ
Nizamı qaranlıq düşməmişdən yaratmaq lazımdır.
Lao Szı
Məlum olduğu kimi, yeni tarixi mər­hələdə milli ideyanın nəzəri bazasını tarixi ədalətin bərpası, milli qürurun tə­mini və beynəlxalq hüququn bərqərar olması təşkil edir. Bu üç faktoru Prezi­dent İlham Əliyev II Qarabağ savaşının nəticəsi olaraq ərazi bütövlüyünün tam bərpasını qiymətləndirərkən ifadə et­mişdi. 
Qısa antiterror tədbirləri nəticə­sində ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində təsbiti baxımından və dövlət müstəqilliyinin özünütəsdiqi aspektində əhəmiyyətli olan suverenli­yin tam təmini milli ideyanın indiki tarixi mərhələdə məzmununa yeni çalarlar əlavə edir. Bununla müasir müstəqil dövlətçiliyin siyasi meyarları kimi ərazi bütövlüyü ilə suverenliyin sintezi döv­lətin ümumi xarakteristikasını müəyyən etməyə ciddi dəstək verir. 
Milli ideyanın müəyyənləşdirilmə­si baxımından söhbətin hansı dövlət­dən getdiyinin siyasi ölçüləri də dəqiq müəyyən edilməlidir. Daha konkret formada dövlətin hansı kateqoriyaya aid olması milli ideyanın düzgün məz­munlaşmasının təməlində durmalıdır. Bir mərhələnin başa çatması ilə Azər­baycan müstəqil dövlət olaraq hansı kateqoriyaya aid edilməlidir?
Güclü dövlətin milli ideyası
Müasir politoloji kriteriyalara görə, ərazi bütövlüyünü öz gücünə bərpa edən və suverenliyinə tam nail olan müstəqil dövlət güclü dövlətdir! Bu dövlətin gücü iqtisadi sistemin inkişafı­na, cəmiyyətin bütövlüyünə, hərbi-mü­dafiə qüdrətinin dinamik yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərə, mədəni in­kişafın tempinə əsaslanır. Onlar ərazi bütövlüyünün bərpası, millətin qüruru­nun özünü göstərməsi və fəaliyyətində beynəlxalq hüquqa əsaslanması kimi vacib faktorlarda öz ifadəsini tapmışdır. Deməli, yeni tarixi mərhələdə Azərbay­canın milli ideyası güclü dövlətin inki­şafına xidmət edən məzmunda olmalı­dır. Bunu necə etmək olar?
Məncə, güclü dövlətin milli ideyası müasir dövrün çağırışlarına önləyici reaksiya verə bilən kriteriyaları özündə ehtiva etməlidir. İndi proseslərin arxa­sınca getmək dövlətin gücünü azaldır. Dövlət qarşısına qoyduğu milli ideyanı reallaşdırmaq üçün iqtisadi, sosial, mə­dəni, mənəvi, energetik, informasiya və kommunkasiya sferalarında çevik işləyən sistem qurmalıdır. Bütövlük­də, onlar kompleks halında istənilən çağırışa kreativ (praktiki-tətbiqi aspek­tdə yaradıcı) reaksiya verməlidirlər. Əlbəttə, bu proses o zaman milli ide­ya statusunda işləyə bilir ki, konkret olaraq strateji məqsəd milli ideya kimi müəyyən edilsin. Məsələn, öncəki mər­hələdə başlıca strateji hədəf ərazi bü­tövlüyünün təmini idisə, qarşıdakı tarixi mərhələdə nə olmalıdır? 
Bu prizmada milli ideyanın önləyi­ci reaksiya verə biləcək kriteriyalarını iki qrupda cəmləşdirmək olar. Birinci qrupda cəmiyyətin sosial, iqtisadi, tex­niki, texnoloji və informasiya tərəqqisini təmin edən əsas meyarlar yer almalı­dır. İkinci qrupda isə dövlətin gücünün cəmiyyətin bütövlüyünün təmini şərti ilə ən inkişaf etmiş ölkələr üçün qoyu­lan tələblər səviyyəsində dinamik art­masına xidmət edən kriteriyalar – fak­torlar cəmləşməlidir. 
Hər iki qrup üçün mərkəzi punkt kimi insan faktorunun inkişafı götürül­məlidir. Deməli, yeni tarixi mərhələdə milli ideya insan faktoruna əsaslanan dinamik tərəqqini təmin edən başlıca faktorlardan təşkil olunmalıdır. Burada da bir prinsipin tam ödənilməsini vacib şərt sayırıq: Güclü Azərbaycanın milli ideyası hər bir variantda davamlı və dayanıqlı inkişaf paradiqmasına əsas­lanmalıdır! 
Bunlardan yeni tarixi mərhələdə milli ideyanın başlıca tezisini (həm də strateji hədəfini, məqsədini) belə ifadə edə bilərik: vətəndaşı güclü olan bütöv cəmiyyətlə güclü dövlətin birliyinə doğ­ru! Hansı səbəblərdən milli ideyada məsələnin bu istiqamətdə qoyulmasını daha doğru hesab edirik?
