RU

Ərdoğan-Əsəd görüşü keçirilə bilər

Ərdoğan-Əsəd

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin üçüncü ölkədə görüşəcəyi iddia olunur. Bildirilir ki, sözügedən sammitin reallaşması istiqamətində ilk addım iyunun 11-də atılıb.

Reyting.az
xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın Moskvadakı təmaslarından sonra Rusiya prezidenti Vladimir Putin Suriyanın xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi Dəməşqə göndərib və ondan Əsədi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirak etməyə razı salmasını istəyib. Bəşər Əsəd isə “biz normallaşmaya hazırıq”, - mesajını versə də, ŞƏT-in iclasında iştirak etməyib.

“Türkiyə” qəzetinə məlumat verən Ankaradakı mənbələr deyiblər ki, Ərdoğan- Əsəd görüşünün 2024-cü ilin sentyabr ayına qədər üçüncü ölkədə keçirilməsi nəzərdə tutulub.

Görüş üçün Rusiya, İraq və Körfəz ölkələrinin ön plana çıxdığı deyilsə də, Suriya tərəfi görüşün İraqda keçirilməsini uyğun hesab edir. Görüşün hansı ölkədə keçiriləcəyinə Putinin Türkiyə səfərindən sonra aydınlıq gətiriləcəyi bildirilir.

Görüşdən əvvəl iki ölkə hərbi, siyasi, iqtisadi, terrorizm və qaçqınlarla bağlı məsələləri müəyyən etmək üçün qarşılıqlı komissiyalar yaradacaq və tərəflər keçmiş tələblərinə yenidən baxacaqlar. Toplantıda ən vacib mövzular: Suriyanın suverenliyi, qaçqınların ölkələrinə qayıtması və PKK/YPG olacaq.

Mənbələr Dəməşq rəhbərliyinin xoş niyyət əlaməti olaraq türk əsgərlərinin bir neçə nöqtədən geri çəkilməsini istədiyini bildirib. Türkiyə “PKK/YPG və İŞİD də daxil olmaqla bütün təhdid ünsürlərinə qarşı birlikdə hərəkət edək”, - deyib.

Ankara görüşə hazırlıq prosesinin sakit şəkildə aparılmasını, görüşün nümayəndə heyətləri səviyyəsində deyil, lider yönümlü olmasını və heç bir xarici ölkənin iclasa qatılmamasını istəyib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
1
reyting.az

2Источники