RU

İsmayılovun əsas ümidi “Qarabağ”adır: “Sabah” özü də asan rəqib deyil”

Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi

– Necə düşünürsünüz, sabiq komandanız “Qarabağ” bu il tarixində ikinci dəfə Çempionlar Liqasının qrupuna düşə biləcək? İndiki heyət həmin uğuru təkrarlamaq üçün yetərlidir?

– Yenə əsas ümidlərimiz “Qarabağ”adır. Çünki bu komandanın yetərincə keyfiyyətli futbolçuları və Avropa təcrübəsi var. Çoxu deyir ki, ilk qarşılaşacağı komanda “Qarabağ” üçün asan rəqib olacaq və təmsilçimiz həmin mərhələni asanlıqla keçəcək. Amma bunu qeyd etməliyəm ki, avrokuboklarda ilk mərhələlər həmişə çətin olur. Yeni mövsümün ilk rəsmi oyununa çıxacaqlar. Belə hallarda komandalar istər-istəməz çətinliklə üzləşirlər. Amma mən də “Qarabağ”ın ilk mərhələni adlayacağını düşünürəm, bu, məlum məsələdir. “Qarabağ”a avrokubokların yeni mövsümündə uğurlar arzulayıram. Arzu edirəm ki, tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Klublar üçün ən prestijli turnir Çempionlar Liqasıdır. “Qarabağ” yenidən qrupda oynamağa layiqdir. İnşallah, bunu bacaracaqlar.

– Ötən mövsümü uğurlu keçirən “Zirə”nin Avropa Liqasındakı şansını necə dəyərləndirirsiniz? Sizcə, avrokubok təcrübəsi daha çox olan “Şerif”i mübarizədən kənarlaşdırmaq mümkün olacaqmı?

– “Zirə” çətin rəqiblə düşüb. “Şerif”in yetərincə avrokubok təcrübəsi və yaxşı oyunçuları var. Yadımdadır, o vaxt mən “Qarabağ”da oynayanda Bakıda onlarla qolsuz bərabərə qalmış, amma səfərdə 2:1 hesabı ilə qalib gələrək “Şerif”i mübarizədən kənarlaşdırmışdıq. Düzdür, hazırkı “Şerif” həmin dövrdəki qədər keyfiyyətli deyil. Amma asan rəqib də deyil. Mən deyərdim ki, “Zirə” ilə “Şerif” bir-birinə uyğun rəqiblərdir. İnanıram ki, “Zirə” öz gücünü göstərə və istədiyi futbolu oynaya bilsə, növbəti mərhələyə adlayacaq. Çünki bunun üçün real şans var. İndiki halda şanslar bərabərdir.

– Avrokuboklarda iştirak edəcək klublarımızdan ən çətin rəqib “Sabah”ın bəxtinə düşdü. Təmsilçimiz “Makkabi”yə sürpriz yaşada bilər?

– Düzdür, ən çətin rəqib “Sabah”a düşüb. Amma “Sabah” özü də asan rəqib deyil. Avrokubok təcrübəsi az olmasına baxmayaraq, keyfiyyətli futbolçuları çoxdur. Çox yaxşı struktur qurublar, düzgün strategiyaları var. Daim inkişaf edirlər. “Sabah” rəhbərliyi bu klub üçün çox yatırım edir və gündən-günə güclənirlər. İnanıram ki, “Sabah” “Makkabi” ilə başabaş mübarizə apara biləcək.

– “Fehervar”la qarşılaşacaq “Sumqayıt”ın Konfrans Liqasında mərhələ adlamaq şansı nə qədərdir?

– “Sabah” kimi, “Sumqayıt”ın da rəqibi ilə başabaş mübarizə aparacağına inanıram. Düzdür, avrokubok matçlarında adətən təcrübə öz sözünü deyir. Amma yenə də ümidli olmaq lazımdır. Avropa çempionatında da görürük ki, artıq heç bir komanda digərinə rahatlıqla qalib gələ bilmir. Bu mənada, “Sumqayıt” da öz oyununu göstərməyi bacarsa, “Fehervar” səddini keçə bilər.

– Roman Qriqorçuk “Neftçi”nin, Kurban Berdıyev isə “Turan Tovuz”un baş məşqçisi təyin olundu. Razısınız ki, onların gəlişi çempionatdakı rəqabəti, məşqçilər arasında taktiki mübarizəni daha da gücləndirəcək?

– Əlbəttə ki, onların gəlişi çempionatın səviyyəsinə müsbət təsir edəcək. Qriqorçuk və Berdıyev təyinatları Premyer Liqada intriqanı artıracaq, liqanı azarkeşlər üçün daha maraqlı edəcək. Mən özüm də yeni mövsümün startını, adını çəkdiyiniz məşqçilərin komandalarının necə çıxış edəcəyini səbirsizliklə gözləyirəm. Əminəm ki, hər bir komanda yeni mövsümə çox ciddi hazırlaşacaq və gərgin çempionatın şahidi olacağıq.

FƏRİD

Избранный
18
futbolinfo.az

1Источники