RU

Aqressiya -məyusluq, istəyini ifadə edə bilməmək, narazılıqdır

Aqressiya və şiddət son zamanlarda tez-tez müzakirə olunan, fərdlərin və cəmiyyətin psixi sağlamlığını ciddi şəkildə təhdid edən mühüm anlayışlardan biridir. Aqressiya bütün dünyada, kimliyindən, neçə yaşında olmasından, hansı işlə məşğul olmasından asılı olmayaraq bütün insanlarda rast gəlinə bilən bir problemdir ki, son günlərdə də bununla bağlı xəbərlərin şahidi oluruq. Adətən aqressiya və şiddət anlayışları bir-birini əvəz etsə də, aqressiya başqalarını təhdid edən və ya zərər verən şifahi ifadələrə və ya fiziki davranışlara aid hesab edilir. Araşdırmalar da göstərir ki, aqressiv davranışın ortaya çıxmasında ailə mühiti və fərdin sosial mühiti, stress, maddə istifadəsi və kütləvi informasiya vasitələri kimi bir çox faktorlar rol oynayır.
Bəs aqressiya nədir, necə yaranır?  Son zamanlarda xüsusilə tanınmış şəxslərdə istər bir-birilərinə, istər ailələrinə, istərsə də, ətraflarındakı insanlara qarşı aqressiv davranışlar niyə tez-tez müşahidə olunur? İnsanlar bu psixoloji pozuntu ilə necə başa çıxmalıdır?

Psixoloq Mələk Kərimli bildirir ki, aqressiya sadə bir ünsiyyət problemi kimi görünsə də, əslində uşaqlıq dövrünə qədər uzanan əsas sosial-mədəni səbəblərə malik ola bilər:
"İnsan psixologiyası müxtəlif emosional və davranış xüsusiyyətləri ilə formalaşan mürəkkəb bir quruluşa malikdir. Bu struktur daxilində aqressivlik, fərdlərin sosial əlaqələrindən tutmuş daxili təcrübələrinə qədər bir çox sahədə təsirli olan mühüm bir elementdir. Aqressiya tez-tez mənfi olaraq qəbul edilsə də, bu emosional və davranış reaksiyasının insan təbiətinin bir hissəsi olduğunu və bəzən də qoruyucu mexanizm kimi fəaliyyət göstərə biləcəyini unutmamaq lazımdır. Aqressiv davranışlar müxtəlif daxili və xarici faktorlar tərəfindən tətiklənə bilər və fərdin özünü ifadə etməsinə, sosial əlaqələrə və ümumi həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Buna görə də aqressiyanın nə olduğunu, onun əlamətlərini və necə idarə oluna biləcəyini anlamaq fərdi və sosial rifah üçün böyük əhəmiyyət kəsb edir.
Passiv aqressiya tez-tez cəmiyyət içində kimliyindən asılı olmadan bütün insanlar arasında yaranan bir problem kimi görünür. İnsan qəzəbini açıq şəkildə göstərmək əvəzinə, onu bir az təhrif olunmuş və çox vaxt dolayı yolla göstərir. Yığılmış və ifadə olunmayan, büruzə verilməyən aqressiv xüsusiyyətlər zamanla toplana və istər fiziki, istərsə də mənəvi cəhətdən münasibətlərdə böyük qaçılmaz problemlərə çevrilə bilər".

- Aqressiya insanlarda necə özünü büruzə verir?

- Aqressiya əlamətləri fərddən fərdə dəyişə bilər və müxtəlif yollarla özünü göstərə bilər. Fiziki aqressiyanın əlamətlərinə başqalarına və ya əşyalara qarşı zorakılıq hərəkətləri, məsələn, şiddət göstərmək və vurmaq, hətta öldürmək daxildir, şifahi aqressiya isə dağıdıcı tənqid, təhdid, təhqir və ya alçaldıcı ifadələr şəklində baş verə bilər. Passiv-aqressiv davranış müqavimət, pozulma, susqunluq və ya sarkastik münasibətlə özünü göstərə bilər. Emosional aqressiya qəzəb, düşmənçilik, kin saxlamaq və ya qisas almaq düşüncələri kimi görünə bilər. Bu simptomlar fərdin sosial münasibətlərinə, iş həyatına və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərmək potensialına malikdir.
Aqressiya deyildikdə, ilk anda ağlımıza əsəbilik, qışqırmaq, şiddət, başqalarına zərər vermə kimi davranışlar gəlir. Elə formalar da var ki, passiv, yəni kənardan görünməyən, lakin aqressiyasını nümayiş edən şəxs tərəfindən yaxşı başa düşülür və biz buna passiv aqressiya deyirik.

- Bəs bu aqressiya insanda hansı səbəblərdən yaranır?

- İnsan aqressiyasının bir çox psixoloji və fizioloji səbəbləri ola bilər. Məsələn, psixoloji pozuntular, travma sonrası sinir pozuntusu, davranış pozuntusu, maddə, spirtli içki kimi zərərli vərdişlərdən istifadə, fentsiklidin intoksikasiyası, uçucu maddələrin intoksikasiyası, antisosial şəxsiyyət pozuntusu və s. Bunlardan əlavə aqresiyyanın səbəblərinə bioloji səbəbləri, travmaları, istifadə edilən hər hansı dərmanın yan təsirlərini və ətraf mühit amillərini misal göstərmək olar.
İnsanın orqanizmində bəzi hormonların çatışmazlığı və ya artıq olması aqressiyaya səbəb ola bilər. Baş travmaları və uşaqlıq travmaları aqressiyaya səbəb ola bilər. İstifadə olunan bəzi dərmanların yan təsirləri arasında aqressivlik də müşahidə edilə bilər. İnsanın böyüdüyü mühit və valideynlərin münasibəti aqressiyanın yaranmasında mühüm amillərdən hesab oluna bilər və s.

