RU

Azərbaycan Rusiya və Ukrayna arasında önəmli vasitəçiliyə başladı..

Image

“Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu istiqamətdə irəliləyirik”. Bu sözləri prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Bununla yanaşı, sözügedən xüsusda  dövlət başçısı qeyd edib: “2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır”. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından və Rusiya qazının Avropaya tədarükünün əhəmiyyətli dərəcədə azalmasından sonra Azərbaycan Avropa İttifaqı üçün digər tədarükçülərdən daha çox qaz alınmasının alternativ mənbələrindən birinə çevrilib. Qeyd edək ki, Ukraynada müharibə başlamazdan əvvəl Rusiyanın Avropaya tədarükü Avropa İttifaqı ölkələrində istehlak edilən qazın təxminən üçdəbirini təşkil edirdi. Hazırda Avropanın ən böyük qaz ixracatçısı Avropa İttifaqının üzvü olmayan, lakin Avropa İttifaqının sadiq tərəfdaşı və NATO blokunun təsisçilərindən biri olan Norveçdir.  Amma Rusiya qazının azalması fonunda digər mənbələrdən, o cümlədən də Azərbaycandan Avropaya qaz nəqli artır. Onu da qeyd edək ki, rus təbii qazının ən böyük istehsalçısı və ixracatçısı olan “Qazprom”a görə, şirkət keçən il Rusiya mavi yanacağının boru kəmərləri ilə Avropaya ixracını 2022-ci illə müqayisədə 55,6 faiz azaldıb.  Bu durumda Azərbaycan qazının Ukrayna vasitəsilə də Avropaya nəqli aktuallaşıb. Eyni zamanda rus qazının Ukraynadan nəqlinindavam etməsi məsləsində də Azərbaycan yardımçı ola bilər. Şuşadakı çıxışında prezident İlham Əliyev məsələnin bu tərəfinə də toxunub: “Ukrayna ilə Rusiya arasında müqaviləyə xitam verilməsi məsələsinə gəldikdə, Ukrayna və Avropa İttifaqı bizə müraciət edib ki, biz bu müqavilənin uzadılmasında yardımçı olaq. Hesab edirəm və mənə elə gəlir ki, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var... Ukrayna tərəfi və Avropa Komissiyası bizə müraciət edib. Biz Rusiya ilə bu baxımdan danışıqlar aparırıq. Biz burada yardımçı ola bilsək, bunu edəcəyik...Hesab edirəm ki, bu müqavilənin uzadılması mümkündür. Bu, Rusiya üçün də faydalı olacaq, çünki o istiqamətdə 50 milyard kubmetrdən artıq premium bazarında satılacaq qazı var. Biz bilirik ki, bu gün Rusiya digər bazarları da nəzərdən keçirir. Bunu da anlamaq olar. Onlar qazı Qazaxıstana nəql etməyə başlayıblar, artıq Özbəkistana da qaz nəql edilir. Çünki bu iki ölkənin ənənəvi təchizatçılarla bağlı problemləri var. Digər müəyyən fikirlər də var. Hər bir ölkə şaxələndirmə üzərində işləyir. Bizim Rusiyaya, İrana, Gürcüstana, Türkiyəyə, İtaliyaya – hər yerə uzanan boru kəmərlərimiz var. Biz bu baxımdan özümüzü rahat və təhlükəsiz hiss edirik...Bir daha qeyd edirəm ki, biz kömək etməyə hazırıq. Ancaq biz yalnız vasitəçiyik. Bundan başqa hər hansı digər mövzudan söhbət gedə bilməz”.  Bu arada Rusiya baş nazirinin müavini Aleksandr Novak təbii qazın bu ildən sonra Ukrayna üzərindən Avropaya nəqlinə davam etməyə hazır olduqlarını bildirib.

Novak Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınması ilə bağlı 2024-cü ildə başa çatacaq müqavilədən danışıb: “Müqavilənin davam etdirilməsi Ukraynadan asılıdır. Göndərmə onun ərazisindən edilir, öz qaydaları var, onların istəklərinə bağlıdır. Biz daşınmaya davam etməyə hazırıq". Xatırladaq ki, Ukrayna Nazirlər Şurası Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb. Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumata görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb. Qeyd edək ki, Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 30 dekabr 2019-cu ildə imzalanan hökumətlərarası sazişdə 2021-2024-cü illər üçün Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qaz tranziti nəzərdə tutulub. Amma bu şəraitdə Azərbaycanın vasitəçiliyi ilə müqavilə uzadıla bilər. Hazırda buan Ukraynanın, Rusiyanın və Avropanın da böyük ehtiyacı var.  Rusiya Ukraynadan keçən qazın verilişini dayandırsa, böyük həcmdə gəlirdən imtina etmiş olar. Ukrayna da tranzit gəlirlərini itirər. Avropa isə enerji məsələsində ciddi çətinlik yaşamış olar. Hətta Almaniyanın Saksoniya federal əyalətində hesab edirlər ki, Ukraynada müharibənin davam etdiyi müddətdə Rusiya qazı barədə söhbət getməsə də, “Şimal axını” qaz kəmərini təmir etdirmək daha məqsədəuyğundur. Saksoniya əyaləti hökumətinin başçısı Mixael Kreçmer bu xüsusda bildirib: “Əgər gələcəkdə Rusiya qazının idxalına zərurət yaranarsa, o halda fəaliyyət göstərən boru xətti lazım olacaq. Buna görə də bu xətti qabaqcadan təmir etmək yaxşı olar. Əgər yaxın vaxtlarda zədələr aradan qaldırılmazsa, o halda uzunmüddətli perspektivdə kəmər istifadə üçün tamamilə yararsız olacaq”. Onun fikrincə, ən azı mövcud qurğuların qorunub saxlanılması təmin edilməlidir. Kreçmer hesab edir ki, zərurət yarandığı halda boru kəmərinin işlək vəziyyətdə olmasını təmin etmək operatorun vəzifəsidir.

Ramil QULİYEV





Избранный
104
50
baki-xeber.com

10Источники