AZ

“Oppenheymer” filmi atom bombasından zərər görmüş Yaponiyada göstərilib

“Oppenheymer”

Bakı, 30 mart, AZƏRTAC

2024-cü ildə “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülmüş “Oppenheymer” filmi premyerasından səkkiz ay sonra atom bombasından zərər görmüş Yaponiyada göstərilib. Bu barədə “Reuters” agentliyi xəbər verib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Kristofer Nolanın amerikalı fizik, atom bombasını icad edən Robert Oppenheymer haqqında lentə aldığı ekran əsəri bütün dünyada nüvə silahından zərər çəkən yeganə ölkə olan Yaponiyada xəbərdarlıq işarəsi ilə nümayiş etdirilib. Kinoteatrların girişlərində yerləşdirilən məlumat lövhələrində qeyd olunub ki, filmdə həmin bombardmanları xatırladan nüvə sınaqları barədə kadrlar yer alıb.

Bombardmandan sağ çıxan 86 yaşlı Teruko Yahata xəbər agentliyinə deyib ki, o, filmin nümayişini dəstəkləyib, çünki bu, nüvə silahları ilə bağlı müzakirələrə səbəb ola bilər.

Əvvəlcə “Universal Pictures” şirkəti bu filmi Yaponiyada nümayiş etdirməyi nəzərdə tutmurdu. Sonra onun nümayişi hüququnu yapon prokatçısı “Bitters End” alıb.

Yaponiyanın Xirosima və Naqasaki şəhərləri İkinci Dünya müharibəsi zamanı nüvə bombardmanına məruz qalıb.

Bu yaxınlarda məlum olub ki, filmin rejissoru Kristofer Nolan Böyük Britaniyada “cəngavər” rütbəsinə layiq görüləcək.

Seçilən
187
37
Mənbələr
Şərh ()
Bağla