RU

Ağadadaşın baltası: döyüldüyü MedEra-da nələr gördük… - Xəstəxanaya gizli səfər

Bu gün ölkədə hər kəs Xalq artisti Ağadadaş Ağayevin kimisə “baltalaması”ndan danışır.

Bir az keçəndən sonra onun tanışını, azca ötəndən sonra isə onun hansısa mühafizəçini, lap sonra isə klinika əməkdaşına balta ataraq yaraladığını öyrənirik.

Daha sonra isə polis məlumat yayır. Sən demə, hadisə dünən səhər saatlarında Binəqədi rayonunda yerləşən “Medera” hospitalda baş verib.

Ölkə səviyyəsində ciddi rezonans doğuran bu xəbərlə bağlı adı çəkilən klinikaya yollandım.
Hadisə yerinə gedəndə ilk gördüyüm klinikanın qarşısında stəndap edən televiziya əməkdaşları oldu. 

İçəri daxil olub nə baş verdiyini elə ordakılardan öyrənməyə çalışdım.

Bu cür söhbətlərin mətbəxdə uzun-uzadı müzakirə ediləcəyini düşündüyümdən ilk olaraq kafeyə yaxınlaşıram. Ora gedib boş da durmaq olmazdı. Yaxılaşıb bir boşqab düyünün qiyməti ilə maraqlanıram. Bu zaman klinika əməkdaşların öz aralarındakı söhbətə qulaq verdim.

Biri gülümsəyərək deyir: “Bütün saytlar yazıb”. O biri dərhal soruşur ki, “nədən danışırsan?” Xanım əməkdaş isə “dünənki hadisəni” deyir də. Mən də onlara qoşulub soruşuram: “həə, xəbəri oxudum, nə məsələdir?” Birdən sakitlik yaranır. Masada əyləşib yeməyimi yeməyə başlayıram.

Eşidirəm ki, digər 3 klinika əməkdaşı xanım “internetdə yazılanlardan” danışır. Masamı dəyişib onlara daha yaxın əyləşirəm və birdən mövzu dəyişir. Daha sonra yeməyimi bitirib çölə çıxıram və birinci mərtəbəyə qalxıram. Orada oturan başqa bir xanım əməkdaşa yaxınlaşıram və şənbə günü klinikanın fəaliyyət göstərib-göstərmədiyini soruşuram. Söhbət bir az irəliləyir və qapıdan çöldə çəkiliş edən televiziya əməkdaşlarını işarə edərək onu söhbətə tuturam: “Bilmirsiniz, burada nə məsələdir? Yazırlar ki, nəsə hadisə olub”. Xanım əməkdaş birdən üz ifadəsini turşudur və “bizə aid olan məsələ deyil” cavabını verərək susur.

Daha sonra girişdə əyləşirəm. Bir kişi yaxınlaşır və televiziyaların nə üçün gəldiyini soruşur:

“Burada nə baş verir? Adam bir yerdə televiziyaların çəkiliş apardığını görəndə narahat olur ki, yəqin nəsə hadisə baş verib”.

Qızlar gülüşürlər. Onlardan biri “heç nə, bizi reklam edirlər, ona görə çəkirlər” cavabını verir.
Yəni informasiya əldə etmək cəhdlərimin hamısı boşa çıxır. Klinikadan çöldə sakitlikdir. Artıq gecdir, işə qayıtmaq lazımdır. Klinikadan çölə çıxıram. 

3 dayı üzbəüz yaşayış binasının qarşısında daşın üstündə oturub söhbətləşirlər. Onlara yaxınlaşıram.

“Salam, burada nə baş verir?” Onlardan biri “heç nə olmayıb” cavabını verir. Sualım onları dərhal şübhələndirir. Deyəsən, özümü ələ verirəm. Dərhal “niyə soruşdurdunuz?” sualını eşidirəm.

“Bura müayinəyə gəlmişdim. Gördüm televiziyalar çəkiliş edir, mənə də maraqlı gəldi”.
Dayılardan biri “siz hansı televiziyadansınız?” sualını verir.
- Əslində, mən də jurnalistəm, amma televiziyadan deyiləm, saytda işləyirəm. Sadəcə, dedim, əgər bir məlumat varsa, gəlmişkən öyrənim.

Dərhal başlayırlar jurnalistləri topa tutmağa. “Siz elə şeylər yazırsınız ki... Yazırlar ki, guya Ağadadaş hansısa tanışını baltalayıb”. 

- Düzü, o məlumata biz özümüz də inanmadıq
- Jurnalistlər hər şeyi çox şişirdir – onlardan biri deyir.
- Həə, bəzən olur elə şeylər. Elə mən də əslini öyrənməyə çalışıram. Siz burada nəsə görmüsünüz?
- Mən burada deyildim, indi gəldim. Hadisə dünən olub. Baltalamaq deyəndə, qızın ayağını cüzi sıyırıb. Vəssalam. Elə ciddi bir hadisə baş verməyib.

Üçüncü dayı söhbətə qoşulur və buna etirazını bildirir. “Yox, orada heç qız olmayıb, yalan deyirlər”.

Mən söhbətə qarışıram: "İnandırıcı gəlmir ki, o boyda sənətkar adam baltalasın.

