RU

Şanxay zirvəsi Azərbaycanın BRİCS-ə də yolunu açdı...

Image

Yeganə Hacıyeva: “Azərbaycanın ŞƏT-də müşahidəçi statusunda olması və ya tamhüquqlu üzv kimi təmsilçiliyi bizdən daha çox Çinin marağındadır”

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. 

Bəyannamənin bəndlərindən birində deyilir ki, Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Bunu necə şərh etmək olar?

Siyasi şərhçi Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının ideyası bir cümlədə ticarət-iqtisadi, nəqliyyat, loqistika və enerji əlaqələrinin gücləndirilməsi yolu ilə Çin və Mərkəzi Asiya regionunda sülh və stabilliyi  təmin etmək məqsədi kimi ifadə edilə bilər: “Ölkələr bunu həm də  milli maraqların qorunmasında, müstəqil inkişaf yolu və idarəetmə modelində və  təşəbbüslərin həyata keçirilməsində bir-birini dəstəkləmə kimi təqdim edirlər. ŞƏT həmçinin aid olduğu regionda  regional təhlükəsizliyin indiki vəziyyəti, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirlərini həyata keçirir. Digər məsələlər kimi isə  sülh və stabilliyin vacib təməlləri istiqamətində əməkdaşlığı gücləndirirlər.

Son illər, ümumiyyətlə, ŞƏT həm də Çinin  “Bir kəmər - bir yol” təşəbbüsünün siyasi təqdimatı kimi qəbul edilir. Rusiya istisna olmaqla, digər  üzv ölkələr milli inkişaf strategiyalarının uyğunlaşdırılması və inteqrasiyasını davam etdirmək, ticarət və investisiya prosedurlarının asanlaşdırılmasını təşviq etmək barədə razılığa gəlib. Bu  da məhz “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat təşəbbüslərinin asanlaşdırılması ilə nəticələnib. ŞƏT üzv  və müşahidəçi statuslu dövlətlərə təşkilata ikitərəfli ziddiyyətləri daxil etməmək  öhdəliyini irəli sürür.  Bu, təşkilata daxil olmaq iddiasında olan bütün ölkələrin yerinə yetirməli olduğu şərtdir.

Azərbaycana gəlsək, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyasında mühüm rolu olan ölkə kimi diqqəti cəlb edirik. Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan,  strateji regionun nəqliyyat layihələrinin açar  ölkəsi kimi  bizim ŞƏT-də müşahidəçi statusunda olmağımız təşkilat üçün arzuediləndir. Bu, Azərbaycanı həm də  “Bir kəmər - bir yol ” layihəsinin strateji bəndi olaraq,  Çinin qitələrarası nüfuzunun artması baxımından  cazibədar edir. Azərbaycanın ŞƏT-də müşahidəçi statusda təmsil olunması və ya tamhüquqlu üzv kimi təmsilçiliyi bizdən  daha çox Çinin marağındadır. Əvvəllər Azərbaycan dialoq tərəfdaşı olan  ölkə kimi ŞƏT-lə əməkdaşlıq edirdi.

Dialoq tərəfdaşlığı olan digər ölkələr Türkiyə, Nepal, Kamboca və Ermənistandır. 

Burada yalnız təşkilatla dialoqun qurulması və əməkdaşlıqdan söhbət gedirdi. Bu, sadəcə, dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi anlamına gəlirdi ki,  əsas məqsəd iqtisadi tərəfdaşlığın inkişafı idi.

Üzv təşəbbüsçüsü olan  ölkələr üçün isə  Azərbaycanın ən azı müşahidəçi, ya üzv ölkə kimi quruma qoşulması arzu edilir.   

Nəzərə alaq ki, xüsusilə Orta Asiya ölkələri Azərbaycan üçün yeni bazardır. Belə tərəfdaşlıq imkan verir ki, Azərbaycan sözügedən ölkələrlə həm enerji, həm qeyri-neft sektorunda birgə regional layihələrı reallaşdıra bilsin”.

Məhəmmədəli QƏRİBLİ





Избранный
77
baki-xeber.com

1Источники