RU

Fransanın mübariz müstəmləkələri Bakıda 1-ci “Müstəqillik qurultayına” toplaşıb- Makrona zərbə...

Image

Mübariz Göyüşlü: “Bu Qurultayın keçirilməsi Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasətinin kökünün kəsilməsi istiqamətində aparılan mübarizəyə böyük bir dəstəkdir”

İyulun 17-18-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultay keçirilir. 

Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.

Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edir.

İki gün davam edəcək Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yaradalıb. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və strategiyalar barədə müzakirələr aparılır.

Qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibi olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə töhfə verir.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda təşkil olunub.

Bakıda öz işinə başlayan Qurultayın missiyası aydındır və bu qurultayın keçirilməsi, orada səsləndirilən ideyalar, təkliflər, mübariz xalqların çağırışları, onlara verilən dəstək Makron hökumətinin yürütdüyü müstəmləkəçilik siyasətinə sözün həqiqi mənasında böyük bir zərbə kimi xarakterizə edilir. 

“Makronun irticaçı siyasətinə böyük bir zərbə vurulacaq” 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Bakının ev sahibliyi ilə keçirilən Birinci Qurultay sözügedən ada dövlətlərinin, xalqlarının öz müstəqilliklərinə, azadlıqlarına qovuşması yolunda atılan mühüm addımlardandır.  “Bu, Bakı Təşəbbüs Qrupunun  Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ada dövlətlərinin, xalqlarının apardığı azadlıq mübarizəsinə böyük dəstəyinin təzahürüdür. Bu çox uğurlu bir təşəbbüsdür. Fransa uzun illərdir ki, bu xalqların var-dövlətini, sərvətlərini sömürür, talan edir, özlərinə qarşı hər cür basqı göstərir. Bu xalqlar müstəqillik uğrunda mübarizə aparırlar, böyük bir yola çıxıblar. Bu istiqamətdə onlara Bakı Təşəbbüs Qrupu (BTQ) böyük dəstək verir. Bu qurultay da bu dəstəyin bir ifadəsidir. 

Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultayın keçirilməsinin çox böyük siyasi və tarixi əhəmiyyəti var”. 

M.Göyüşlü hesab edir ki, bu Qurultayda qəbul edilən qərarlar, qətnamə, irəli sürülən ideyalar, təkliflər birbaşa Fransa dövlətinin həyata keçirdiyi müstəmləkəçilik siyasətinə qarşı yönələcək. “Makron hökumətinə mesajlar verilir ki, müstəmləkəçilik, sömürücülük siyasətindən əl çəkib o xalqların azadlıq və müstəqillik yollarında əngəl olmasın. Bu Qurultayın hədəfi Makron hökumətinin müstəmləkəçilik siyasətini sarsıtmaq, ona zərbə vurmaqdır ki, ona nail olacaqlar. Burada Makronun irticaçı siyasətinə böyük bir zərbə vurulacaq.  Gec-tez bütün müstəmləkə xalqları bundan qurtaracaq. Mütərəqqi bəşəriyyətin dəstəyi ilə o xalqlara qarşı müstəmləkəçilik siyasətinin iflasa uğradığının şahidi olacağıq. Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin bu Qurultayda iştirakı təsadüfi xarakter daşımır. Hesab edirəm ki, bu Qurultayın keçirilməsi Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasətinin kökünün kəsilməsi istiqamətində aparılan mübarizəyə böyük bir dəstəkdir. Bu, siyasi mənada təşkilatlanmada da çox böyük faydalı nəticələr verəcək. Bu, eyni zamanda, kiçik ada dövlətlərinin əhalisinin ciddi şəkildə siyasi aktivliyinin artmasına da gətirib çıxara bilər”. 

M.Göyüşlü qeyd etdi ki, gələcəkdə kiçik ada dövlətlərini təmsil edən vətəndaş cəmiyyəti institutlarının, jurnalistlərinin, mədəniyyət və ictimai xadimlərinin də bu cür toplantılarının keçirilməsi çox müsbət nəticə verərdi. “Bu proseslər Fransanın müstəmləkəçilik, işğalçılıq, irqçilik siyasətinə qarşı mübarizəyə ciddi bir dəstək olacaq”-deyə M.Göyüşlü vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
45
baki-xeber.com

10Источники