“Sənətkar” sözünə birinci ağsaqqal nəsə istehza ilə yanaşıraq gülümsəyir. “Sənətkar?” 

İkinci ağsaqqal isə ehtimal vermir ki, Xalq artisti belə bir şey edər. Üçüncünün isə fikri məndədir. Üzümə baxıb gülümsəyir. “Onlar televiziyada işləyir, amma əsl jurnalist sənsən. Səəən çox ağıllı adamsan. Bu barədə ancaq polisdən məlumat almaq olar”. 

Mən də gülümsəyirəm və dayılarla sağollaşıb işə yollanıram.

***

Hava çox istidir. Təəssüflənirəm ki, yeni bir informasiya əldə edə bilmədim. Amma həm də ona üzülürəm ki, bizim peşəni yaman qaraladılar. Mən onlara əslində, informasiya almağın çətin olduğunu izah eləsəm də, bir faydası olmayacaq.

Məsələn, ötən həftələrdə də özəl klinikalardan birində də həkimlə bağlı xoşagəlməz hal baş vermişdi. Heç öyrənə bilmədik ki, o işin axırı nə oldu. Zəng elədik “ötür-ötürə” saldılar. Gah dedilər, bilmirik, gah dedilər, özümüz məlumat yayacağıq. Kim haqlıdır, kim haqsızdır, bilmirsən.  Sorğu gödərirsən, rəsmi məlumat ala bilmirsən. Sadəcə, ürəyinə xal düşür. Bilmirsən ki, daha o xəstəxanaya ürək edib getmək olar, ya yox.

Yəni çox olur belə hadisələr. Üzümə görə işimi pisləməkləri mənə yaman toxunur. Qatıldığım təlimlərdə də bunu demişdilər ki, insanlarda informasiya aclığı var. Hər kəs məlumat almaq istəyir. Bəs danışan? Yoxdur. Hamı mumlayıb oturub. 
O məşhur “caps”də deyildiyi kimi: 
- “Biz kimik? 
- Jurnalistlər. 
- Nə istəyirik? 
- Xəbər. 
- Bəs kim danışacaq? 
Cavab yoxdur...

***

Nəysə, bu fikirlərlə gəlib ofisə çatıram. Baş redaktorum maraqlı bir informasiya verir. Sən demə, illər əvvəl ABŞ-də Çarlz Vitman adlı bir mühəndis Texas Universitetinin qülləsindən əlində avtomatla insanları güllələyib öldürüb. Həyat yoldaşını və qayınanasını da öldürən bu şəxs polislərin onu snayperlə vurmasından əvvəl evdə məktub yazıb qoyub. Məktubda isə səbəbini bilmədən adam öldürmək istədiyindən danışıb və bunun araşdırılmasını istəyib.

Məlum olub ki, həmin şəxsin beyninin aqressiya mərkəzində onu qıcıqlandıran onkoloji şiş olub və bu daim belə bir təhlükəli istək yaradıb. 

Ağadadaş Ağayev barədə yayılan məlumatlarda da qeyd olunur ki, xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib və təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Elə bu yazını yazan anda baş verən hadisənin görüntüsü yayılır. Həm Xalq artistinin, həm də mühafizəçinin əlbəyaxa dava etdiyini görürük. Videoda diqqət çəkən detallar sənətçinin qulağındakı sarğı və ayağında ayaqqabısının olmamasıdır.

Həm də onu da görürük ki, mühafizəçi də Xalq artistini möhkəm döyüb, hətta yerə yıxıb, ətrafdakılar sənətçini onun əlindən güclə alıb. Yəni görüntülərdən aydın olur ki, mühafizəçi də günahsız deyil.

Ağadadaş Ağayev onkoloji xəstə idi və buna görə 6 dəfə əməliyyat da olunub. Hər halda biz onun onkoloji xəstəliyinin bədəninin hansı hissəsində olduğunu bilmirik, amma görünür, o yaman dilxor olub və özünü cilovlaya bilməyib. Bu cür davranışa, əlbəttə, haqq qazandırmaq olmaz.

Amma görəndə ki, o boyda sənətçini artıq sosial şəbəkələrdə “Beton Xosrov”la müqayisə edirlər, hətta “Balta Ağadadaş” ləqəbi qoyurlar, adam məyus olur.

Hər halda hələ də mətbuata məlum olmayan detallar var. İlk məlumatda deyildiyi kimi Ağadadaş bəy adam baltalamasa da, artıq o cəmiyyət tərəfindən "baltalanıb". İndi də yazırlar ki, guya hadisə heç xəstəliklə bağlı yox, klinikanın qarşısında maşınların saxlanılmasına görə olub. Hər dəqiqə bir versiya irəli sürülür.

Bəs kimdir günahkar? Vəziyyətinin pis olduğunu deyən xəstəyə həkim göndərməyən xəstəxana, yoxsa həkim göndərmədiyinə görə əlində balta ilə qaçaraq aşağı enən Xalq artisti və ya...

Cavabını siz deyin, yoxsa yenə də günah keçisi olan jurnalistlər “baltalanacaq”.

Billurə Yunus

Избранный
274
50
olke.az

10Источники