RU

Bakıda Misirin milli bayramı qeyd olunub

Yazını böyüt
Yazını kiçilt

Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İyul İnqilabının 72-ci ildönümü qeyd olunub.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Misirin Azərbaycandakı səfiri Hişam Nağı ölkəsi müstəqillik əldə etdikdən sonra böyük irəliləyişlərə nail olunduğunu deyib.

Səfir Azərbaycanı bu il BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməsi münasibətilə təbrik edib. O, Misirin mühüm sahələrdə iki ölkə arasında əməkdaşlığı və təcrübə mübadiləsini davam etdirməyə hər zaman hazır olduğunu vurğulayıb.

Misirli diplomat deyib ki, razılaşdırılmış bütün beynəlxalq məsələlərdə Misirlə Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur.

“Bundan başqa, biz birlikdə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır və İslam həmrəyliyini gücləndirmək üçün birgə səylər göstəririk. Misir və Azərbaycan dünyada sülh və təhlükəsizliyə nail olmaq, mübahisələri sülh yolu ilə həll etmək işinə əhəmiyyətli dəstək verir”, - səfir deyib.

Səfir əlavə edib ki, Misir Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edən cəhd və təşəbbüslərin əhəmiyyətinə hər zaman inanır. Bu da region ölkələrinin və xalqlarının inkişafına maksimum dərəcədə töhfə verir.

Azərbaycan dövləti adından çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib.

Nazir qeyd edib ki, Misirlə Azərbaycan arasında güclü diplomatik münasibətlər mövcuddur.

“Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünü qeyd edirik. Bu dövr ərzində əlaqələrimizin möhkəmləndirilməsinə imkan verən 49 ikitərəfli sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrdə artım tendensiyaları müşahidə olunur. Ticarət dövriyyəmiz 2024-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Azərbaycanla Misir arasında Hökumətlərarası Müştərək Komissiyanın növbəti iclasını bu ilin sonuna kimi Misirdə keçirməyi planlaşdırırıq. Ölkəmiz arasında nəqliyyat və logistika üzrə böyük potensial var”, - deyə R.Nəbiyev vurğulayıb.

Nazir bildirib ki, Misirdən Mərkəzi Asiya ölkələrinə, Çinə, eləcə də əks istiqamətdə yüklərin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daşınması imkanı genişdir və bu istiqamətdə müzakirələr aparılır.

Nazir onu da qeyd edib ki, son iki il ərzində Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə, Azərbaycandan Misirə səfər edənlərin sayı isə üç dəfəyə yaxın artıb.

Çıxışlardan sonra qəbul qeyri-rəsmi hissə ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
5
hafta.az

6Источники