RU

Polislərin maaşı 2 min manata qədər ARTIRILSIN - TƏKLİF

Polislərin maaşı 2 min manata qədər ARTIRILSIN - TƏKLİF

Ötən yazımızda polisləriN yaş həddinin dəyişdirilməsi məsələsinə toxunduq. Təklif olundu ki, hərbçilərin pensiyası lə bağlı edilən dəyişiklik polislərimizə şamil edilsin və yeni mexanizm irəli sürülsün. Beləliklə polislərimiz yüksək məbləğdə pensiya almaq hüququna malik ola bilərlər. Bəs polislərimizin pensiyaya çıxma yaşı 10 il azaldıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, polislərimizi Müdafiə Nazirliyində olan əməkdaşlar ilə eyniləşdirmək olmaz. Onların əməkhaqqının polislərdən artıqdır:

"Polis akademiyasının məzunu 21 yaşından başlayaraq 20 ildə xidmət etdikdən sonra 44 yaşında təqaüdə yollana bilər. Amma polis mayoru sahə və əməliyyat-axtarış müvəkkilinin məbləğ təqribən 950 manatdır. Yəni o 44 yaşında pensiyaya getdikdə aldığı pul 950 manatı ötmür. Burada ilk növbədə polislərin əməkhaqqının artırılmasına diqqət yetirmək lazımdır. Əməkhaqqı artmasa faiz baxımından onların təqaüdünə təsir etməyəcək. Amma əməkhaqqı yüksək olanda təqaüddə yüksək məbləğdə olur. Polislərin tez təqaüdə göndərilməsinin əleyhinəyəm. Bütün dünya bu günləri müdafiə ilə bağlı car çəkirlər ki, büdcədən hərbi xərclərə yönələn məbləğ azaldılsın. Hətta NATO-nun hərbi blokunun ləğv edilməsi ilə bağlı çağırışlar edilir və aksiyalar həyata keçirilir. Dünya artıq müharibə istəmir. Birmənalı şəkildə bu belədir. Dünya müharibəyə yox deməsə, müharibələr bəşəriyyətə yox deyəcək. Bugünkü proqnoz ona doğru irəliləyir. Bütün dünya Ukraynaya dəstək verir ki, Rusiya ilə mübarizə aparsın. Hətta 2025-ci ilə qədər 450 milyard məbləğində vəsaitin ayrılmasını nəzərdə tuturlar. Deməli bu müharibə bitən deyil".

Ekspert bildirib ki, polis cinayətkarlara qarşı daxildə müharibə aparır. Bunun üçün gənc məzunlardan çox, peşəkar polislərə ehtiyac duyulur. 44-50 yaşında olan polisin təqaüdə göndərilməsi cəmiyyət üçün arzuolunan deyil:

" Cinayətkarlıqla mübarizədə nə qədər peşəkarlara yer imkan verilsə, o qədər yaxşıdır. Mən istəyirəm ki, polis 65 yaşa qədər orqanlarda xidmət etməyi davam etdirsin. Kim istəyirsə getsin. Amma getmək istəməyənlər ilə bağlı müvafiq qanunvericilik formalaşmalıdır. Onların təqaüdə göndərilməsi düzgün deyil. Nazirlər Kabineti polisin ilk olaraq sosial durumuna diqqət yetirməlidir. Bu gün 950 manata maaş alan polis övladının illik təhsil haqqını necə qarşılayacaq. Deyək ki, polis özünə ipoteka ilə mənzil almaq istəyir. Gərək polis ayda 1000 manat 20 ilə ödəsin. Polislərin əməkhaqqını digər hüquq-mühafizə orqanları ilə müqayisə etdikdə, hər biri saat 6 tamam olan kimi qapını bağlayıb gedirlər. Bayram günlərində normal istirahət edirlər. Amma polisin bayram və istirahət günlərində xalqın təhlükəsizliyini təmin edir. Amma polis hardasa ailəsi ilə istirahət etmək istəyər. Ailəsi ilə birlikdə bayram süfrəsində oturmağı arzulayır. Bu hamıya nəsib olmur".

Şəmsəddin Əliyevin sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanlarında çalışan publik hüquqi şəxslər 2 mindən 5 min manata qədər əməkhaqqı alırlar. Saat 6-da onlar qapını bağlayıb evlərinə gedirlər. Bütün bunların təhlükəsizliyi isə polisin üzərində qalır:

"Polis minimum 12-16 saat xidmətini davam etdirir. Görün nə qədər fərq var. Mən polisin yaş həddinin azaldılmasının əleyhinə deyiləm. Amma gələcəkdə veriləcək təqaüd onun sosial rifahını təmin etməlidir. Qanunvericilikdə pensiyalar ilə bağlı nə qədər dəyişiklik olub. Amma məsələ odur ki, ortalıqda bir dəyişiklik yoxdur. Müvəqqəti qanunların heç bir əhəmiyyəti olmur. Əgər cəmiyyətdə əmin-amanlığın artmasını, insanların normal yaşamağımız istəyiriksə, polislərin əməkhaqları artırılmalıdır. Heç olmasa polis mayoru olan şəxs 2 min manat əməkhaqqı almalıdır. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlarımız var. Əgər Azərbaycanda sabitlik olmasaydı, vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin, konsulluqların təhlükəsizliyi tam təmin olunmasaydı COP29 heç vaxt Bakıda keçirilməzdi. Belə mötəbər tədbirə Bakının ev sahibliyi etməsinə razılıq veriməzdi. Bütün bunlar Azərbaycan polisinin hamıya görk ola biləcək fəaliyyətinin təzahürüdür. Birmənalı şəkildə polislərin əməkhaqqı artırılsın".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
94
sonxeber.az

1Источники