RU

“TƏBİB hər evdə” aksiyası çərçivəsində 6 minə yaxın uşaq peyvənd olunub » Medical Media

Əhalinin ilkin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, qoruyucu səhiyyə xidmətləri ilə əhatə faizinin artırılması, səhiyyə maarifləndirilməsinin gücləndirilməsi məqsədilə TƏBİB-in təşkilatçılığı ilə bu ilin aprel-iyun ayı ərzində ilkin mərhələ olaraq Zaqatala, Şəki, Ağdaş və Cəlilabad rayonu üzrə həyata keçirilən “TƏBİB hər evdə” aksiyası çərçivəsində 5912 uşaq peyvənd olunub.

Ümumilikdə, “TƏBİB hər evdə” aksiyasında ilkin səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-pediatr, həkim-terapevt və tibb bacılarından ibarət hər rayon üzrə 20-yə yaxın briqada olmaqla, ümumilikdə 83 briqada xidmətə cəlb olunub. Dar ixtisaslı həkimlərdən ibarət xüsusi briqadalar səyyar müayinələrin aparılması üçün portativ USM, rentgen və laborator avadanlıqlarla təchiz edilib. 

Aksiya müddətində 67 yaşayış məntəqəsində 7434 nəfər səyyar tibbi xidmətlə əhatə olunub. Bunlardan 4744 nəfər həkim-pediatrın, 849 nəfər həkim-terapevtin, 540 nəfər həkim-oftalmoloqun, 449 nəfər həkim-kardioloqun  müayinəsindən keçirilib, 374 nəfər EKQ,  478 nəfər USM müayinə olunub.

Uşaqların peyvənd təqviminə uyğun olaraq peyvəndlənmə əhatəsinin artırılması, ucqar kəndlərdə səyyar səhiyyə xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 323 yaşayış məntəqəsi əhatə olunmaqla, 177 məntəqədə vaksinasiya işi təşkil edilib.

Bundan əlavə, aksiya çərçivəsində 443 nəfər tibb heyəti, 139 nəfər ərazi üzrə icra nümayəndəsi, 112 nəfər icma lideri təlimlərə cəlb olunub, tibbi maarifləndirmə tədbirləri keçirilib. Aksiyaya cəlb olunmuş heyətin, o cümlədən profilaktik peyvəndləmə işi ilə məşğul olan əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib. 

Aksiyanın keçirilməsində məqsəd uşaq əhalisinin peyvənd təqviminə uyğun olaraq peyvəndlənmə işinin daha da intensivləşdirilməsi, valideynləri tərəfindən peyvəndləmədən imtina edilmiş uşaqların sayının minimuma endirilməsi, peyvəndləmə işində dayanıqlılığın təmin edilməsi, rayonların ucqar kəndlərində yaşayan əhalinin profilaktik müayinələrə cəlb edilməsi və eləcə də əhali arasında tibbi maarifləndirmə işinin aparılmasıdır.

Qeyd edək ki, "TƏBİB hər evdə” aksiyasının əhatəsinin genişləndirilməsi və bütün ölkə üzrə təşkil olunması planlaşdırılır.
Избранный
38
medicalmedia.az

1Источники