AZ

“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə nümayiş olunub - FOTO

“Arşın
İsveçrənin Cenevrə şəhərinin “Les Salons” teatrının səhnəsində Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası uğurla nümayiş olunub. Tədbir Azərbaycanın zəngin mədəni irsinin keşiyində duran, əsas məqsədi onun Avropada, xüsusilə də İsveçrədə populyarlaşdırılması olan “Heritage” Mədəniyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Təxminən 1 il öncə Assosiasiyanın nümayəndələri Bakı Marionet Teatrını Cenevrəyə gətirmək və isveçrəli tamaşaçıları Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsi ilə tanış etmək ideyası ilə çıxış ediblər. Tanınmış dramaturq və bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası Azərbaycan folklorunun incisidir. Teatrın bədii rəhbəri Tərlan Qorçunun yaradıcı dühası ilə Bakı Marionet Teatrının adaptasiyasında səhnələşdirilən bu əsər maraqlı marionet sənəti vasitəsilə Hacıbəylinin ölümsüz sənət əsərinə yeni nəfəs verir. Bakı Marionet Teatrının qastrol səfərinə hazırlıq prosesində “Heritage” Assosiasiyasının nümayəndələri marionet sənətindən və bu taxta, lakin eyni zamanda çox canlı kuklaların hərəkətləri ilə mədəni irsin necə məharətlə çatdırılmasından elə ilhamlanıblar ki, tamaşaçıları teatrın ikinci tamaşası olan “Leyli və Məcnun”dan olan kuklaların iştirakı ilə də sevindirmək qərarına gəliblər. Bununla da, ötən həftəsonu “Les Salons” Teatrının qonaqları dahi Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə qərq olmaq imkanı əldə ediblər. Öncə “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya və kuklalarından ibarət sərgi baş tutub. Sərgidə Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələri təmsil edən və ağac üzərində oyma ustalarından, mexaniklərdən, kuklaları rəngləyən və bəzəyən rəssamlardan, geyim və dekorasiya ustalarından ibarət böyük beynəlxalq komandanın əl işləri nümayiş olunub. Daha sonra “Les Salons” Teatrının qədim zalında baş tutan tamaşanın izləyiciləri 20-ci əsrin əvvəllərinin Bakısına səyahət etmək və Əsgərlə Gülçöhrənin səmimi sevgi axtarışından bəhs edən hekayə ilə tanış olmaq imkanı əldə ediblər. “Azərbaycanın zəngin və rəngarəng mədəniyyətinə bu qədər diqqət cəlb edə bilməyimizlə fəxr edirik. Bu, tamaşaçılarımızın qəlbində unudulmaz təəssürat yaradacaq gözəl təcrübə oldu”. Qeyd edək ki, mədəniyyətin bir xalqın ürək döyüntüsü olduğuna inam əsasında qurulan “Heritage” Assosiasiyası Azərbaycanın incəsənət, ədəbiyyat, musiqi və kulinariya xəzinələrinin beynəlxalq səviyyədə dərindən dərk edilməsinə töhfə verməyə çalışır. Assosiasiyanın məqsədi Azərbaycanın yaradıcılıq irsini nümayiş etdirmək, yaymaq və qorumaq üçün mühit yaratmaqdır.
Seçilən
84
3
Mənbələr
Şərh ()
Bağla