RU

"Ailə qurmaq kişi və qadına məsuliyyət verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ailə qurmaq bir neçə mühüm məsələni həll edir. Ona görə də İslam dinində çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, bu bir neçə mühüm məsələdən biri birlik və vəhdətdir, insanlar arasında bağdır, əlaqədir: "Ailə bunu təmin edir. Ailə qurarkən kişi əbədi olaraq ana kimi özünə məhrəm olan qaynana tapır. Arvadını boşasa da, arvadı ölsə də qaynanası ilə evlənə bilməz. Qaynana həmişə onun yanında bir ana, bacı kimi gəzə bilər. Onların arasında həmişəlik bir məhrəmlik, ailə bağı yaranır. Evlənməklə qadın özünə həmişəlik məhrəm kişi tapır. O da qayınatadır. Əri ölsə belə, qayınata ona ata əvəzidir, həmişə onun yanında qız, övlad kimi ola bilər. Qohumların - arvadın xalası, bibisi, əmi, dayısı kişi ilə tanış olur, ya da əksinə. İki böyük nəsil və bu nəsillə əlaqədə olanlar bir-biri ilə bağlanır, vəhdət yaranır. Təsadüfi deyil ki, İslamda Salam vermək ən böyük savablardan biri sayılır. Hətta deyilir ki, insanlar hər dəfə bir-birləri ilə salamlaşanda şeytan əzab çəkir. Çünki salamlaşmaq kin-küdurəti götürür, mehribanlıq yaradır. Bu, İslamda çox önəmli sayılır.

Bilirsiniz ki, İslam dini vəhdətə nə qədər önəm verir. Camaat namazının fərdi namazlardan üstünlüyü cümə günləri kütləvi şəkildə cümə namazlarının, Qurban və fitr bayram namazlarının birlikdə qılınması, namazın sözlərinin cəmiyyət tərəfindən deyilirmiş kimi deyilməsi ilə hər fərd hamının adından danışmağa ixtıyar sahibi olur. Qurani-Kərimdə istehzanı qadağan edən ayədə deyilir ki, özünüzü istehza etməyin. Alimlər deyirlər ki, özünüzü istehza etməyin. Yəni sən bir nəfəri istehza edirsənsə, elə özünü istehza edirsən. Bu kimi vəhdətə aid olan nüanslar İslamda var. Ailə qurmaq çox böyük şəkildə buna yardım edir.

İkinci mühüm məsələ odur ki, ailə qurmaq kişi və qadına məsuliyyət verir. Kişi və qadın təklikdə olan plansızlıq, cavabdehlik ruhu olmadan yaşamaq, məsuliyyətsizlik, səliqə-sahmansızlıq, nəfsinə uyğun yaşamaq, bütün bunlardan xilas olmuş olur. Kişi qadına, qadın kişiyə cavabdeh olur. Hər ikisi övladlara cavabdeh olurlar. Ailənin bir ağırlığı, ehtiramı, yazılmamış qanunları var. Adam ailəsi ilə başqalarına nisbətən daha ehtiyatla davranır. İqtisadi məsuliyyəti, ailəni idarə etmək məsuliyyəti, ərin ərlik, qadının qadınlıq məsuliyyəti, övladın ata-ana qarşısında məsuliyyəti, xülasə, insan böyük bir məsuliyyət daşıyır, bunu kamilləşdirir".

"Növbəti məsələ çox vacib, İslamda əhəmiyyət verilən məsələdir, o da əks cinsə münasibət məsələsidir. Cəmiyyətləri xoşbəxt edən də bu münasibətin tənzimlənməsidir, bədbəxt edən də bu münasibətin nizam-intizamdan çıxmasıdır. Oğlanla qızın, qadınla kişinin bir-biri ilə şəhvət, ehtiras münasibəti, cinsi münasibətini ailə çox ülvi şəkildə, mədəni formada, hamının hörmət etdiyi bir tərzdə təmin edir.

Ailə bağlarının qopması nəticəsində bu gün insan psixologiyası sözün bütün mənalarında darmadağın olub. Bu gün Qərbdən gələn bu aşılanan yanlış mədəniyyət ailə bağlarını məhv edir. Təsəvvür edin, İslam dini deyir ki, bütün məsələlərdə məhkəməyə müraciət edilsin, amma qadınla kişinin problemlərində hələ məhkəmə olmasın, ağsaqqallar hər şeyi həll etsinlər. Bunu Qurani-Kərim deyir. Çünki ailənin bir abrı, həyası, toxunulmazlığı var. Qadını dərhal məhkəmə qarşısına çıxarmaq tövsiyə olunmur. Qadınla kişinin bir-birinə qarşı fitrətində, təbiətində olan cinsi istək əgər ailə olmursa, çox iyrənc, heyvani formada təmin olunur. Bu, insanların həyatına keçir, iyrənc və xoşagəlməz bir psixologiya yaradır. Bu psixologiyada nə məsuliyyət var, nə cinsi istəyin həddi-hüdudu, nizam-intizamı var. Vəziyyət o yerə gəlib çıxır ki, eyni cinslilər bir-birinə tamah salır. Vəziyyət o yerə gəlib çıxır ki, cinsi münasibəti təmin etmək yox, cinsi yaradıcılıq, cinsi münasibətin yeni növlərinin ortalığa qoymaq ehtiyacı yaranır. Bu da cəmiyyəti mühüm kamillik mövzusundan yayındırıb bataqlığa sürükləyir. Biz onun acı nəticələrini müasir dünyamızda, təəssüf ki, görürük" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
85
50
sia.az

10Источники