RU

Rusiyada azərbaycanlı diasporuna münasibət DƏYİŞİB

Hazırda dünyanın 70 ölkəsində 50 milyona yaxın azərbaycanlı yaşayır. Bütün dünya üzrə isə azərbaycanlıların 150-dən çox diaspor cəmiyyəti fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr arasında Rusiya Federasiyası xüsusilə diqqəti cəlb edir. Hazırda qeyri-rəsmi statistikaya görə,  Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar.

Rusiyada Azərbaycan diasporunun fəaliyyəti, görülən işlər və hədəflər barədə Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Modern.az-a danışıb.

O bildirib ki, Rusiyada Azərbaycan diasporunun fəaliyyəti son illər çox səmərəli qurulub:

“Moskvadakı Azərbaycan diasporunun müxtəlif dövrləri olub. Təəssüflə qeyd etməliyəm ki, təşkilat formal şəkildə uzun illər mövcud olsa da, azərbaycanlıları bir araya gətirən, onların milli-mədəni maraqlarına cavab verən dolğun fəaliyyətlə məşğul olmayıb. Lakin iki il bundan öncə nəinki təşkilatın rəhbərliyi, hətta ümumilikdə kosepsiyası, iş fəlsəfəsi, praktiki görünüşü dəyişib. İki il çox qısa bir zaman kəsiyi olmasına baxmayaraq, biz, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti olaraq, gəldiyimizdə bəyan etdiklərimizi nəinki təsdiqləmiş, hətta əməli işlərimizlə təcrübədən keçirmiş və bəhrələrini görməkdəyik. Bu iki il ərzində təşkilatımız çoxmillətli Moskvanın milli-etnik palitrasında özünəməxsus yer tutub və hörməti qazanıb, hətta bir örnəyə çevrilib. Bu müddətdə biz Azərbaycanın tarixini, milli-mədəni irsini, Azərbaycan-Rusiya arasındakı münasibətləri nümayiş etdirən bir çox tədbirlərin təşkilatçısı olmuş, onları yüksək səviyyədə keçirmişik. Yerli dövlət strukturları, rəsmi orqanlar, milli və dini birliklər, müvafiq ictimai qurumlarla çox sıx işğüzar əlaqələr qurulub, təşkilat nəzdində çox aktiv iş aparan qadınlar birliyi uğurla fəaliyyət göstərir, azərbaycanlı gənclərlə mütəmadi görüşlər keçirilir və perspektivli layihələr gündəmimizdədir.

Bir diaspor təşkilatı olaraq ölkələrimiz arasındakı körpü rolunu sözdə deyil, əməldə oynamağa davam edirik. Rusiyadakı digər Azərbaycan diaspor təşkilatları ilə münasibətlərimiz yeni işğüzar səviyyəyə çıxarılaraq səmərəli şəkildə qurulub davam etdirilir, xarici səfərlər həyata keçirilir, Azərbaycanı müxtəlif platformalarda layiqincə təmsil etdiyimizdən qürur duyuruq. Sadaladıqlarım gördüyümüz işlərin çox ümumi və çox qısa bir xarakteristikasıdır ki, həqiqətən də biz yeni-yeni tədbir və layihələri konsepsiyamız çərçivəsində reallaşdırmağa davam edirik. Ən vacib məqamlardan biri də odur ki, təşkilatımız Moskva azərbaycanlılarının sanki doğma evinə çevrilib. Ofisimizdə nəinki özümüzün təşkil etdiyi tədbirlər, eləcə də soydaşlarımızın müxtəlif birliklərinin düzənlədiyi görüşlər, dəyirmi masalar keçirilir ki, biz  bütün bunlara ev sahibliyi etməyimizdən də qürurluyuq. Buna nail olduğumuzdan çox sevincliyik və bunun məsuliyyətini də tam şəkildə dərk edib doğrultmağa çalışırıq.

Muxtariyyətimizin azermos.ru saytında tədbir, görüş, səfər və müxtəlif aksiyalarımızdan dolğun və ətraflı məlumatları əldə edə bilərsiniz. Videoformatda hazırlanıb təqdim olunan illik hesabatlarımız isə auditoriya tərəfindən xüsusi maraqla izlənilir. Belə ki, son illər ərzində dəyişikliklər həqiqətən də var, onlar düşünülmüş strategiya və gərgin iş nəticəsində nəzərəçarpacaq dərəcədə müsbətdir”.


