RU

İnsan alverinə qarşı vətəndaş cəmiyyətinin mübarizə yolu: Zenfira Mustafayeva ilə müsahibə

QHT.az olaraq, insan alveri ilə mübarizədə uzun müddətdir fəal olan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva ilə müsahibə keçirdik. Zenfira xanım təşkilatın fəaliyyətləri, mübarizə sahəsindəki nailiyyətləri və gələcək planları haqqında ətraflı məlumat verdi.

 

QHT.az: Təşkilatınızın bu mövzuda xüsusi layihələri varmı?

Zenfira Mustafayeva: Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB 2003-cü ildə yaradılıb və 2005-ci ildən dövlət qeydiyyatına alınıb. Təşkilatımız 2028-ci ildən məişət zorakılığı ilə mübarizədə akkreditasiya olunub. Uzun müddətdir ki, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstəririk. Təşkilatımız AR Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş İdarəsi ilə daimi əməkdaşlıq edir və QHT-nin Dəstək Agentliyinin maliyyə dəstəyi ilə mütamadi layihələr həyata keçiririk. Bu layihələrin əsas məqsədi insan alverinə qarşı mübarizədə dövlətə dəstək olmaqdır. Layihələr çərçivəsində maarifləndirici təlim və seminarlar keçirilir, insan alveri (İA) qurbanlarına sosial, hüquqi və psixoloji dəstək göstərilir. Eyni zamanda, İA mövzusunda maarifləndirici TV proqramlar hazırlanır və canlı yayımda nümayiş etdirilir. Qurbanlar və risk qrupuna daxil olan şəxslər üçün təşkilatımızın ofisində "Etimad" telefonu fəaliyyət göstərir.

QHT.az: Azərbaycanda insan alveri problemi hansı səviyyədədir və hansı tədbirlər görülür?

Zenfira Mustafayeva: Azərbaycanda insan alveri problemi hələ də aktualdır. AR Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş İdarəsi ilə əməkdaşlıq edərək hər il müxtəlif qurumlarda maarifləndirici tədbirlər keçiririk. Bu tədbirlər müxtəlif təhsil və səhiyyə müəssisələrində təşkil olunur. Təşkilatımızın əlaqə nömrələri AR Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının saytlarında yerləşdirilib. Bu nömrələr vasitəsilə İA qurbanları və potensial qurbanlar təşkilatımıza müraciət edə bilir.

QHT.az: Azərbaycanda bu problem nə qədər yayılmışdır və hansı növlərdə təzahür edir?

Zenfira Mustafayeva: İnsan alveri cinayəti latent cinayətlərdən biridir. Ölkəmizin vətəndaşları daha çox əməyin istismarı və fahişəliyə cəlb olunma növlərinə məruz qalmış qurbanlardır.

QHT.az: Təşkilatınızın insan alverinə qarşı mübarizədə hansı uğurlu fəaliyyətləri və nailiyyətləri olub?

Zenfira Mustafayeva: Təşkilatımız İcra Hakimiyyəti, Sosial Müdafiə Nazirliyi, regionlarda və Sumqayıt şəhərindəki digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir. İA qurbanlarının sənədlərinin olmaması, psixoloji travmalar, ailələri tərəfindən qəbul olunmama, yaşayış, təhsil və iş yerinin olmaması kimi problemlərinin həllində davamlı dəstək göstəririk.

QHT.az: Həyata keçirilmiş layihələr və əldə olunan nəticələr barədə məlumat verə bilərsinizmi? Zərərçəkmişlərə dəstək üçün hansı xidmətləri təqdim edirsiniz?

Zenfira Mustafayeva: Təşkilatımız hər il insan alveri ilə mübarizə sahəsində xidmətlər təşkil edir. Bu xidmətlər peşəkar psixoloq, hüquqşünas və sosial işçilər tərəfindən təmin edilir. Eyni zamanda, təşkilatımızda fəaliyyət göstərən hüquqşünas həmçinin Vəkillər Kollegiyasının üzvüdür. Təşkilatımızın əməkdaşlarının bu sahədə təcrübəsi sayəsində göstərdiyimiz xidmətlərdə daha uğurlu nəticələr əldə edirik. Hər il ayda iki dəfə hazırladığımız TV proqramlar vasitəsilə minlərlə insan insan alveri barəsində məlumatlandırılır.