- Aqressiyanın kökündə hansı hisslər dayanır?

- Ümumiyyətlə, passiv aqressiyanın fərdi aspekti ilə yanaşı, mədəni səbəbi də var. Bəzi insanlarda passiv aqressiv xüsusiyyətlər daha çox özünü göstərir. Uşaqlıqda anadan ayrılıq dediyimiz bir dövr var ki, ta o dövrdə yaşanan problemlə, hisslərlə bağlı bir problem ola bilər. Körpənin anasından ayrılması, özünü bir fərd kimi hiss etməsi və şəxsiyyət qurması prosesində bəzi problemlər yarana bilər.
Ümumilikdə, məyusluq, istəyini ifadə edə bilməmək, narazılıq, gözləntiləri qarşılamamaq yəqin ki, aqressiyanın kökündə dayanan ən bariz səbəblərdir. İnsanda mənfi yük yaradan və passiv aqressiyaya səbəb olan xəyal qırıqlığı, məyusluqdur. Bunun ifadə tərzini də onun şəxsiyyəti müəyyən edir.

- Aqressiya hansı xəstəliklərə səbəb olur və onun müalicəsi hansı üsullarla həyata keçirilməlidir?

- Aqressiya adətən bu vəziyyəti yaşayan adamda deyil, həmin şəxsin zərər verdiyi, aqressiv hərəkət etdiyi fərdlərdə müxtəlif xəstəliklər yaradır. Ancaq əsəbi, bu qədər aqressiv olmaq da xəstələrin fiziki və ruhi sağlamlığına mənfi təsir göstərir.
Aqressiya müalicəsi fərdi xüsusiyyətlərdən, aqressiyanın şiddətindən və əsas səbəblərdən asılı olaraq dəyişir. Psixoterapiya aqressiv davranışın azaldılmasında və əsas psixoloji problemlərin həllində effektiv üsul kimi seçilir. Fərdi terapiyalar aqressiv davranışın kökünə varmaq və fərdin bu davranışları idarə etmək bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır. Koqnitiv-davranış psixoterapiyası (CBT) xüsusilə aqressiya ilə mübarizə üçün geniş istifadə olunan bir üsuldur. Bu, insana düşüncələr, hisslər və davranışlar arasındakı əlaqəni anlamağa və mənfi düşüncə modellərini dəyişdirməyə kömək edir. Qrup terapiyası aqressiv fərdlərə sosial bacarıqlarını təkmilləşdirməyə və başqalarının emosiyalarını daha yaxşı başa düşməyə imkan verir. Ailə terapiyası ailə ünsiyyətini və münasibətlərini yaxşılaşdırmaqla ailə mühitində aqressiv davranışı idarə etmək üçün strategiyalar təklif edir.
Dərman xüsusilə aqressiyanın altında yatan bioloji səbəblər və ya psixiatrik pozğunluqlar olduqda işə düşür. Antidepresanlar, antipsikotiklər və ya əhval stabilizatorları həkim nəzarəti altında və müvafiq müalicə planı çərçivəsində istifadə edildikdə aqressiv davranışa nəzarət edə bilər. Bununla belə, dərman müalicəsinin yan təsirləri və uzun müddət istifadəsinə diqqət yetirmək lazımdır.
BUnlardan əlavə, həyat tərzi dəyişiklikləri də aqressiyaya nəzarətdə mühüm rol oynayır. Daimi məşq, sağlam qidalanma, düzgün yuxu və stresin idarə edilməsi üsulları fərdin ümumi əhval-ruhiyyəsini yaxşılaşdıra və aqressiv meylləri azalda bilər. Sosial dəstək, hobbi və yaradıcı fəaliyyətlərdə iştirak da fərdin emosional tarazlığı tapmasına və aqressiyanın öhdəsindən gəlməsinə kömək edə bilər.
Aqresiyanın idarə edilməsi fərdi fərqləri nəzərə alan hərtərəfli yanaşma tələb edir. Aqressiv davranışla mübarizə təkcə fərdin özünə deyil, həm də onun sosial mühitinə və cəmiyyətinə xeyir verir. Odur ki, aqressiya ilə bağlı problemləri olan fərdlərin peşəkar kömək istəmələri, bu prosesdə qətiyyətli və səbirli olmaları böyük əhəmiyyət kəsb edir.

- Aqressiya müalicə olunmaq əvəzinə gizlədilsə, insanlarda hansı problemlər yarada, nələrə səbəb ola bilər?

- Gizlədilmiş aqressiya heç vaxt gizlədildiyi yerdə qalmır, həmişə geri qayıdır, mütləq şəkildə bir formada özünü büruzə verir. Münasibətlərdə, insanların şəxsi, sosial həyatlarında böyük bir böhrana çevrilə və insanın özü ilə yanaşı həm də, ətrafına da zərər verə bilər. Qeyd etdiyiniz kimi, son günlərdə xüsusən məşhurlar tərəfindən həyata keçirilən müşahidə etdiyimiz aqressiya da buna daxildir ki, göründüyü kimi, bu hal kimliyindən asılı olmadan hər kəs də müşahidə edilə bilir. Yəni, bunu xüsusi olaraq sadəcə tanınmış və ya hər hansı yüksək peşə sahiblərinə aid etmək düzgün deyil.
Nəticə olaraq da, kimliyindən asılı olmayaraq aqressiv davranışlar sərgiləyən, ilk növbədə özünə, sonra da ətraf çevrəsinə zərər verən insanlar mütləq şəkildə hər hansı mənfi hadisə baş verməmiş ətrafındakı insanlar tərəfindən fərqinə varılmalı və psixoloji yardım almalıdır.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
olaylar.az

1Источники