RU

Qarabağ separatçıları İrəvanda yenidən fəallaşır - “Arsax” TV bərpa olundu...

Image

Bəhruz Quliyev: “Məqsəd əllərində oyuncağa çevirdikləri ermənilərdən sonuncu dəfə “kozır” kimi yararlanmaqdır”

Qarabağın erməni separatçıları İrəvandakı fəaliyyətlərini aktivləşdiriblər. Separatçılar bu dəfə 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra fəaliyyəti dayanan “Artsax TV”nin fəaliyyətini bərpa edirlər.

Keçmiş qondarma qurumda “ombudsman” olan Geqam Stepanyan da artıq yayılan məlumatı təsdiqləyib. O, TV-nin faəliyyətini kiçik komanda ilə davam etdirəcəyini bildirib. Televiziyanın fəaliyyətini davam etdirməsində əsas məqsədin Qarabağ ermənilərinin identikliyini saxlaması, Qarabağ ermənilərinin dialektinin qorunması olduğu vurğulanıb.

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqların intensiv getdiyi bu həssas dönəmdə separatçıların “Artsax” TV-ni bərpa etməsi və rəsmi İrəvanın buna səssiz yanaşması nə deməkdir?

“Digər tərəfdən bu təxribat Azərbaycanla Ermənistan arasında sülh sazişinin əngəllənməsinə hesablanıb” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə böölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, məqsəd sonuncu dəfə Qarabağ ermənilərindən “kozır” kimi yararlanmaqdır: “Ermənilər Qarabağdan öz istəkləri ilə köçüblər. Bu da birmənalıdır ki, bunu təşkil edənlər də Ermənistan hakimiyyəti və erməni lobbisidir. Məqsəd onsuz da indiyədək istifadə etdikləri, əllərində oyuncağa çevirdikləri ermənilərdən sonuncu dəfə “kozır” kimi yararlanmaqdır. Qarabağda yaşayan ermənilərdən istifadə edən klanlar bu illər ərzində on milyardlarla dollar “ianə” toplaya biliblər. Ora göndərilən vəsait ermənilərin sosial problemlərinin həlli üçün nəzərdə tutulsa da, separatçıların rəhbərləri və onların yaxın ətrafı tərəfindən mənimsənilib. Sonradan Ermənistanın prezidenti olacaq separatçıların liderləri Köçəryan və Sarkisyan bütün zamanlarda cah-cəlal içində yaşayıblar. Ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” separatçıların üzündəki maska, niyyət isə dünya ölkələrindən, beynəlxalq maliyyə mənbələrindən pul toplamaq olub”.

Politoloq hesab edir ki, Qarabağdan köçən ermənilər üzərindən Azərbaycana təzyiq etmək, hansısa formada ölkəmizə qarşı təhdid yolunu seçmək bəzi mərkəzlərin əlinə düşən fürsətdir: “Təbii ki, həm Ermənistandan, həm də xarici ölkələrdən gələn təhdidlər “sabun köpüyü” effektindən uzağa getmir. Azərbaycanın əlində, necə deyərlər, “daşdan keçən” faktlar var. Dövlətimiz 44 günlük müharibəni öz ərazisində separatçılara və Ermənistan ordusuna qarşı aparıb. Dinc sakinlər hərbçilərimizin hədəfi olmayıb. Mümkün qədər mülki vətəndaşların zərər çəkməməsinə çalışıb. Nəticə də bunu sübut edir. Ermənilər isə ballistik raketlərdən istifadə edərək mülki vətəndaşlarımızı qətlə yetiriblər. Həmçinin ermənilərin Qarabağdan getməməsi üçün müxtəlif tədbirlər həyata keçirib, sərhəd-keçid məntəqəsində onlarla söhbətlər aparılıb və bütün bunlar kameraların yaddaşına köçürülüb. Ermənistanda bəzi qruplar isə ötən bir il ərzində Qarabağdan köçən erməniləri etiraz aksiyalarına çıxarıblar, nümayişlərdə cərgələrin önünə düzüblər, polislərlə qarşıdurmalara sövq ediblər, bir sözlə, yenə onlardan sui-istifadə ediblər. “Qarabağ erməniləri”, necə deyərlər, “Köçəryan-Sarkisyan-erməni diasporu” üçlüyünün əlində dəyənək kimi istifadə edilib. Bu gün həmin ermənilər, demək olar ki, Ermənistanda qalmayıblar, əksəriyyəti xaricə üz tutub. Rusiyaya gedənlər daha çoxdur və bu ölkədəki bəzi erməni təşkilatları onlardan Azərbaycana qarşı istifadə etməyi hədəfləyir. Digər tərəfdən isə, “təbliğat maşını”nın işə salınması Azərbaycanla Ermənistan arasında sülh sazişinin əngəllənməsinə hesablanıb. Rəsmi İrəvan isə özünə əlavə problemlər yaratmamaq üçün seyrçi mövqeyindədir. İkili siyasət yürüdür, sülh danışıqlarında “ikinci cəbhə”nin açılmasını istəmir, çünki müqavimət göstərmək imkanı çox deyil”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
baki-xeber.com

1Источники