QHT.az: Zərərçəkmişlərə hüquqi, psixoloji və sosial dəstək necə təmin olunur? İnsan alverinə qarşı mübarizədə ictimaiyyətin məlumatlılığını artırmaq üçün hansı maarifləndirmə tədbirləri həyata keçirirsiniz?

Zenfira Mustafayeva: Təşkilatımızda sosial, psixoloji və hüquqi dəstək xidmətləri həftənin 5 günü həyata keçirilir. Bu xidmətlər çərçivəsində digər regionlara səyyar səfərlər təşkil olunur. Qurbanlar və onların ailə üzvləri bu xidmətlərdən yararlanır. Təhlükədə olan qurbanlar təşkilatımız tərəfindən sığınacaqlara yerləşdirilir. "Etimad" telefonunun əlaqə nömrələri müxtəlif dövlət qurumlarının saytlarında yerləşdirilib, bu da insanlara təşkilatımız barədə məlumat əldə etməyə və bizə müraciət etməyə kömək edir.

QHT.az: Hökumət və digər QHT-lərlə əməkdaşlıq səviyyəniz necədir? İnsan alverinə qarşı mübarizədə digər təşkilatlarla birgə hansı işləri görürsünüz?

Zenfira Mustafayeva: Təşkilatımız bu sahədə dövlət qurumları və digər QHT-lərlə sıx əməkdaşlıq edir. Misal olaraq, Dövlət Məşğulluq Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində qurbanların məşğulluq sahəsində dəstəklənməsi, peşə yönümlü kurslara cəlb olunma, kiçik sahibkarlıq fəaliyyətinə dəstək verilməsi istiqamətində işlər aparılır. Bu sahədə fəaliyyət göstərən QHT-lərlə birgə təlim və seminarlar həyata keçiririk. Sığınacaqdan çıxmış qurbanlar sığınacaq rəhbərləri tərəfindən bizim təşkilata reabilitasiya prosesinə istiqamətləndirilir. Ölkədə təşkilatımızın da daxil olduğu İA mübarizə sahəsində QHT-dən ibarət koalisiya mövcuddur. Bu koalisiyaya daxil olan təşkilatlar tərəfindən İA mübarizə sahəsində hər il çox saylı preventiv tədbirlər həyata keçirilir.

QHT.az: Sizcə, insan alveri ilə mübarizədə ən böyük çətinliklər nələrdir?

Zenfira Mustafayeva: Ən böyük çətinlik qurbanların identifikasiya olunmasıdır. Bəzən qurbanlar özlərinin İA qurbanı olduqlarını bilmirlər. Sənədlərinin olmaması da işlə təmin olunmasında problemlər yaradır. Reinteqrasiya prosesində regionlarda yaşayan qurbanları işlə təmin etməkdə çətinliklər olur və bəzi hallarda qurbanlar ailələrinə geri qayıda bilmir, çünki ailələri onları qəbul etmir.

QHT.az: Problemləri və onların həlli yollarını necə görürsünüz? Gələcəkdə insan alverinə qarşı mübarizə istiqamətində hansı yeni layihələri həyata keçirməyi planlaşdırırsınız?

Zenfira Mustafayeva: Təşkilatımız hər il İA sahəsində layihələr həyata keçirir. Maarifləndirmə proqramlarının təşkili, peşəkar mütəxəssislərin hazırlanması, preventiv tədbirlərin həyata keçirilməsi çox önəmlidir. Təşkilatımızda hüquqşünas, psixologiya və sosial iş fakultəsində təhsil alan tələbələr könüllü qismində fəaliyyət göstərirlər. Hər il qəbul etdiyimiz könüllülər sonradan peşəkar mütəxəssis kimi fəaliyyət göstərməyə başlayırlar, bu da İA sahəsində peşəkar kadrların artmasına səbəb olur.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
20
qht.az

1Источники