RU

Paşinyanın Baydenə bu sözü Putini “yerdən götürəcək”...

Image

Qulamhüseyn Əlibəyli: “Sanki Rusiyanı təhrik edir ki, Moskva konkret hansısa kəskin cavab tədbiri görsün”

“Ermənistan ABŞ-la münasibətlərini bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırdır”. Bu barədə baş nazir Nikol Paşinyanın ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika prezienti Cozef Baydenə müraciətində deyilir. 

Paşinyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması prosesində ABŞ-ın roluna önəm verir və ABŞ-ın Ermənistan Respublikasının suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi dərindən qiymətləndirir: “Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiq etmək istərdim və əmin olduğumu bildirmək istərdim ki, bizim bu kritik dövrdə davamlı və möhkəmlənən tərəfdaşlığımız ölkələrimiz və region üçün dinc və daha firavan gələcək yaratmağa kömək edəcək”.

Paşinyan məktubda “Ermənistan ABŞ-la münasibətlərinin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırdır” deməklə Rusiyanı qıcıqlandıran daha bir mesaj vermiş oldu.

“Bütün bunlara baxmayaraq, Rusiya Ermənistana yönəlik diplomatik təzyiqlərini artıracaq” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Ermənistan rəsmilərinin, o cümlədən Paşinyanın son dövrlər verdiyi açıqlamalar daha çox Rusiyaya yönəlib: “Verilən açıqlamalar daha çox bu səpkilidir. Rusiyanı bir dövlət kimi qıcıqlandırmaq, Moskvanı öz siyasətindən çəkindirmək məqsədi güdən açıqlamalardır. Paşinyanın Baydenə ünvanladığı təbrik məktubundakı fikirlərin bir hissəsi diplomatik nəzakətdən irəli gəlsə də, əsl məqsəd Rusiyadan aralanmaqdır. Ancaq istənilən halda, strateji tərəfdaşlıqla bağlı fikirlər həm Paşinyanın arzusunu ifadə etmiş olur, həm də onun Rusiyaya bir mesaj göndərməsi kimi də qiymətləndirilə bilər. Sanki Rusiyanı təhrik edir ki, Moskva konkret hansısa kəskin cavab tədbiri görsün. Ondan sonra açıq Qərbə inteqrasıya yolunu bəyan etsin. Ancaq Rusiya hələ ki, səbrli bir dövlət kimi görünərək Paşinyana bu bəhanəni vermir. Bütün bunlara baxmayaraq, Rusiya Ermənistana yönəlik diplomatik təzyiqlərini artıracaq. Digər tərəfdən, strateji tərəfdaşlıqla bağlı olan digər məsələ Paşinyanın bir xülyasıdır. Çünki Birləşmiş Ştatlar ayrı-ayrı dövlətlərə tərəfdaş kimi baxsa da, onlara strateji tərəfdaş kimi baxmır. Yəni konkret bir məsələdə tərəfdaş kimi baxa bilər. Məsələn, Cənubi Qafqazda ABŞ-ın geosiyasi maraqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən Vaşinqton Ermənistana bir tərəfdaş kimi baxmış olur. Lakin bu tərəfdaşlıq bərabərhüquqli strateji əməkdaşlığı əhatə etmir. Sadəcə olaraq ABŞ hesab edir ki, bu və ya digər dövlət onun maraqlarını – siyasi, geosiyasi, iqtisadi və digər maraqlarını həyata keçirməlidir. Ona görə də, ayrı-ayrı dövlətlərə bu və ya digər dərəcədə yardım göstərsələr də onları özlərinin strateji tərəfdaşı hesab etmirlər. Bunu yəqin ki, Ermənistanda da başa düşürlər. Paşinyan da, o cümlədən Rusiya da başa düşür. Ancaq hər halda ABŞ-dan istifadə etməklə Ermənistan Rusiyanı qıcıqlandırmağa, onu hər hansı kobud addım atmağa vadar etmək istəyir. Lakin hesab edirəm ki, bu addımlar mənasızdır. Onsuz da hamıya bəllidir ki, Ermənistan Rusiyanın orbitindən kənara çıxmaq və ABŞ-a yaxınlaşmaq istəyir. Paşinyanın Baydenə ünvanladığı məktubda yer alan fikirləri bir növ xırda yaltaqlıq kimi də qiymətləndirmək olar. Paşinyan bununla Baydenə yaltaqlıq edir ki, Vaşinqtonun dediklərini həyata keçirməyə daha çox hazırdır”.

Vidadi ORDAHALLI





Избранный
166
baki-xeber.com

1Источники