Əgər milli ideya probleminə geniş aspektdə baxsaq, çox sayda faktorları vurğulamaq lazım gəlir. Ancaq proble­mi bir qədər fokuslaşdırsaq, görərik ki, müasir dövrün tələbləri sırasında artıq müstəqil dövlətlərin həm bütöv cəmiy­yət (kollektiv reallıq) həm də dövlətlər qrupunun üzvü kimi fəaliyyəti bey­nəlxalq miqyasda həlledici mexaniz­mə çevrilir. Qarşıdakı dövrdə bu pro­sesin sürətlənəcəyi proqnozlaşdırılır. Yəni, istənilən güclü dövlət üçün, bi­rinci, özünün daxili birliyi şərtdir. Bura ümumi halda vətəndaş-toplum (kol­lektiv) birliyi, siyasi birlik, mədəni bir­lik, xalq-lider birliyi daxildir. İkinci, bu birliyə söykənərək regional miqyasda uğurlu fəaliyyət göstərmək və hər iki miqyası eyni uğurla qlobal miqyasa proyeksiya etmək lazım gəlir. Başqa halda dövləti güclü qəbul etmək şübhəli görünür. 
Bu, o deməkdir ki, yeni tarixi mər­hələdə dövlətin gücü yalnız daxili im­kanlarla ölçülməyəcək, yaxud ancaq qlobal miqyasda nüfuzla müəyyən olunmayacaq: real güclü dövlət hər iki səviyyədə gücü bir-birinə uyğunlaşdır­malı, onları ahəngdar tərəqqi müstəvi­sində daim saxlamalıdır!
Təbii ki, bu, həm mürəkkəb, həm də olduqca çətin prosesdir. Lakin dövr artıq daxili mühitlə xarici mühiti yeni səviyyədə birləşdirirsə, onları hər bir prinsipial məsələlərdə vəhdətdə gö­rürsə, onda güclü olmaq üçün başqa yol qalmır. Əvvəlki mərhələlərdə xari­ci sayılan faktorlar indi həm də daxili amillər kimi dövlətin funksionallaşma­sında rol oynamalıdır. 
Onu vurğulayaq ki, burada ziddiy­yətlər də az olmaya bilər. Çünki uzun əsrlərdən sonra hər hansı cəmiyyətin və dövlətin “ətraf aləmlə” bu cür inteq­rasiyası meydana həlli çətin yeni prob­lemlər çıxaracaq. Güclü olmaq üçün həmin ziddiyyətlər aşılmalıdır. Hər şə­raitdə dövlətin vətəndaşı güclü olma­lıdır. Vətəndaşın güclü olması hansı anlamı verir?
Güclü insan və fəal vətəndaş 
Güclü insan güclü vətəndaş olma­ya da bilər. Fərd olaraq özünü inkişaf etdirən insanın konkret dövlətin güclü vətəndaşı olması üçün başqa şərtlər də vacibdir. Məsələn, insan xüsusi bə­dən tərbiyəsi üsulları ilə fiziki güc qa­zanar. Psixoloji təmrinlər ilə öz psixoloji vəziyyətini yüksək səviyyəyə çatdırar. Mədəni, mənəvi, əxlaqi və digər krtite­riyalar üzrə də inkişafa nail olar. Eyni məntiqlə intellektini inkişaf etdirər, məsələn Eynşteyn indeksi üzrə birinci olar və s. Belə bir insanı güclü qəbul ediriksə, bu, avtomatik olaraq onun güclü vətəndaş olmasına dəlalət etmir. 
Burada dövlətçilik və kollektivçi­lik baxımından prinsipial bir məqam vardır. Güclü insanın güclü vətəndaş olması üçün onun fərdi maraqları ilə kollektiv maraq arasında münasibəti dövrün tələblərinə uyğun müəyyən et­məsi zəruridir. Daha lakonik ifadə et­sək, insan kollektiv (milli, dövləti) ma­raqlara üstünlük verməyi tam legitim və təbii keyfiyyət kimi anlamalıdır! 
Bu isə insanın cəmiyyətdə tərbiyəsi məsələsini aktuallaşdırır. Bununla ya­naşı, cəmiyyətin insan üçün qayğıkeş, inkişafetdirici, potensialı reallaşdıra biləcəyi mühitin yaratmasını tələb edir. Deməli, yeni tarixi mərhələdə kollekti­vçilik aparıcı olsa da, bütün fəaliyyətin təməlində fərdlərin güclü olmasının təmini dayanır. Artıq əsas yük dövlət və cəmiyyətin üzərinə düşür. İnsan tərbiyəsi buna görə ilk sıraya çıxır və strateji sərvət statusunu alır. Məhz buna görədir ki, Prezident İlham Əliyev andiçmə mərasimində yeni tarixi dövr üçün əsas olan vəzifələr sırasında gənc nəslin tərbiyəsini ayrıca vurğula­mışdır. 
