AZ

"Tarixi faktlar ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı"


Azərbaycana və azərbaycan xalqına dəfələrlə törədilmiş soyqırım silsilələrindən biri də 31 Mart  - soyqırımı aktıdır. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif ərazilərində, həmçinin,  Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlıları 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında azərbaycanlılara qarşı vəhşicəsinə soyqırım aktı törədiblər. Xalqımıza qarşı illər boyu törədilmiş və heç vaxt tarixi dəyəri verilməmiş bir çox soyqırımlar mövcüd olmuşdur.Yuxarıda adını qeyd etdiyimiz bu soyqırım aktı da o qəbildəndir.Tarixi faktlara əsasən erməni  əsilli Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Onun başçılıq etdiyi bolşeviklər Bakı Soveti Bakı quberniyasında hakimiyyətini ələ keçirmişdir.
Bəs, bu soyqırımı aktı necə baş vermişdi? 1918-ilin mart ayının sonlarına yaxın Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir. General Talışinski  Bakıya daxil olarkən, general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar.Bu səbəbdən də şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar. Bu silahlı münaqişə martın 30-dan aprelin 2-nə qədər Bakıda davam etmişdir və tarixdə \"1918-ci ilin Mart Günləri\" kimi qalmışdır. 

Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən 1919-1920-ci illərdə martın 31-də baş verən faciə ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin zaman keçdikcə unudulub yaddan çıxmışdı. Buna səbəb isə Azərbaycan Xalq Cumhuriyyətinin dağılması, Ölkəmizdə Sovet Sosialist Respublikasının elan edilməsi idi.

Mart qırğınları nəticəsində bir çox qədim binalar, ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutularaq dağıdılmışdı. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı. Daşnak silahlıları karvansarada vəhşilik edərək öldürdükləri insanların meyitlərini elə oradaca da yandırmışdılar. 
Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib.

Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdir. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000-dən çox erməni əsgərinin və 60-dan çox  maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur.
Quba qəzasında da qanlı hadisələr eyni şəkildə cərəyan etmişdi. Erməni hərbi dəstələri 122 kəndi yandırmış, bir çox kişi, qadın və uşaq qətlə yetirilmişdir. Xeyli sayda insan isə yaralanmışdı.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərinin faktları üzə çıxarılıb. Bu ərazidə on minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti duyularaq Quba soyqırımı Memorial Kompleksi yaradılıb.Bu Memorial Soyqırımı Muzeyi Azərbaycanın tarixi həqiqətlərinin,erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. 

Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixi məsələləri yeni mərhələyə qədəm qoydu. Azərbaycan-Ermənistan arasında olan münasibətlərin ağır nəticələri bu mübarizənin vacibliyini və hətta bu mübarizədə gecikdiyimizi ortaya qoydu. Bu səbəbdən də Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilədi.

Ulu öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli \"Azərbaycanlıların soyqırımı haqqında” olan bu Fərmana əsasən 1918-ci il martın 31-i aprelin 3-ü ərzində baş verən qətliamlara siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Eyniliklə, Ulu öndər Heydər Əliyev 1998-ci il martın 26-da \"31 martın Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi haqqında”olan Fərmanda deyib:

Azərbaycanda əsrlər boyu baş verən bütün faciələri ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətini təşkil etmişdir. Bu hadisələrin isə yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamçısı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” 

Beləliklə, 31 mart-Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.Bu formatda təşkil olunan soyqırımlar isə beynəlxalq səviyyədə sülh və bəşəriyyətin təhlükəsizliyi və insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Bununla yanaşı biz  Azərbaycan xalqı olaraq Ulu Öndər Heydər Əliyevin müxtəlif tarixi məqamlarda şəraiti düzgün qiymətləndirib, siyasi uzaqgörənlik nümayiş etdirərək hadisələrə vaxtında xalq və dövlət naminə düzgün qərarlar verməsinin şahidi olmuşuq. Həmin qərarlar bu günkü Azərbaycan dövlətinin də siyasi, iqtisadi, hərbi və ideya baxımından güclənməsində aparıcı rola malik olmuşdur. Prezident İlham Əliyevin də apardığı xarici siyasətin əsas amalı Azərbaycan gerçəklərini beynəlxalq aləmdə tanıtmaq, erməni terrorçularının xalqımıza qarşı törətdikləri cinayətlərin ifşasına nail olmaqdır.

Erməni millətçilərinin və onlara dəstək olan havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımların məqsədi etnik təmizləmə və azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq cəhdi, bu ərazilərdə \"Böyük Ermənistan”dövləti yaratmaq, eyni zamanda bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırımaq cəhdi idi. Onlar \"Yazıq, məzlum erməni xalq\"ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər isə soyqırım qurbanları kimi qələmə verilirdi. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı.

Ümumiyyətlə, bu hadisələrin hər biri Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına sahib olmaqdan ötrü atılan addımlardır. Biz vaxtaşırı olaraq hər bir soyqırım ildönümü ərəfəsində bu mövzuya ona görə qayıdırıq ki,tarixdən nəticə çıxaraq.

Abasov Elnur Ədalət oğlu, İctimai xadim.
Seçilən
217
50
Mənbələr
Şərh ()
Bağla