RU

“Qoy, seçkidən-seçkiyə seçicini yada salan qara qüvvələr narahat olsunlar”

Erkən parlament seçkiləri milli maraqlara və gələcək inkişafa hədəflənib

Danılmaz faktdır ki, tarixi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir. Bu baxımdan, Yeni  Azərbaycan Partiyası tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı irəli sürülən təşəbbüs sözün əsil mənasında ölkəmizdə yaranmış yeni tarixi reallıqlara uyğun olaraq gələcək inkişafımıza xidmət edən növbəti bir addımdır. 
Yeni  Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı, eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir: "Nəhayət qarşıya qoyulan mühüm hədəflərə doğru atılan qətiyyətli addımlar nəticəsində Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda tam yeni geosiyasi konfiqurasiya yarandı, ölkəmizin obrazı yeniləndi və ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu, 44 günlük Vətən Müharibəsi və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. Bunun nəticəsi kimi bu gün bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Bütün bu möhtəşəm tarixi hadisədən sonra ölkədə yaranmış yeni ictimai-siyasi vəziyyət bir sıra mühüm proseslərin reallaşdırılmasına imkan verdi. İlk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri-Zəfər seçkiləri keçirildi. Otuz ildən sonra işğal altında olan ərazilərdə seçicilər səsvermədə iştirak edərək, vətəndaşlıq borclarını yerinə yetirdilər. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Öncə onu demək lazımdır ki, bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək, vətəndaşlarımız artıq məcburi köçkün kimi deyil, yerli sakin kimi öz ata-baba torpaqlarında səs verəcəklər. İlk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi ölkə bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bir daha bariz nümünəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini bütün dünyaya nümayiş etdirəcək".
Onun bildirdiyinə görə, Konstitusiyamıza görə parlament seçkiləri bu ilin noyabr ayının ilk həftəsində keçirilməli idi. Məhz, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinin növbədənkənar olmaqla vaxtının önə çəkilməsi təşəbbüsünü irəli sürməsi gələcəyimiz üçün daha vacib, daha əhəmiyyətli məqsədlərə çatmağa hədəflənmişdir: "Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un keçirilməsinin noyabr ayına təsadüf etməsidir. İstər Azərbaycanın, istərsə də Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında strateji əhəmiyyətə malik belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın və böyük hörmətin göstərisidir. Digər tərəfdən ölkəmizin üzərinə böyük məsuliyyət də düşür. 80 minə yaxın əcnəbi qonağın Azərbaycana təşrif buyuracağı və qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un yüksək səviyyədə keçirilməsi zəruriyyətini ortaya qoyur. Əlbəttə, Azərbaycan bir sıra qlobal səviyyəli tədbirləri uğurla həyata keçirməsi ilə tanınır və böyük təcrübəyə malikdir. Bununla belə, mühum əhəmiyyət daşıyan parlament seçkilərinin və qlobal xarakterli tədbirin eyni vaxtda keçirilməsi məqdəuyğun olmazdı. Eyni zamanda, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcəyi nəzərə tutulur. Təbii ki, belə mötəbər tədbirlərin Bakıda keçirilməsi bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək və paytaxtımız minlərlə qonağı qəbul edəcək. Böyük təbliğat platformalarına çevriləcək bu tədbirlərin Bakıda keçirilməsi sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və postmüharibə reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına şərait yaradacaq. Bütün bunlar daha yaxşı hazırlıq tələb edir və hazırlığın digər ictimai-siyasi proseslərlə paralel aparılmamasını şərtləndirir. Sözsüz ki, milli maraqlarımıza və ölkəmizin gələcək inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı təşəbbüsünün bütün millət vəkilləri tərəfindən dəstəklənməsi də milli həmrəyliyimizdən xəbər verir, xalqımızın daha xöşbəxt gələcəyinə və Azərbaycanın gücünün, qüdrətinin daha yüksələcəyinə əminlik yaradır".
