RU

Deputat: "Azərbaycanın çox ciddi potensiala malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatına bəllidir"

“3-4 iyul tarixində dünyanın yeni güc mərkəzlərindən biri kimi formalaşmaqda olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvə görüşünə Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəvət alıb. Nəzərə alsaq ki, Azərbaycan ŞƏT-nin üzvü deyil. Bu Təşkilata üzv kimi 9 dövlət daxildir. Azərbaycan isə dialoq tərəfdaşı olaraq dəvət alan 14 dövlətdən biridir. Bundan öncə 2022-ci ildə ŞƏT-nin Özbəkistanda keçirilən tədbirinə də cənab İlham Əliyev dəvət almışdı. O tədbirdə əsas diqqət mərkəzində saxlanılan məsələlər logistik imkanlarla, tranzit məsələlərlə bağlı idi. Qeyd edilən istiqamətlər üzrə Azərbaycanın çox ciddi potensiala malik olduğu ŞƏT-yə bəllidir. Təşkilat bu gün 3,5 milyard insanın yaşadığı bir arealı əhatə edir. Dünyadakı ümumdaxili məhsulun dörddə birini istehsal edir. Bu baxımdan, Azərbaycana olan diqqət, Prezidentin ŞƏT-nin sammitlərinə dəvət alması tam məntiqi, əsaslıdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

“Azərbaycanın qeyd edilən sahə üzrə tranzit və loqistika baxımından unikal imkanları var, çox gözəl infrastrukturu formalaşıb. Son 20 il ərzində ölkəmizdə 19 min kilometrdən çox avtomobil yolları, 1400 kilometrdən çox dəmir yolun xətti çəkilib.  Bu gün Xəzər akvatoriyasında Azərbaycanın 60-dan çox mülki gəmisi fəaliyyət göstərir. Hava limanımızda 18 təyyarə var. İşğaldan azad olunmuş torpaqlarımızda min kilometrlərlə avtomobil yolu, 100 kilometrlərlə dəmir yolları çəkilir. Azərbaycan Şərqdə Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında söz sahiblərindən biridir. Əsas tranzit xəttinə çevrilməkdə olan orta xəttin reallaşmasında, Trans-Xəzər nəqliyyat dəhlizinin işə düşməsində Azərbaycanın töhfəsi olduqca böyükdür. Avropa-Çin nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycanın körpü rolu hər kəsə bəllidir. Bu baxımdan, ŞƏT-nin Səmərqənddə keçirilən tədbirinə Azərbaycan Prezidentinin dəvət alması məntiqli idi. Astanada keçirilən tədbirdə də əsas çoxtərəfli dialoqun möhkəmləndirilməsi, bu kontekstdə dayanıqlı sülh və inkişafın təminatı ilə bağlı məsələlər müzakirə olunacaq. Azərbaycanı beynəlxalq aləmdə etibarlı əməkdaş kimi qəbul edirlər. Cənab İlham Əliyevin sammit çərçivəsində dünyanın fövqəl dövlətlərinin liderləri ilə görüşü, müzakirə olunan məsələlərin gündəliyi də dediyimizi təsdiq edir. Cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin ilə görüşdə ikitərəfli formatda çox ciddi məsələlər müzakirə edildi. Strateji əhəmiyyətli sənəd imzalandı. Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqda birgə bəyannamə, doğrudan da, bizim münasibətlərimizin sonrakı inkişafı üçün geniş imkanlar pəncərəsi açır. Azərbaycan Prezidentinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Rusiya Prezidenti Vladimir Putinlə görüşü, Qazaxıstan Prezidenti ilə apardığı danışıqlar nəticə etibarilə Azərbaycanın malik olduğu çox ciddi iqtisadi potensialın və beynəlxalq aləmdəki çəkisinin nümayişi baxımından olduqca əhəmiyyətlidir”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 İyul 2024, 17:57   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
2
pravda.az

3Источники