Bu aspektdə yeni tarixi mərhələdə milli ideyanın reallaşması kontekstin­də gənc nəslin tərbiyəsi önə çıxmalıdır. Bura mənəvi, əxlaqi, psixoloji, intellek­tual inkişafla yanaşı, təhsil almaq və sosiallaşmaq kimi əhəmiyyətli faktorlar da daxildir. Onların qarşılıqlı əlaqəsi priz­masında toplumda gənclərin tərbiyəsini yeniləşdirmək olar. 
Bu da tarixi prosesdir və əsas məqamlardan biri ənənə ilə müasirli­yin optimal nisbətini müəyyən etməklə bağlıdır. Bizcə, tərbiyədə Azərbaycan ənənəsi mütləq olmalıdır. Onu başqa heç bir tərbiyəvi faktor əvəz edə bilməz. Lakin ənənənin müasirləşmə ilə nisbəti də dinamik dəyişən parametrdir. Onun düzgün müəyyənləşməsi strateji vacib məsələdir. Bu məqamda da Azərbay­canın dövlət və cəmiyyət olaraq qarşı­sına yeni problemlərin atılması istisna deyildir. Biz ilk növbədə təhlükəsizlik məsələsini nəzərdə tuturuq. 
XXI əsrin təcrübəsi göstərir ki, çox müxtəlif istiqamətlərdən və fərqli tərzdə müstəqil dövlətin və cəmiyyətin bütöv­lüyünü pozmağa istiqamətlənmiş təsir­lər getdikcə daha incə, gizli və maskalı üsullarla tətbiq edilir. Bu proses cəmiy­yətin, demək olar ki, bütün sferalarını əhatə edir. Ona müxtəlif adlar qoymaq olar: hipermüharibə, intellektual mü­haribə, informasiya müharibəsi, gizli savaş və s. Lakin, hər bir halda, söh­bət fiziki-coğrafi sərhədi olmayan və cəmiyyətin hər bir nöqtəsində fərqli təzahür etdirilən informasiya, psixoloji, fiziloji, fiziki, mənəvi təsirlərdən gedir. İlk baxışdan onlar təhlükəli görünməyə bilər – söz azadlığı, insan haqları, azad inkişaf, intellektual inkişaf etmə, bəşəri olmaq, demokratikləşmək, liberallaş­maq və s. kimi ibarələrlə dövriyyəyə buraxıla bilər. Lakin bu gedişatın top­lumsal miqyasda real təsirləri konkret olaraq birliyi, mənəvi-əxlaqi sağlamlığı sökdüyünün şahidi oluruq.
Məsələn, müxtəlif bəhanələrlə müstəqil dövlətdə ailə institutunu zəif­lətməyə yönəlmiş addımlar atırlar. Bunun üçün insan haqları, gender bə­rabərliyi və demokarik həyat tərzi adı altında cinsi pozğunluğu iradə azadlığı kimi təqdim etməyə çalışırlar. Hazırda əsasən Qərbdə vüsət alan eybəcər mənəvi faktorları Azəbaycanda da sti­mullaşdırmağa cəhdlər edirlər. Nəticəsi nə olur? 
Birincisi, cəmiyyət özü-özünü aşa­ğılamağa meyilli hala gəlir. 
İkincisi, ailə modeli laxlayır və ye­nisi yaranmır. Bunun fonunda dağılan gənc ailələrin sayı getdikcə artır. 
Üçüncüsü, ailə münasibətlərində ənənəvi olduğu kimi mənəvi, əxlaqi, dini, mədəni faktorlar deyil, utilitar, iq­tisadi, “çörək pulu” faktorları yayılır. Meydana həm kriminal xarakterli, həm də ailə strukturunun qorunması ilə bağ­lı problemlər çıxır. 
Bütün bunlar artıq digər müstəqil dövlətlərdə olduğu kimi, Azərbaycan üçün də milli təhlükəsizlik məsələsinə çevrilmişdir. Əgər bu tendensiya qalsa, hansı əsasla biz yeni tarixi mərhələdə davamlı inkişafdan danışa bilərik. Eyni zamanda, vurğulanan şərtlər daxi­lində yeni milli ideyanı həyata keçirə bilərikmi? Bu suallara cavab üzərində düşünməli və konkret qərarlar qəbul etməliyik. 
Həmin suallara cavab axtarışları kontekstində Prezident İlham Əliye­vin andiçmə mərasimində vurğuladığı bütün məqamlar çox vacib əhəmiyyət kəsb edir. Onlar milli təhlükəsizliyə ola biləcək təhdidləri tam neytrallaşdırmaq üçün arxivacibdirlər! Həmin bağlılıqda biz gənc nəslin tərbiyəsini Preziden­tin xüsusi vurğulamasını qeyd etdik. Deməli, bu məsələ yeni milli ideyanın reallaşmasında başlıca komponentlər­dən biri olacaqdır. 
Bu istiqamətdə təhlilə davam etsək, Prezidentin ifadə etdiyi fikirlərin yeni mərhələdə milli ideya kontekstində va­cibliyini aydın görə bilərik. 
(ardı var)
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
89
17
Mənbələr
Şərh ()
Bağla