RU

22 İyul – Milli Mətbuat Günü ərəfəsində “Media və uşaq hüquqları” dərs vəsaiti təqdim olunub

Bahar Muradova: Hər bir media nümayəndəsi ailə məsələlərinə, uşaq hüquqlarına xüsusi önəm verməlidir

İyulun 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanan “Media və uşaq hüquqları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. O, 22 İyul – Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirə diqqət çəkərək əlavə edib ki, müsəlman Şərqində ilk müstəqil Cümhuriyyət quran bir ölkənin qabaqcıl ideyaları, demokratik ənənələri, insanların hüquqlarını, gender bərabərliyini, həm qanunlarda, həm də yaşam tərzində minillərlə formalaşdıran bir xalq kimi milli mətbuatını yaradaraq örnək ola bilərdi. 

Azərbaycançılıq və müstəqillik ideyasını siyasi konsepsiyaya çevirən Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən sədr, Prezident İlham Əliyevin Azərbaycanı, nəinki region və regiondan uzaqda yerləşən, köməyə ehtiyacı olan toplumlar üçün dəstəyini əsirgəməyən dövlətə çevirməyi bacardığını və bir nümunə ortaya qoyduğunu vurğulayıb.

Media inkişaf edən cəmiyyətin tərkib hissəsi və əsas subyektlərindən biri kimi daim inkişaf edir. Dövlət Komitəsi ilə medianın getdikcə intensivləşən əlaqələrinə diqqət çəkən B.Muradova, qarşılıqlı münasibətlərin daha ahəngdar olması üçün səylərimizi birləşdirməyin önəmini vurğulayıb.

Medianın ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətimizdə stereotiplərin aradan qaldırılması və məlumat mübadiləsinin aparılmasında mühüm rolundan bəhs edən B.Muradova, həmçinin maarifləndirmə, informasiyanın yayımlanması sahəsində böyük imkanlara və geniş təsir imkanına malik olduğunu vurğulayıb.

Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, Komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir: "Bu gün təqdim olunan "Media və uşaq hüquqları" adlı dərs vəsaiti artıq birlikdə hazırladığımız növbəti layihəmizdir. Bu dərslik ən vacib məsələlərdən birinin - insan hüquqları haqqında maarifləndirmə üzrə növbəti vasitədir". Hər bir jurnalist, media nümayəndəsi və bloger ailə məsələlərinə, uşaq hüquqlarına və bu məsələlərlə bağlı qanunvericiliyə xüsusi önəm verməlidir.                      

Bakı Dövlət Universitetinin rektoru Elçin Bayramov, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətini bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və uşaq hüquqları ilə bağlı qəbul edilən qanunvericilik aktlarının dövlətin bu sahəyə diqqət və qayğısının təzahürü olduğunu qeyd edib. O, peşəkar medianın uşaq hüquqlarının müdafiə olunmasında mühüm rol oynadığını vurğulayıb, mediada yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması zamanı diqqət edilməli məqamlardan danışıb.

Rektor eyni zamanda texnologiyaların sürətlə inkişaf etdiyi zamanda uşaqların internetdən təhlükəsiz istifadəsinin önəmindən qeyd edərək, Universitetdə Süni intellekt etikası kafedrasının yaradıldığını bildirib.

Çıxışının sonunda media nümayəndələrinin uşaq hüquqları ilə bağlı mütəmadi təlimlərə cəlb olunmasınln vacibliyini qeyd edib və dərs vəsaitinin jurnalistlərin uşaqlarla bağlı mövzulara həssas yanaşmasına töhfə verəcəyinə inamını ifadə edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, universitetlərin səriştə əsaslı kadr hazırlığı ilə məşğul olan struktur kimi cəmiyyətin inkişafı və qorunmasında mühüm rolu olduğunu qeyd edib. Cəmiyyətdə müxtəlif informasiyaların yayılmasının insan həyatına nə dərəcədə təsir etməsinin və bəzi hallarda mənfi təzahürünün şahidi oluruq.

 Bakı Slavyan Universitetində son 20 il ərzində jurnalistika ixtisaslı tələbələrin yetişdirildiyini qeyd edən rektor A.Nağıyev, jurnalistlərin peşə fəaliyyəti dövründə həm milli, həm də beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinin vacibliyini qeyd edib.

 “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov hazırlanan dərs vəsaitinin Azərbaycan jurnalistikası üçün bir yenilik, media nümayəndələri üçün vacib bir vəsait adlandırıb. Uşaqlara diqqən və qayğının önəmindən danışan baş redaktor, mətbuatda da bu həssaslığın vacibliyini vurğulayıb. Sonda o, “Xalq” qəzetində tələbələr üçün təlim otaqlarının ayrıldığını diqqətə çatdırıb və bütün mətbuat işçilərini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Kitabın müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru Cabir Məmmədli “Media və uşaq hüquqları” kitabının məzmunu, hansı zərurətdən yaranması barədə məlumat verib, həmçinin uşaq hüquqları barədə vacib məlumatların media nümayəndələrinə çatdırmaq məqsədi daşıdığını qeyd edib.

Milli qanunvericiliyə və beynəlxalq təcrübəyə əsaslanan təqdimatla çıxış edən müəllif BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov isə çıxışında dünyada uşaqların üzləşdiyi çətinliklər, problemlər, onların hüquqlarının pozulması fonunda Azərbaycanda medianın bu sahədə həssaslığından danışıb: “Təəssüf ki, ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur. Hər hansı şəxs istənilən axtarış sistemlərində "uşağın döyülməsi" yazaraq axtarış versə, onlarla məlumat, görüntü, uşaqların üzü görünən fotoşəkillər, hətta videogörüntülər çıxa bilər. Bu cür məlumatların paylaşılması bir çox hallarda həmin uşaqlara qarşı şantaj vasitəsi kimi də istifadə oluna bilir və təəssüf ki, onun mənfi nəticələri bununla kifayətlənmir", - deyə şöbə müdiri vurğulayıb.

O əlavə edib ki, uşaq hüquqlarını pozan, şiddət, döyülmə kimi görüntüləri yayan media obyektlərinin əksəriyyəti internet televiziyaları, bir neçəsi isə hər kəsin tanıdığı, izlədiyi ənənəvi telekanallardır.

Müzakirələrdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Komitə yanında İctimai Şuranın nümayəndələri Fariz Əkbərov, Mətanət Əsgərzadə və digərləri vəsaitin mediamız üçün önəmli olduğunu, uşaqlarla bağlı yayımlanacaq materiallara daha həssas yanaşma üçün töhfə olacağını bildiriblər. 

Qeyd edək ki, uşaq hüquqları üzrə mövzuların mediada işıqlandırılmasında həssaslığın artırılması baxımından bələdçi rolunu oynayan dərslikdə müvafiq istiqamətdə mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları, uşaqlarla müsahibələrin aparılması, foto və video materialların yayımlanması və aidiyyəti digər məsələlər üzrə təlimatlar yer alıb.  

Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edən media nümayəndələri təltif edilib.

Qeyd edək ki, təltif olunanlar arasında "İki sahil"in əməkdaşı Yaqut Aslanova da yer alıb.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
60
2
ikisahil.az

3Источники