RU

Qalib ölkənin qalib idmançıları ilə görüş TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir"

Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən söyləyib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.Dövlətimizin başçısı qeyd edib: "Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir".

AZƏRBAYCAN İDMANININ YÜKSƏLİŞİ HƏM DƏ DÖVLƏTİMİZİN YÜKSƏLİŞİ DEMƏKDİR

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi Liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub.Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşü zamanı ilk növbədə qalib idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edib: "Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm".

"Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır",-deyən dövlətimizin başçısı onu da vurğulayıb ki, dörd ildən bir keçirilən idman bayramıdır: "Əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm".

"MÜSƏLMAN ÖLKƏLƏRİ ARASINDA AZƏRBAYCAN ÜÇÜNCÜ YERDƏ QƏRARLAŞIB"

Prezident İlham Əliyev qalib idmançılarımızla görüşü zamanı bildirdi ki, Azərbaycan müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşıb: "Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır".Bəli, həmişə olduğu kimi, bu yarışda da bütün dünya idmançılarımızın gücünün şahidi oldu və Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır..

"BU OYUNLAR BİR DAHA GÖSTƏRDİ Kİ, AZƏRBAYCANDA İDMANIN İNKİŞAFI ARDICIL SURƏTDƏ GEDİR"

Dövlətimizin başçısı, xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik edərək bildirdi ki, onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər: "Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır".

"Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir",-deyən dövlətimizin başçısı bir daha vurğuladı ki, . bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir".

"BİZ NÖVBƏTİ OLİMPİYA OYUNLARINA DA İNDİDƏN HAZIRLAŞMALIYIQ"

Prezident İlham Əliyev görüş zamanı qalib idmançılara tapşırıqlarını da verdi: "Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq".Dövlətimizin başçısı qalib idmançılarla görüşündə bir daha əminliyini vurğulayaraq növbəti yarışlarda qaliblərin sayının daha çox olacağını vurğuladı: "Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik".

GƏNCLƏR SİZƏ BAXIB SİZİN KİMİ OLMAQ İSTƏYƏCƏKLƏR VƏ BU QƏLƏBƏNİN VACİB OLAN TƏRƏFLƏRİNDƏN BİRİ MƏHZ BUNDAN İBARƏTDİR

Prezident İlham Əliyev həmçinin idmanını və qələbələrin gənclərimizin həyatında müsbət təsiri olduğunu bildirdi və qeyd etdi ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır: "Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir".

SON 20 İLLİK PREZİDENTLİK FƏALİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT BAŞÇIMIZ İLHAM ƏLİYEV İDMANÇILARLA MÜTƏMADİ GÖRÜŞÜ BİR DAHA İDMANIN İNKİŞAFINA VƏ İDMANÇILARIMIZA DÖVLƏT QAYĞISININ REALLIĞIDIR

Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir. Və bu gün idman sahəsində əldə olunan uğurlar bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Və Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Bu isə, Prezident İlham Əliyev cənablarının idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb.

Dövlət başçımızın dediyi kimi: "Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
3
sia.az

10Источники