RU

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı” mövzusunda elmi seminar keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminara moderatorluq edən Bakı Slavyan Universitetinin Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri Əsgər Əhməd Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin 2021-ci il 3 may tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində tədbirlərə başlandığını vurğulayıb və bu tədbirlər çərçivəsində enerji təchizatı infrastrukturunun qurulması, bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı və enerji səmərəliliyinin təmin edilməsi üçün konkret layihələrin həyata keçirildiyini qeyd edib.

Sonra çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov yaşıl enerji ilə bağlı vacib məsələlərdən birinin karbon emissiyasının azaldılması olduğunu və enerji istehsal edən müəssisələrin karbon sertifikatı almasının beynəlxalq tələblərdən irəli gəldiyini bildirib. O, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq, alternativ enerji mənbələrinin işğaldan azad olunmuş ərazilərdə xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.

Ətraf mühit üzrə ekspert Tural Məhərrəmli iqlim dəyişikliyinə qarşı mübarizə və ətraf mühiti qorumaq məqsədilə yaşıl enerjinin əhəmiyyətini vurğulayaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğaldan azad edilməsindən sonra yaşıl enerji zonasına çevrilməsinin həmin bölgənin dünya üçün nümunə olacağını qeyd edib və “Azərbaycan 2030: sosial–iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəfləndiyini bildirib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.

 

Избранный
70
6
azertag.az

6Источники