Müsahibimiz həmçinin Rusiyada azərbaycanlılara münasibətin necə olduğuna da toxunub:

“Ölkənin mövcud qanunvericiliyi pozan istənilən şəxs milli mənsubiyyətindən asılı olmayaraq müvafiq məsuliyyətə cəlb olunur, ən azından olunmalıdır. Ksenofobiya prizmasından isə Rusiyada mənfi halların olmasını heç rəsmi dairələr belə inkar etmir, çünki bu müstəvidə nəinki azərbaycanlılara, ümumilikdə qeyri-rus millətinin nümayəndələrinə münasibət müvafiqdir. O ki qaldı azərbaycanlıların bir milli-etnik komponent kimi Rusiyadakı cəmiyyətin geniş təbəqələri tərəfindən qəbul edilib-edilməməsinə, burada da dəyişikliklər müsbətdir. Açıq demək lazımdır ki, ümumən Rusiya ictimaiyyətinin rəyi Azərbaycanın parlaq tarixi zəfərinin və nəticədə ədalətin təntənəsinin güclü təsiri altında ciddi şəkildə dəyişib. Həm hakim, həm geniş ictimai dairələrdə, məişət səviyyəsində belə erməni yalanları ifşa edilib, Ermənistanın indiki siyasəti isə onların iç üzünü ortalığa qoyub onilliklər ərzində əslində Azərbaycana qarşı işğalçılıq siyasətini apardığlarının sübutu olub. Zəfərimizdən öncəki dövrdə məğlub edilmiş bir xalq obrazının sıxıntılarını və bundan irəli gələn fəsadları özündə hərtərəfli hiss etmiş azərbaycanlılar indi Prezident-ordu-xalq ahəngliyindən doğan qələbənin daşıyıcılarıdır. Bu əməli işlərimizlə, quruculuq fəaliyyətimizlə yanaşı, bizim hər birimizə subyektiv münasibəti dəyişdirən ən təsirli amillərdən oldu. Bunun bağlı qapılar arxasındakı dərinliklərindən gələn siyasi sifarişlə əlaqələndirsək belə, bu işdə yenə də Azərbaycanın tarixi qələbəsinin müstəsna rol oynaması faktı danılmazdır.

Əsas məsələ isə bu durumu adımıza və mədəniyyətimizə, tarixi vətənimizin yüksək statusuna layiq olan işlərlə daimiləşdirək, davamedici edək, daha da böyük perspektivləri təmin edək. İctimai fəaliyyətin hərtərəfli aspektləri ilə aktiv şəkildə məşğul olan bir komandanın lideri kimi deyə bilərəm ki, bu olduqca məsuliyyətli və şərəfli bir missiyadır”.  

B.Həsənov Rusiyada rəhbər vəzifələrdə çalışan soydaşlarımıza gəlincə, deyib ki, əsas məsələ onlarla kordinasiyanın olmasıdır.

“Rusiyanın müxtəlif regionlarında ayrı-ayrı dövlət vəzifələrində çalışan soydaşlarımız, əlbəttə ki, var. Lakin nə onların sayı, nə onların vəzifələrinin yüksəkliyi qaneedici ola bilmədiyindən bu sual öz aktuallığını qoruyub saxlamaqdadır. Bildiyiniz kimi, şəxsləri müvafiq vəzifələrə, xüsusilə də rəhbər vəzifələrə aidiyyatı olan və dövlət statusuna malik yüksək vəzifəli rəhbərlər təyin edir. Dövlət idarəçiliyinin bu əlamətləri və bu imkanları verən səlahiyyətlər təbii ki, bizdə yoxdur və heç ola da bilməz, çünki biz ictimai təşkilatıq. O ki qaldı yüksək vəzifələrdə çalışan soydaşlarımızın sayının artırılması məsələsinə, bir ictimai təşkilat olaraq bu istiqamətdə həm də ona görə aktiv işlər aparırıq ki, bizi görsünlər, tanısınlar, potensialımıza, səviyyəmizə, bacarığımıza bələd olsunlar, əyani şəkildə təmasda olub tam obyektiv nəticələr çıxarsınlar, düzgün fikir formalaşdırsınlar. Bu müstəvidə gənclərimizlə apardığımız fəaliyyəti önə çəkmək istərdim, çünki onların perspektivləri, qarşılarında açılan imkanlar daha çoxdur. Onların inkişafına təkan vermək, cəmiyyətə tam şəkildə bərabərhüquqlu inteqrasiyasını təmin etmək sualda qoyduğunuz məsələnin həlli istiqamətində nisbətən qısa bir zamanda çox effektiv nəticələrə gətirib çıxara bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
modern.az

1Источники