RU

COP29 Azərbaycana necə təsir edəcək? – Dünyanın gözü bizdə

Hər il fərqli ölkənin ev sahibliyi etdiyi "Tərəflərin Konfransı (COP)" 29-cu dəfə ölkəmizdə keçiriləcək. Beynəlxalq tədbir paytaxt Bakıda baş tutacaq və noyabrın 11-dən 22-dək davam edəcək. Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan  COP29-da 80-100 min arası şəxsin iştirakı gözlənilir. Azərbaycan bu müddət ərzində müxtəlif ölkələrdən gələn əcnəbi vətəndaşları qonaq edəcək. Qeyd edək ki, sözügedən tədbirdə ekoloji baxımdan qlobal məsələlər müzakirə olunacaq.

Ekoloq Rövşən Abbasov “Yeni Sabah”a açıqlamasında tədbirin mahiyyəti haqda məlumat verib:

“COP ilə bağlı tədbirlər hər il keçirilir. Bunlardan bir neçəsi daha yaddaqalan olub. Buna misal olaraq, COP21-i göstərmək mümkündür ki, 2015-ci ildə Parisdə baş tutub. COP21 Paris razılaşmaları ilə yadda qalıb. Həmin razılaşmalar əsasında hər bir ölkə üzərinə könüllü öhdəlik götürmüşdü ki, istixana qazlarının miqdarını öz ərazisində azaltsın. Azərbaycan da bu ölkələrdən biri idi. Daha sonra “Milli Töhvə” adlı sənədini hazırlamışdı. Bu sənəddə müxtəlif ssenarilərə uyğun olaraq istixana qazlarının azalma tendensiyaları göstərilir. 

Belə bir tədbirin Azərbaycanda keçirilməsi ilk növbədə, qlobal miqyasda ölkəmizin iddiasını ortaya qoyur. Həmçinin, bu, “Yaşıl dünya naminə həmrəylik ili” ilə çox uzlaşır. Bizim ölkə hazırda “Milli Töhvə” sənədini yenidən işləyir və sənədin əvvəlki formasından fərqli olaraq, daha iddialı məqsədləri qarşısına qoyur ki, ərazimizdəki karbon emissiyaları minimuma endirilsin. Builki COP29 yaşıl maliyələşmə ilə daha çox yadda qalacaq. Yaşıl maliyyələşmə gələcəkdə ölkələrin karbon emissiyalarını azaltmaq üçün hansı yaşıl maliyyə mexanizmləri işləməsi, mənbəyini haradan əldə etməsi ilə bağlıdır. Çünki karbon emissiyalarını azaltmaq ciddi maliyə tələb edir. Elektrik avtomobillərinə, sıfır karbon texnologiyalarına keçid, günəş, külək elektrik stansiyalarının artırılması və bu yöndə digər bütün tədbirlər çox baha başa gəlir və böyük maliyə resurslarının olması lazımdır. Bütün sadalanan məsələlər Azərbaycanda keçirilən beynəlxalq tədbirdə qlobal miqyasda araşdırılacaq və irəliyə doğru böyük addımlar atılacaq”.

Digər ekoloq Qorxmaz İbrahimli də saytımıza bildirib ki, bu tədbirin ölkəmizdə keçirilməsi qürurverici olmaqla yanaşı, eyni zamanda maarifləndirici bir fürsətdir:

Noyabr ayında Bakıda çox mühüm beynəlxalq tədbir keçiriləcək.  Qlobal istiləşmənin gələcəkdə insan həyatı daxil bütün canlı və cansız aləmə vuracağı zərərləri hesablayan bilim insanlarının səsi BMT tərəfindən hələ ötən əsrin 70-ci illərində eşidildi və dəyərləndirildi.  

Hər nə qədər COP adı Paris iqlim konfransı ilə bağlı olsa da belə beynəlxalq tədbirlər daha öncə də keçirilib. İlk dəfə 1979-cu ildə iqlim konfransı təşkil olundu. Sonra ötən əsrin 90-cı illərinin əvvəlində Rio-de-Jeneyroda, sonra Kiotoda və Berlində keçirilibdir.  Bu konfransların əsas məqsədi havanın hərarətinin artmasının qarşısını almaq üçün istixana qazlarının, metan qazının havada çəkisinin azaldılmasına nail olmaqdır.  Bunların əsas səbəbkarı isə böyük sənaye dövlətləri olan Çin, ABŞ, Hindistan, Rusiya, Fransa və digər ölkələrdir. 

Noyabr ayında Bakıda keçiriləcək konfrans ilk növbədə inkişaf etmiş dövlətlərdən inkişaf etməkdə olan və kasıb dövlətlərə maliyə və texnoloji dəstək göstərmələrini önərməkdir.  İki həftə ərzində ölkəmizin yaşıl enerji və təmiz çevrə ilə bağlı gördüyü işlər iştirakçı dövlətlərdən gələn qonaqlara çatdırılacaqdır.  Bildiyiniz kimi, on minlərlə insan bu tədbirə qatılmaq üçün ölkəmizə gələcəkdir.  Düşünürəm ki, Azərbaycanın bu qısa müddət ərzində iqlim dəyişikliklərinin önlənməsi və ekoloji təmiz, yaşıl enerji hasil edilməsi ilə bağlı işləri ciddi bir örnəkdir.  

Bu tədbir bizim yurddaşlar üçün bir yandan qürurverici hal olduğu kimi, digər tərəfdən də maarifləndirici bir fürsət olacaqdır.  Bizim insanların ətraf mühitin qorunması ilə bağlı bilgili olmalarına ciddi ehtiyac var. Bu mənada COP-29 böyük təsir edəcəkdir”.

Aytac Şahin

 


Telegram kanalımız
Избранный
124
16
yenisabah.az

10Источники