YAP İdarə Heyətinin üzvü, professor Əfsun Sucayev qeyd edib ki, bu günlərdə Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxıldı və 2024-cü il sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi: "Təbii ki, bu gözlənilən qərar idi. Çünki ərazi bütövlüyü və suverenliyini tam bərqərar etmiş Azərbaycanımızın uzun müddət işğal altında olan şəhər, rayon, kənd və qəsəbələrinin parlamentdə təmsil olunması bir obyektiv zərurətdir. Amma bu növbədənkənar prezident seçkiləri kimi, növbədənkənar parlament seçkiləri üçün də tək səbəb deyil. Növbədənkənar parlament seçkilərini iki aya önə çəkilməsini şərtləndirən ölkəmizin, xüsusən, paytaxt Bakının bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) adlı möhtəbər tədbirə ev sahibliyi etməyə hazırlaşmasıdır. Bu bir faktdır ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta indiyə qədər Bakıda baş tutmuş iri formatlı tədbirlərdən olan Avropa Oyunlarını xatırlasaq, o vaxt respublikamıza 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Bu möhtəbər tədbirin qalib ölkənin adına layiq şəkildə keçirilməsi sıravi vətəndaşdan tutmuş səlahiyyətli şəxslərə dövlət qurumlarından özəl təşkilatlara qədər cinsindən, milliyətindən, dilindən, dinindən aslı olmayaraq, belə demək mümkünsə  7-dən 77 yə hamı səfərbər olmalı, hər kəs üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməlidir. Belə olan halda parlament seçkiləri kimi olduqca əhəmiyyətli tədbirin də COP29-la bir araya gətirilməsi praktik olaraq mümkün deyildir. Başa düşürük ki, mövcud Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Ancaq bütün bunlar çox böyük məsuliyyət, həssaslıq tələb edən proseslərdir, biri digərinə mane olmamalıdır. Ona görə ən düzgün qərar o oldu ki, parlament seşkilərini sentyabr ayında yüksək səviyyədə keçirməklə bütün fəaliyyəti COP29-a fokuslandırmaq mümkün olacaq".
Onun sözlərinə görə, hakim partiya olaraq Yeni Azərbaycan Partiyası hər bir seçkini seçicisi qarşısında hesabat məsuliyyəti kimi dəyərləndirdiyi üçün bu proseslərə həmişə hazırlıq vəziyyətində olur: "Ona görə bu dəfəki seçkilərdə də xüsusi hazırlıq prosesləri həyata keçirilməsinə gərək qalmır. Mövcud qanunvericiliyin və Mərkəzi Seçki Komisiyasının müəyyənləşdirdiyi təlimata uyğun şəkildə proseslər ardıcıl şəkildə vaxtında və operativ şəkildə yerinə yetiriləcək əsas məqsədə çatılacaq. Ən əsası bu ilin fevral ayında yaradılan prezident seçki ab-havasını, xüsusən də seçici fəallığını bu dəfə parlament seçkiçisində bərqərar edəcəyik. Bundan ötrü Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi yeddinci çağırış Milli Məclisə hər bir ərazi üzrə seçiciləri tərəfindən birmənalı qəbul edilən nüfuzlu şəxsiyyətlərin namizədliyini irəli sürəcək və onların təbliğat-təşviqat kampaniyasını da yüksək səviyyədə, amma heç bir çətinlik çəkmədən təşkil edəcək. Qoy, seçkidən-seçkiyə seçicini yada salan və yalnız seçki müddətində qara-piarla təbliğat aparmağa çalışan bəzi bədniyyətli qara qüvvələr narahat olsunlar. Onların bu növbədənkənar parlament seçki qərarına şübhə ilə yanaşmaları, özlərinə sərf edən yorumlar, şərhlər bildirmələri tamamilə absurd fikirlərdir. Onsuz da həmişə hakim partiyaya, mövcud iqtidara Qarabağ problemi üzərindən gəlib, hakimiyyətə can atan radikal kəsimin bəhanələrinə gözləmədikləri halda son verilib. Onlar artıq əmindirlər ki, xalqın qarşısına çıxıb, demokratiya, vicdan azadlığı kimi uyduracaqları nağıllara bundan sonra heç kim, hətta özləri də inanmayacaq. Namizəd kimi qeydə alınmaqları üçün cəmi 400-500 imzanı toplamaqda aciz qalanlar öz ailə üzvlərini də özlərinə səs verdirə bilməyəcəklərini yaxşı başa düşürlər".
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
olaylar.az

1Источники