RU

Böyük layihə reallaşmaq üzrədir

Böyük

Azərbaycan prezidenti İlham Əliyev dünən Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin dövlət başçısı Si Cinpin ilə bir araya gəlib. Görüş kifayət qədər diqqətçəkən məqamlarla yadda qalır.

Öncə qeyd edim ki, rəsmi Bakı ilə Pekin arasında köklü münasibətlər var. Diplomatik münasibətlərin qurulduğu 1992-ci il aprelin 2-dən bu günə qədər isə iki ölkə arasında əməkdaşlıq çoxşaxəli şəkildə inkişaf edir.

Bu gün də Çin ilə ikitərəfli münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Münasibətlərin inkişafında xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin Çin lideri Si Cinpin ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri önəmli rol oynayır. Misal üçün, Si Cinpin İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Bundan başqa, iki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir.

2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə İlham Əliyev İkinci “Bir kəmər, bir yol” Forumunda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.

Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşün ən diqqətçəkən tərəfi isə şübhəsiz ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbuludur. Bu bəyannamə ilə iki ölkə münasibətləri strateji səviyyəyə yüksəlib.

Bəyannamənin bir sıra detalları diqqət çəkir:

Birincisi, bəyannaməyə görə, Azərbaycan daim “Vahid Çin” prinsipini və Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Əslində rəsmi Bakının bu mövqeyi təkcə Çinə xas deyil. Prinsip etibarilə Bakı bütün ölkələrin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan separatçılığı dəstəkləmədiyi kimi, belə fəaliyyətlərin də əleyhinədir. Bakının bu mövqeyi həm də Pekinin keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin 44 günlük müharibə zamanı verdiyi dəstəklə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri də pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.

İkincisi, bəyanata görə, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür.

Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir. Hətta bu layihəni mərhum prezident Heydər Əliyev öz dövründə düzgün qiymətləndirmiş və maraq göstərmişdir. H. Əliyevin strateji və perspektivli gördüyü bu layihə İlham Əliyev tərəfindən davam etdirildi. Çinlə nəqliyyat-loqistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq quran Azərbaycan bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhliz infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyantına salınan maneəsiz hərəkət prinsipi (Zəngəzur dəhlizi) məhz “Bir kəmər, bir yol” təşəbbüsünə hesablanıb.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün üç əsas xəttinin kəsişdiyi nöqtədədir. Şimal-cənub və şərq-qərb Beynəlxalq Nəqliyyat Dəhlizi məhz ölkəmizdə kəsişir. Bu kəsişmənin kilid nöqtəsi isə Zəngəzurdur. Bakının Zəngəzur dəhlizində israrlı olmasının təməl məntiqi məhz budur.

Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 88 faiz artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75 faiz artıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir.

Pekin və Bakının “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirməsi Zəngəzurdan maneəsiz keçid məsələsinin reallaşması baxımından həlledici ola bilər. Yəni Çin də bu məsələdə Bakıya dəstək verəcək və lazım gəldikdə Ermənistana təzyiq göstərəcək.

Üçüncüsü, bəyanatda qeyd olunur ki, Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak edir.

Aydın məsələdir ki, Transxəzər layihəsinin bu günə qədər icra edilməməsinin əsas səbəbi məhz Kremldir. Kreml yaxşı anlayır ki, Transxəzər layihəsi reallaşsa qazax, türkmən, özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana, buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacaq. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığını yarıbayarı endirəcək. Lakin bu məsələnin Pekin ilə Bakı arasında razılaşdırılması onu deməyə əsas verir ki, Çin Rusiyanı bu məsələdə ya kənarda saxlayıb, ya da maraqlarının qorunacağına qarant verib.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ərsəyə gələrsə, bu, Azərbaycanın Avropaya nəql edəcəyi qazın həcminin, həmçinin daşıyıcı ölkə kimi rolunun artması deməkdir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi həmçinin gələcəkdə Xəzərin dibi ilə avtomobil və qatarların hərəkətini də mümkün edə bilər. Müqayisə üçün qeyd edim ki, Türkiyə bunun bir bənzərini Avrasiya tuneli ilə reallaşdırıb. Bakı da Çin ilə birlikdə bunu icra edə bilər.

Turan RZAYEV
Politoloq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
reyting.az

1Источники