RU

İş yoxuşa çıxanda avropalının iti gəlmələrdən dəyərli olur - Boz qurd polemikası

Cəmi dörd il əvvəl, talışlar, ləzgilər, avarlar, bir də türklər var idi.
 
İndi talışlar da var, ləzgilər də var, avarlar da var, türklər də var. 

Cəmi dörd il əvvəl, vətən var idi, hilal bığlı talış kişilər vardı, ləzgilər vardı, avarlar vardı, türklər vardı. 

Vətən vardı, bayraq vardı. İndi də var və daim olacaq. Dörd il əvvəl boz qurd da var idi. İndi də var. 

Nədəndirsə boz qurd məsələsi Türkiyə üzərindən gündəm mövzusu olduqda haçalanma-parçalanma, qıcıqlanma görürük. Görürükmü, yoxsa göstərirlərmi? 

Göstərirlər desəm, yalan olmaz. Talışlara, ləzgilərə, avarlara kürdlərə göstərilən boz qurd ya Avropanın "dəyərlərinin məhsuludur", ya da bu millətlərin birlik, bərabərlik eşqini qısqanan farsların, ermənilərin məhsulu olur. Çünki boz qurd və Ərgənəkon əfsanəsini yaxşı qavramış bu "məhsulçular" nə etdiklərini yaxşı bilirlər. Bilirlər ki, qurtuluş dastanını bu millətlər çiyin-çiyinə yazıb - Qarabağın qurtuluş dastanını, Çanaqqalanın qurtuluş dastanını, 20 yanvar qurtuluş dastanını, Azərbaycanın cümhuriyyət dastanını. 

Hz. Hüseyinin qondarma şəklini başının üstündən asıb İrana biyyət edənlər boz qurdu ya yırtıcı heyvan kimi görəcəklər, ya da milliyyətçilik, irqçilik olduğunu qışqıracaqlar - təbiidir. Bu simgənin bir azadlıq dastanı olması həqiqəti bu kəsimlərin işinə yaramaz. 

Rasizmin daha çox sosial istiqamətdə tüğyan etdiyi Avropada "gəlmələrin" bəsit bir işçi qüvvəsi olması həqiqəti kimdən gizlindir ki? Çoxlarının gördüyü atma-atma adamlar bəzəkdir, Rişi Sunaklar kimi. Çünki bu bəzək ustaca yerinə bərkidilmiş sistemin məqsəd və məramının bir parçasıdır. Avropada hər gəlmə o məqsədə can atmalıdır. Mexanizim bu yolla işləməlidir, daha da möhkəmlənməlidir, daha çox vergi verilməlidir, daha çox öz kimliyini unutmalı, bütün işlərdə öndə olmalıdırlar ki, yerlilər rahat yaşasın. Fəqət iş yoxuşa çıxanda yerli avropalının iti gəlmələrdən dəyərli olur. Olacaq da. Özü də bütün bunlar qaydasına, qanunlarına görə ustalıqla həyata keçirilir. Yerlilər kimi düşünməlisən, yerlilər kimi yaşamalısan, yerlilər kimi uşaqlarını tərbiyyə etməlisən. Mən Avropada avropalı valideynlər tanıyıram - ən böyük arzuları uşaqlarının gey olmasıdır. Mən Avropada məktəblər tanıyıram - azyaşlı uşaqlara mastrubasiya tədris olunur. İndi mən özümüzünkülərdən soruşuram - Bu rəngarənglik yaxşıdır, yoxsa ləzginin, talışın, türkün, kürdün həmrəng və həmrəy olub 44 günlük müharibədə yazdığı dastan? Qurtuluş simgəsi boz qurd yaxşıdır, yoxsa ortancıl barmağımızı göstərmək? 

Razıyam, insanların sosial rifahı Avropada yüksəkdir. Fəqət hər şey qarın otarmaqla qurtarmır. Uşaqlarının və özlərinin qarınlarını "qurtaran" Avropaya pənah gətirən valideynlər elə həmin uşaqların əqidəsiz, mənliksiz böyüməsinə necə razı olsunlar? Bəs rəngarənglik? Bəs azadlıq? Hər kəsin özünü necə rahat hiss etməsinə bağlı olan özgürlük anlayışının təməl prinsipi necə olsun?

Doğrudur, Avropaya pənah gətirmiş hər millətin öz dillərində təhsil almaq, öz kültürlərini yaşatmaq kimi avantajları da var, fəqət o millətlərin heç bir nümayəndəsinin "Con" və ya "Anderson" kimi yaşamaq lüksu olmayacaq. 

Mən Avropada "öz gələcəyini" düşünüb adını dəyişdirən onlarla gəlmə tanıyıram. Əgər sənin adın Con deyilsə, deməli sən hələ də tam adaptasiya ola bilməmisən və sənə güvənmək olmaz. Səndən olsa-olsa yaxşı bir təmizlikçi olacaq...

Doğrudur, hamımız insanıq, dünyalıyıq. Əlbəttə ki, irqçilik xəstəlikdir, qorxunc bir şeydir. Fəqət kimsə hansısa barmağını qatlayıb mənə saya bilərmi ki, Azərbaycanda hansısa millətə qarşı soyqırım olunub?! Olmayıb, ola da bilməz. "Dəyərlərin üst səviyyədə" olduğu Avropa ölkələrindən bu cür misallar isə saysız, hesabsızdır. Və bu cür misallar hələ də davam edir, beyinləri yumaq metodu ilə. 

Bir sözlə fitnə yaman şeydir. Ehtiyyatlı olmalıyıq...

Biz Avropanın söz azadlığı və sosial rifah dəyərlərini öz ölkəmizdə görmək istəmirikmi? İstəyirik. Bunun üçün nə etməliyik? Yenə hamımız birlikdə eyni hədəfə yol almalıyıq. Bunu necə etməliyik? Millətin alt yapısından başlayaraq bərabərhüquqluluq, sosial demokratiya və qanunların işləkliyinin təmin olunmasını tələb etməliyik. Bunu bacarsaq, hər şey yaxşı olacaq. Hətta çox yaxşı olacaq.

Elçin Aslangil
Избранный
127
1
qaynarinfo.az

10Источники