RU

Valideynlər başa düşməlidir ki, əziyyət çəkən övladları və nəvələri olacaq -Rafiq Mahmudov

Bu gün dünyanın bir çox ölkəsində qohum evliliyinə qadağa qoyulub. Alimlərin apardıqları araşdırmaları göstərir ki, qohum evliliyindən dünyaya gələn uşaqlarda genetik xəstəliklər normal evliliklərdən 2 dəfə çoxdur. Genetik xəstəliklər isə müalicə olunmayan xəstəliklərdir. Bu isə o deməkdir ki, dünyaya gələn uşaq və onun valideynləri bu xəstəliklə ömür boyu mübarizə aparmaqla yaşamalıdır. Bu isə birbaşa olaraq ailə daxili münasibətlərə təsir edir və ailənin dağılması riskini çoxaldır.  Müasir və inkişaf olunmuş cəmiyyətdə qohum evliliyinin mövcudluğu xoşa gəlməyən bir haldır və bu kimi nikahların bağlanması daha çox formalaşmış stereotiplər irəli bağlıdır.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamaslında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Baş məsləhətçisi Rafiq Mahmudov bildirdi.

Cəmiyyətin sağlam gələcəyinə zərbə

Komitə rəsmisi qeyd etdi ki, qohum evliliyi və erkən nikah problemi bizi narahat edən problemlərdən biridir. Yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları özünün neqativ fəsadları ilə insan hüquq və azadlıqlarının təmin  edilməsinə və eyni zamanda cəmiyyətin sağlam gələcəyinə bilavasitə zərbə vuran, daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdə müzakirələrə səbəb olan məsələllərdir. Biz uzun müddətdir ki, bu problemlərlə mübarizə aparırıq və ölkədə mövcud olan bu problemlərin qarşısının alınması məqsədilə maarifləndirmə işlər ilə yanaşı qanuni qadağalarının tədbir edilməsi vacib addım kimi hesab edirik. Milli Məclis tərəfindən qəbul edilmiş dəyişiklər bu kimi hallarının qarşısının alınmasına kömək edəcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamət üzrə işlərin davamlı olaraq aparılması nəzərdə tutulub.

Vətəndaş cəmiyyəti də aktiv olmalıdır

Rafiq Mahmudov qadağalarla bağlı məqama toxunaraq bildirib ki, dünyaya gələn uşaqlar arasında genetik və irsi xəstəliklərin çoxalması onu göstərdi ki, atılmış addımlar vaxtında olub. Bu kimi nikahların qarşısının alınması hökumətlə yanaşı vətəndaş cəmiyyəti də aktiv iştirak etməlidir, çünki qohum evliliyi və erkən nikah cəmiyyəti sarsıdan problemlərdəndir.  Ehtimal edirəm ki, qohumlar arasında qeyri-rəsmi nikahların bağlanması cəhdlər olacaq, ancaq bu əməli törədən şəxslər bilməlidirlər ki, onlar qanun qarşısında cavab verməli olacaqlar. Eyni zamanda, valideynlər başa düşməlidirlər ki, öz ambisiyalara görə əziyyət çəkən məhz onların övladları və onların dünyaya gələcək nəvələri olacaqlar. 

Bu kimi nikahların qurbanlarının əksəriyyəti öz hüquqlarını bilmirlər

Komitənin Baş məsləhətçisi hesab edir ki, qohumlar arasında bağlanan nikahların fəsadları barədə məlumatlandırma və maarifləndirmə işlərinin digər qurumlar və cəmiyyət üzvləri ilə birgə davamlıq olaraq aparılması vacibdir. Bu kimi nikahların qurbanlarının əksəriyyətinin öz hüquqlarını bilməyən gənclər olduğunu nəzərə alsaq, maarifləndirmə işlərinin məhz həmin auditoriya arasında aparılması vacibdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
11
ikisahil.az

1Источники